İyulun 1-dən iş və xidmət sahələrinin işçilərindən vaksinasiya sənədi tələb olunacaq
Ölkəmizdə peyvəndlər könüllü şəkildə tətbiq olunsa da, bir çoxları müxtəlif bəhanələr gətirərək vaksin olunmaqdan yayındılar. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, koronavirusdan qurtulmağın yeganə yolu ölkə əhalisinin 80 faizinin peyvənd olunmasıdır. Elə bu səbəbdən də Nazirlər Kabineti bir neçə gün öncə bir sıra qabaqlayıcı tədbirləri görməyi zəruri hesab edib.
İyulun 1-dən etibarən COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq. Artıq ölkənin müxtəlif iş sferalarında peyvəndləmə prosesinə qoşulanların sayı artıb. Bəs görəsən, media nümayəndələri yeni qərarların icrası ilə bağlı nə düşünürlər?

“APA” İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, əməkdaşlara vaksin olunmaq artıq tələb kimi qoyulub: “Yaşı 40-dan çox olan bir neçə əməkdaş özləri vaksinasiyadan keçiblər. 16 nəfər isə Mətbuat Şurası tərəfindən jurnalistlər üçün təşkil olunan vaksinasiya kampaniyası daxilində peyvənd olundular. Bizim vaksinasiyadan keçmək istəyən əməkdaşlarımızın sayı bundan bir neçə dəfə çoxdur. Bilirsiniz, xəstəliyi keçirən şəxslər altı ay müddətində vaksin olunmur. Pandemiya dövründə fasiləsiz işlədiyimizə görə demək olar ki, əksər əməkdaşlarımız xəstəliyi keçiriblər. Altı ay müddəti tamam olmadığına görə onlar peyvənd oluna bilmirlər. ”COVİD pasportu" tələb olunmamışdan əvvəl də bizim əməkdaşlara tövsiyəmiz var idi ki, mütləq peyvənd olunsunlar. Çünki əməkdaşlarımız müxtəlif tədbirlərə gedirlər, fasiləsiz rejimdə işləyir, mütəmadi olaraq ezamiyyətdədirlər. Düzdür, ölkədə vaksinləşmə könüllüdür, amma bizdə əməkdaşların peyvənd olunması bir tələbdir. Görünən odur ki, bu pasport olmadan bir çox yerlərə giriş olmayacaq. Ona görə də əməkdaşlarımız mütləq bundan keçməlidirlər. Bu artıq əməkdaşlara bildirilib".

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal deyib ki, əməkdaşlarının təqribən 30 faizi artıq Mətbuat Şurasının dəstəyi ilə vaksin olunub: “”COVİD pasport"u alanlar da var. Amma digər problem ondan ibarətdir ki, əməkdaşların demək olar ki, yarısı koronavirusa yoluxub. Onların da vaksin olunması üçün ən azı altı ay keçməlidir. Bu müddət keçmədiyi üçün vaksin olunmayıblar. Amma hamımız son nəfərə kimi vaksin olunacağıq. Çünki bunun başqa yolu yoxdur. Mən ilk gündən vaksinasiyanın məcburi qaydada həyata keçirilməsinin tərəfdarı olmuşam. Çünki bunu könüllülük prinsipi ilə edəndə insanlar buna getmirlər. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə bu yöndə yanlış müzakirələr gedir. İnsanlar bu vaksinlərin hansısa dırnaqarası məqsədlər üçün vurulduğunu güman edirlər. Burada hansısa oyunların aparıldığını düşünürlər. Bunların hamısı absurddur. Normal həyata qayıtmaq üçün biz vaksin olunmalıyıq" . A.Camalqızı qeyd edib ki, vaksinyasiya ölkə əhalisinin ən azı 80-90 faizini əhatə etməlidir ki, rahat şəkildə öz həyatımıza davam edək.

Oxu.az saytının baş redaktoru Fuad Hüseynəliyev də deyib ki, rəhbərlik etdiyi saytda vaksinasiya prosesi başlanıb: "Bir neçə əməkdaşımız peyvənd olunub. Vaksinasiya prosesinə münasibətim müsbətdir və bunu hələ davam etdiririk. O ki qaldı Nazirlər Kabinetinin yeni qərarına, fikrimcə, maska tələbinin ləğvi təqdirəlayiq bir addımdır. Çünki yay aylarında maska ilə gəzmək çətin olurdu. Bütün bunlar nəzərə alınaraq qərar qəbul olunub. Həm də yoluxma sayı kəskin azalıb. Əsas da test olunanların sayı faiz nisbəti ilə çox aşağıdır. Bu da müsbət göstəricidir. İndi ümid edirik ki, vaksinasiya daha da sürətləndikcə bu bəladan canımızı birdəfəlik qurtaracağıq".

“Qafqazinfo.az” saytının isə əksər əməkdaşı vaksin olunub. Saytın redaktoru Günel Əbilova deyib ki, Mətbuat Şurası vaksinasiya ilə bağlı kampaniyaya başlayanda ilk iştirak edənlərdən olublar: “Redaksiyanın demək olar ki, 90 faizi peyvənd olunub. Sadəcə qalan əməkdaşların bəziləri koronavirusa yoluxub sağalıblar, altı ay müddəti hələ bitməyib. Bu səbəbdən də onlar növbələrini gözləyirlər”.

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə “Yeni Müsavat”a qeyd edib ki, bu günədək orta hesabla 600-ə yaxın jurnalist vaksin olunub: "Onlar da hamısı özünü rahat hiss edirlər. Vaksin olunan jurnalistlər orta hesabla 60-a yaxın redaksiyanın əməkdaşlarıdır. Növbəti vaksinasiya mayın 31-də olacaq. Orada jurnalistlər həm təkrar, həm də birinci doza vaksin alacaqlar. Bundan əlavə, 40-dan çox jurnalist vaksin olunmaq üçün qeydiyyatdan keçib. Hazırda proses davam edir".
