|
Samir Şərifov: “2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb”

“Ötən ilin əvvəlindən başlayaraq Azərbaycan iqtisadiyyatı şokla üzləşib. Bu, Ümumi Daxili Məhsulun azalmasına təsir göstərib”.

Bu fikri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır”,-deyə maliyyə naziri əlavə edib.

S.Şərifov qeyd edib ki, bu məqamlar iqtisadiyyata mənfi təsir göstərib: “Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.

Nazir bildirib ki, koronavirus pandemiyasına, 44 günlük müharibəyə, qlobal iqtisadi böhrana, neftə tələbatın və onun qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də apardığı uzaqgörən siyasət və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub-saxlanıb: “Hesabat ilində götürülmüş sosial və iqtisadi öhdəliklər yerinə yetirilib. Pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılmasına nail olunub. Operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi qorunub”.

Məcburi köçkünlərin tezliklə öz doğma məskənlərinə dönməsi üçün işlərin davam etdirildiyini deyən S.Şərifov ötən il hərbi qulluqçulara 485 mənzil verildiyini bildirib.