Milli Məclisdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Deputat Qüdrət Həsənquliyev iclasda çıxış edərək dövlət qulluqçularının 5 illik müddətə seçilməsilə bağlı etirazını bir daha səsləndirdi. Bu zaman Q.Həsənquliyev həmkarı Kamal Cəfərovu tənqid etdi: “Ötən iclasda “Dövlət qulluğu haqqında” qanunun müzakirəsi zamanı mən sual verdim ki, niyə onlar 5 illik müddətə fəaliyyət göstərir? Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi. Mən çox təəssüf edirəm ki, Kamal Cəfərov deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilmir. Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.
