Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası ilə balı qanun layihəsinin müzakirəsi davam etdirilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişil müzakirələrdə çıxış edərkən bilirib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi-siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal və milli iqtisadiyyatda gedən proseslərin, COVİD-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub: “2020-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olunmuşdur. Bu qələbə uzun illər ərzində ardıcıl olaraq, boyük işgüzarlıq, peşəkarlıq və ən əsası, milli birlik hesabına Azərbaycanın bütün resurslarının bir dəmir yumruq kimi birləşib düşmənlərmizi məğlub etməsilə mümkün olmuşdur. Bu qələbə indiyə qədər görülən və və indidən sonra görüləcək işlərin ən böyüyüdür”.
T.Mirkişili daha sonra bildirib: “2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 milyon manat proqnoza qarşı 24681,7 milyon manat təşkil edib. Proqnozla müqayisədə 557,7 milyon manat və ya 2,3 faiz cox icra olunub. 2020-ci il dövlət büdcəsinin xərcləri 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat və ya 96.1% az icra edilib. Bununla yanaşı qeyd etmək lazımdır ki, funksional təsnifatın bölmələri üzrə xərclərinin icrasını təhlili göstərir ki, bır sıra xərclərin 99,1% qədər icrasına nail olunub.
Eyni zamanda, qeyd etməliyəm ki, büdcə gəlirləri üzrə vergi və gömrük orqanları üzrə 2020-ci ilin proqnozlarının ümumilikdə artıqlaması ilə yerinə yetirilməsinə baxmayaraq bəzi tədiyyə növləri üzrə proqnozlar kəsirlə icra olunub. Pandandemiya səbəbindən iqtisadi aktivliyin və əhalinin hərəkətinin məhdudlaşdırılması, eləcə də sosial ünsiyyətin məsafədən və təmassız qaydalarla həyata keçirilməsinin təşviq olunması nağdsız ödənişlərin həcminin əhəmiyyətli artımı ilə nəticələnib, bu da təbii ki, vergilərin bəyan olunması və yığılması prosesinə müsbət töhvələr verib”.
T.Mirkişili qeyd edib ki, 2020-ci il ərzində POS-terminallar vasitəsilə ölkədaxili nağdsız ödənişlərin həcmi 2172,0 mln. manat, elektron ticarət vasitəsilə ölkədaxili əməliyyatların həcmi isə 3670,0 mln. manat təşkil etməklə 2019-cu illə müqayisədə müvafiq olaraq POS-terminallar üzrə 62,9%, elektron ticarət üzrə 25,0% artıb: “Amma eyni zamanda fiziki və hüquqi şəxslər tərəfindən nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaitlərinin 2020-ci ildə təqribən 4,0 mlrd. manat həcmində olması və bu rəqəmin 2020-ci ilin proqnozundan isə 17,6% çox olması bu sahədə görüləcək işlərin hələ çox olmasını deməyə əsas verir”.
Komitə sədri bildirdi ki, sosialyönümlü xərclərin 2020-ci il dövlət büdcəsində icrası xərclərin 36,5 faizi və ya 9654,2 milyon manat həcmində olub: “Ümumiyyətlə, son 5 ildə sosialyönlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi natural ifadədə 3.5 mlrd manat və ya 1,6 dəfə artmışdır. 2020-ci ildə dövlət büdcəsindən 1.7 milyard manatlıq səhiyyə xərclərinin icrası təmin olunmuşdur. İcbari Tibbi Sığortanın fəaliyyətini təmin etmək məqsədilə dövlət büdcəsindən 950 mln manat vəsaitin icrası təmin edilmişdir. Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün 2 milyard manata yaxın vəsaitin icrası təmin olunmuşdur. Bu vəsaitdən sahibkarların dəstəkləməsi üçün 460 milyon, əhaliyə birdəfəlik ödəniş üçün isə 450 milyon manat icra edilmişdir”.
T.Mirkişili dedi ki, xarici və daxili dövlət borclanmaları üzrə icra vəziyyəti müəyyən edilmiş limiti keçməyib: “Bütövlükdə, Azərbaycanın xarici dövlət borcu 8821,5 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ÜDM-in 20,7 faizini təşkil etmişdir. 2020-ci ilin dövlət büdcəsində 1 734,6 milyon manat məbləğində kəsir (defisit) yaranmışdır ki, bu da proqnoza nisbətən 1 633,6 milyon manat və ya 2 dəfəyə yaxın azdır. Kəsirin maliyyələşməsində büdcə zərfində təqdim edilmiş mənbələrdən istifadə edilmişdir”.
