|
Əhalinin maskasız gəzmək və “COVİD pasportu” əndişəsi...

Vətəndaşlar COVİD-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər

Dünyada koronavirusla mübarizə davam etdirilir, yoluxma sayı azalır. Amma virusa tam qalib gəlmək hələ ki mümkün deyil. Dünyada 168 528 040 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 3 499 712 xəstə ölüb, 150 052 550 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (33 947 189 nəfər), Hindistan (27 157 795 nəfər), Braziliya (16 195 981 nəfər), Fransa (5 609 050 nəfər) və Türkiyədir (5 203 385 nəfər).

Bu arada Braziliyada alimlər SARS-CoV-2 koronavirusunun yeni variantını tapıblar.

Mənşəyi məlum olmayan yeni tapılan “P4" variantının adi virusdan daha yoluxucu və ya təhlükəli olmasını müəyyənləşdirmək hələ mümkün deyil.

Azərbaycanda isə epidemioloji vəziyyət qənaətbəxş hesab edilir.  Koronavirusa yoluxan 332 894 nəfərin 4 877-si ölüb, 321 677 xəstə sağalıb.  Ölkəmizdə virusa  yoluxanların sayı azalır, getdikcə məhdudiyyətlər aradan qalxır. Amma idman zalları və sağlamlıq mərkəzlərinə, toylara getmək üçün “COVİD pasportu” tələb olunur. İnsanların ən çox ünvanladığı, “koronadan sağalmasının 6 ayı tamam olmayan şəxslər nə etməlidir” - sualıdır. Digər tərəfdən, maska qadağasının ləğv olunması bir çoxlarının sevincinə səbəb olsa da, bəziləri bu qərardan  narahatlıq keçirir, yenidən yoluxmanın artacağından ehtiyar edir...

Bizimlə söhbətdə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış “COVİD pasportu” ilə bağlı insanları narahat edən  suala  cavab verib: “Koronovirusa yoluxmuş  şəxslərə ”İmmun pasport" verilir. Bu sənəd “COVİD pasport” adlanır. O, iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsilə çıxışı var. Eyni zamanda icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet sertifikatı COVİD-19 pasportu kimi hesab olunur".

Tənqidlərə açığıq" - TƏBİB rəsmisi

Elnarə Baxış

Qeyd edək ki, sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib. Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir".

“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVİD-19 vaksin sertifikatı” və ya “COVİD-19 immunitet sertifikatı” seçimləri əks olunur: “Əgər vətəndaş vaksin olunubsa, ”COVİD-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVİD-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVİD-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVİD-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsilə yoxlanılması da mümkündür. Vətəndaşlar COVİD-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər".

Həkim olmağın qüruru - Həkim-terapevt Məlahət Hümmətqızı yazır

 Məlahət Hümmətqızı 

Həkim-ekspert Məlahət Hümmətqızı isə  insanların maska ilə bağlı narahatlığına öz sosial media hesabında münasibət bildirib. “Düzünü desəm, Azərbaycanda açıq havada  maska tələbinin ləğv edilməsi xəbərini eşidəndə əksər insanların üzündə təbəssüm, şən əhval-ruhiyyə görmədim. Hamı bir-birinin üzünə şübhə, qorxu, həyəcanla baxır. Əksəriyyət, ”görəsən, maskasız gəzsək, virusa yoluxmarıq ki" sualını verir. Elə bil hamı artıq qadağalara öyrəşib.

Fikrimcə, maska hələ insanlar üçün uzun müddət həyat tərzinə çevriləcək. Bunun nəyi pisdir ki? Maska sağlamlığımızı qoruyur. Payız və qış aylarında tənəffüs yollarını soyuqdan, viruslardan qoruyur. Yazda isə bir çox ağacların tozlanması astma və allergiyası olanlara pis təsir etdiyindən, az da olsa qarşısını ala bilir. Bununla belə, bu günə qədər  “sağlamlığımızı qorumaq üçün açıq havada maska taxmalıyıq” - deyirdiksə, artıq  “sağlamlığınızı qorumaq üçün açıq havada  maskanı çıxarın, havanı ciyərlərinizə bol- bol çəkin” - deyəcəyik. Amma görəsən, bundan sonra insanlar həkimlərə şübhə ilə baxmayacaqlarmı?  Bizə qarşı inamları itməyəcək ki? Bu dəfə də sualların cavabını  “vaksin”ləmi əlaqələndirəcəyik? Axı bütün həkimlərimiz, hörmətli infeksionistlərimiz lap ilk başdan pandemiyanın ağır vaxtlarında açıq havada və tək gəzərkən “maska taxılmamalıdır” deməmişdilərmi? Hər zaman vurğulayırdıq, maskanı yalnız xəstə insanlar taxmalıdır ki, asqırarkən və öskürərkən yanındakı insanı yoluxdurmasın.

Maskasız olan şəxs xəstədirsə, minimum 60 nəfəri koronavirusa yoluxdura  bilər - Deputat

Son zamanlar isə insanların ürəyində o qədər qorxu, həyəcan, ölüm xofu əmələ gəlib ki, inanmıram tez bir zamanda maskadan ayrıla bilələr. Ətrafda bəzən eşidirik, “evdə maskasız gəzmirəm, gecə yatanda da maska taxıram.  Ailə üzvlərimdən  qorunuram, çölə çıxıb, gəlirlər axı”. Amma 24 saat maska ilə gəzən insanlar heç bilirlərmi bunun orqanizmdə nə kimi fəsadları ola bilər?!

Mən bir həkim kimi qadağaların əleyhinə deyiləm. Bu gün biz əsasən maskadan istifadə etdiyimiz üçün koronovirusla mübarizədə uğurlar əldə etmişik. Yoluxma sayı azalıb. Eyni zamanda ölkəmizdə uğurla aparılan vaksinasiya, sosial məsafənin saxlanması kimi qabaqlayıcı tədbirlər  xəstələr arasında ağırlaşmaların azalmasına səbəb olub. Düzdür, xəstəlik var, amma azalıb, yüngülləşib, ölüm sayları çox azalıb. Bunu  COVİD xəstələrini müalicə edən bir həkim kimi söyləyirəm. Gəlin əl-ələ verək, birləşək, dövlətimizə kömək edək. Əvvəlki həyat tərzinə qayıtmaq üçün kiçikdən böyüyə kimi vaksinasiyaya gedək, peyvənd olunaq. Yenə də sosial məsafə saxlayaq, gigiyena qaydalarına riayət edək. Sağlamlığımızın yeganə yolu budur".