Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin “həlli planı”nı açıqlayıb.
Plan 3 bənddən ibarətdir:
hər iki tərəfin öz hərbi qüvvələrini sərhəddən geri çəkməsi;
sərhəddə Rusiyanı və ya Minsk qrupu həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilərin yerləşdirilməsi;
beynəlxalq müşahidə altında sərhədlərin dəqiqləşdirilməsi.
Məlumdur ki, son zamanlar Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib, imzalanan müqavilələrin də şərtlərini pozur. Artıq Ermənistanın bu cür davranışlarının səbəbi məlum olur. Paşinyanın bu açıqlamasından görünür ki, Ermənistan faktiki olaraq bölgəyə Amerika və Fransanı - NATO-nu cəlb etmək istəyir. Ekspertlərı görə, son təxribat xarakterli addımların arxasında bu məram dayanır.
Bəs Paşinyanın planına Bakının reaksiyası nə olacaq? Yaxud necə olmalıdır? Rəsmi İrəvan bununla nəyi hədəfləyib və niyə KTMT yox, məhz Qərb (NATO) qüvvələrini bölgəyə gətirməyə can atır? Ümumiyyətlə, o nə istəyir, Azərbaycanla sülh, yoxsa münaqişənin davamını?
Bunu da qeyd edək ki, məlum təklifindən bir gün qabaq Paşinyan hədələyici tonda bildirmişdi ki, əgər sərhəd böhranının yoluna qoyulmasında KTMT və Rusiyadan da bir şey çıxmasa və “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk eləməsə” o zaman Ermənistan BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət edəcək. Yəni aşkar görünür ki, Paşinyan sərhəd məsələsini böyütmək, beynəlmiləlləşdirmək və “bulanıq suda balıq tutmaq” istəyir. Odur ki, bir sual da belədir: Ermənistan BMT TŞ-yə müraciət edə bilərmi və edərsə, bunun nəticəsi nə olar?
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədinin SSRİ dövründəki xəritələrə əsasən müəyyənləşməsi gündəmə gəlib və proses davam edir: “Azərbaycan ən müasir texnologiyaların vasitəsilə artıq Ermənistanla arasında olan sərhədi konkret müəyyənləşdirib. Bizim sərhəd qoşunlarımız, bəzi yerlərdə isə hərbi hissələrimiz sərhəd xəttinin Azərbaycana məxsus hissəsində öz postlarında durublar. Ermənistan bu reallığı qəbul etmək istəmir. İərvan istənilən variantla məsələni dərinləşdirməyə, Azərbaycanı sərhəddə hərbi təxribatlara çəkməyə, Qarabağ məsələsini yenidən dirçəltməyə çalışır. Lakin bu, onda alınmır.
Birincisi, Ermənistanın bu gün hərbi gücü yoxdur. Onun Azərbaycanla üzbəüz durmaq üçün iqtisadi potensialı da yoxdur. Həmçinin bu gün Fransa və bir neçə ölkə istisna olmaqla, Ermənistanı açıq şəkildə müdafiə eləyən ölkə yoxdur. Ermənistan 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan ərazisinə iki dəfə təxribat qrupları göndərib, ara-sıra sərhəddə hərbi təxribatlar törədib və dünənki təxribat da onlardan biridir. Ermənistan rəhbərinin məsələni beynəlmiləşdirməyə çalışması, regiona kənar dövlətlərin hərbi qüvvəsini yerləşdirməyə cəhd etməsi onun Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi üçün növbəti variantlardan biridir. Məqsəd 30 il mövcud olan hərbi qarşıdurmanı, qeyri-müəyyənliyi davam etdirməkdən ibarətdir. Bu baxımdan onun Fransa və ABŞ qüvvələrini sərhəddə yerləşdirmək təklifi də regionda yeni gərginlik yaratmağa xidmət edir.
Əvvəla, hamıya məlumdur ki, Ermənistan öz sərhədini qoruya bilmir. Bu funksiyanı Rusiyanın federal sərhəd xidməti həyata keçirir. İkincisi, ABŞ-la Rusiya arasında münasibətlərin mürəkkəb olduğu bir dövrdə buraya ABŞ hərbçilərinin dəvət edilməsi regionda yeni və arzuolunmaz bir gərginliyin yaradılması arzusundan başqa bir şey deyil. Ancaq Azərbaycan bu təxribata getməyəcək. Paşinyan tərəfindən irəli sürülən həmin fikirlər Ermənistan daxili aüditoriyasının mövzusu ola bilər. Azərbaycanın bu təxribata getməsi, məsələni mürəkkəbləşdirməsi qeyri-mümkündür”.
Deputat qeyd etdi ki, Ermənistanın daxil olduğu KTMT Ermənistanın müraciətinin əsassız olduğunu bəyan edib, Ermənistan isə öz müttəfiqi Rusiyanın başının üstündən NATO-ya müraciət edib, NATO isə bu məsələyə qarışmayacağını bəyan edib:
“İndi isə Ermənistan digər böyük beynəlxalq təşkilata müraciət edəcəksə, ondan fakt istəyəcəklər. Bu zaman Ermənistan hansı faktı, hansı xəritəni ortaya qoyacaq, hansı sazişi ortaya qoyacaq? Bu barədə düşündülərmi? Onlara elə gəlir ki, vəziyyət əvvəlki kimidir və Ermənistan siyasi təxribatlarla, xaricdəki diasporun hay-küyü ilə öz istəyinə müvəqqəti də olsa nail ola biləcək. Ancaq Ermənistan axır ki, oturub ciddi şəkildə fikirləşməlidir, apardığı siyasət onun ziyanınandır, təsadüfən qazandığı dövlətçiliyi aparılan yanlış siyasət nəticəsində tarixin müəyyən dönəmində itirə bilər. Ermənistan hakimiyyətinin indiki davranışı masa arxasında danışıqlardan qaçmaqdır. Eyni zamanda burada iyunda olacaq parlament seçkiləri öncəsi siyasi gedişlər də var. Ancaq Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır və Azərbaycan öz ərazi bütövlüyünü qəti şəkildə qorumaq əzmindədir. Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını davam edəcəksə, biz tərəfdən ən sərt cavabını alacaq”.
A.Mirzəzadə əlavə etdi ki, Azərbaycanın rəsmi hakimiyyət orqanları, konkret olaraq XİN vaxtaşırı Azərbaycanın sərhəd məsələsi ilə bağlı mövqeyini ortaya qoyur: “Məsələ ilə bağlı növbəti bəyanatların da verilməsi, mövqenin bir daha ortaya qoyulması gözləniləndir. Ermənistan birdəfəlik bilməlidir ki, Azərbaycanı öz siyasi təxribatlarına qata bilməyəcək, Azərbaycanı 26 sentyabr 2020-ci ildəki dövrə qaytara bilməyəcək. Ermənistan reallığı qəbul etməlidir. Bizim mövqeyimiz beynəlxalq hüquqa uyğundur”.
