|
Deputatdan teatr və toyla bağlı hökumətə müraciət

Deputat Qənirə Paşayeva Milli Məclisdəki çıxışında qeyd etdi ki, COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir: “Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl etməklə həyata keçiriləcək”.

Millət vəkili mədəniyyət və incəsənət nümayəndələrinin müraciətinə istinad edərək ölkədə teatrların da qapılarının açılmasını zəruri saydı: “Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”.

Deputat toyların keçirilməsinə icazə verilməsini də zəruri saydı: “Digər tərəfdən, insanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda da olsa - təqribən 100 nəfərlik - toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar”.