2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ixracı 6,4 milyard dollar təşkil edib.
Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunun 697 milyon dolları qeyri-neft sektorunun payına düşür. Bu sektorda ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon dollar və ya 26,5 faiz artıb.
Dörd ayın qeyri-neft ixracında pambıq mahlıcı 96,4 milyon dollarla birinci olub. İkinci 64,6 milyon dollar qızıl, üçüncü 42,3 milyon dollarla pomidordur. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon dollar), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon dollar), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon dollar), xurma (31,9 milyon dollar), elektrik enerjisi (23,2 milyon dollar) və s. təşkil edir.
2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 milyon, Rusiyaya 188,5 milyon, İsveçrəyə 68,2 milyon, Gürcüstana 53,5 milyon və ABŞ-a 23 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub.
Qeyd olunan dövrdə meyvə-tərəvəz ixracı 131,5 milyon, pambıq lifi ixracı 97 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 milyon, pambıq ipliyi ixracı 15,2 milyon, kimya sənayesi məhsullarının ixracı 13,1 milyon, şəkər ixracı 13,3 milyon, bitki heyvan mənşəli piylər və yağlar ixracı 11,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,1 milyon və çay ixracı 3 milyon dollar təşkil edib.
2021-ci ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Metal Trader LTD" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Critical Fruit” və “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Caspian Geo" MMC, "Azəripək" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
