|
Kontakt Home: “Şəhid və qazi ailələrinin adından sui-istifadə edərək "qara piar" aparmaq ayıbdır”-

“Kontakt Home” şirkəti şəhid haqqında edilən paylaşımla bağlı yaranan və bir neçə gündür müzakirə olunan mövzu ilə bağlı mətbuat konfransı keçirib. Şirkət iddialara cavab verib.

Musavat.com xəbər verir ki, şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova konfransın məqsədi haqda məlumat verən zaman deyib ki, 20 ildir fəaliyyət göstərən şirkət tərəfindən ilk dəfədir təcili şəkildə mətbuat konfransı keçirilir.

Şirkət rəsmisi bildirib ki, belə bir həssas məsələdə "Kontakt Home"un adının hallandırılması qəbuledilməzdir.

Əvvəlcə qısa olaraq xatırladaq ki, bloqer Kamil Zeynallı paylaşım edərək, şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəsti üçün ödəniş edilməməsinə görə “Kontakt Home” tərəfindən zorla geri götürüldüyünü demişdi.

Şirkət nümayəndəsi Vəfa Rüstəmova qeyd edib ki, bəzi şəxslər tərəfindən bu cür həssas məsələ məqsədli şəkildə birtərəfli olaraq tirajlanır. Həmin şəxslərin məqsədi bu məsələdən özlərinə reytinq toplamaq, həm də şirkətin nüfuzuna zərbə vurmaqdır. Şəhid və qazi ailələrinin adından sui-istifadə edərək "qara piar"aparmaq ayıbdır.

V.Rüstəmova şəhidimizin ailəsi daxilində baş verən hadisənin bu şəkildə müzakirəyə çıxarılmasına görə məyus olduqlarını da qeyd edib:

"Baş verənləri qısa olaraq əvvəldən qeyd edim. Amma onu mütləq şəkildə vurğulayım ki, məqsədimiz kimisə ittiham etmək deyil. Sadəcə, cəmiyyətin həqiqəti bilməsini istəyirik. Sözügedən məhsul şəhidimizin qaynanası Azadə xanım tərəfindən 2019-cu ildə kreditlə alınıb. 2020-ci ilin yay aylarında qızı gəlin köçərkən ona hədiyyə edilib. 2020-ci ilin dekabr ayında kredit ödənişi ilə bağlı hər hansı çətinliyi olmamasına rəğmən bizə özü şəxsən müraciət edərək aldığı məhsulun geri qaytarılmasını istəyib. 2020-ci ilin dekabr ayının 31-də Azadə xanımın müraciətindən sonra əməkdaşlarımız onun şəhid qayınanası olduğunu öyrənib və mebelin qaytarılmaması və borcun silinməsi təklif olunub. Bu danışıqlar 2021-ci il yanvar ayının 8-nə qədər davam edib. Həmin ərəfədə bir neçə dəfə məhsul qalmaq şərti ilə, borcun silinməsi təklif edilib. Lakin məhsul sahibinin israrlı istəyi, şəhidimizin anasının razılığı və bütün tərəflərin iştirakı ilə mebel evdən götürülüb. Yanvar ayında baş verən bu hadisədən 5 ay ötür və video yayımlanana qədər bu mövzu ilə bağlı şirkətimizə heç bir müraciət daxil olmayıb. Sözügedən mebel indi də anbarda saxlanılır və məhsul sahibinin istəyi ilə istənilən yerə çatdırıla bilər.

Şirkət olaraq Vətən müharibəsi ərəfəsində gördüyümüz işlərlə bağlı bir azdan ətraflı danışacağam. Amma bu qədər işlər qarşısında şəhidimizə məxsus olan, onun ətri olan çarpayının zorla götürəcəyimizi necə düşünmək və dilə gətirmək olar?

Haqqında danışdığımız məsələ çox həssasdır. Bir tərəfdə şəhidimizin anası, digər tərəfdə də şəhidimizin xanımı və qayınanası var. Əgər onların istəyi ilə mebel götürülməsə, onlar da narazı qala bilərdilər".

photo_2021-05-27_10-46-54.jpg (75 KB)

V.Rüstəmova şəhid anasından israrla ölüm kağızı istənilməsi məsələsinə də aydınlıq gətirib: "Burada söhbət ölüm kağızından getmir. Yenə də məsələ yalnış şəkildə təqdim olunur. Sadəcə, mebeli qaytarmaq istəyən zaman şəhidimizin qayınanasından qızı ilə şəhidin qohum, evli olmasını sübut edən nikah şəhadətnaməsi istənilib. Məqsəd şirkətimiz tərəfindən həmin sənədə əsasən mebeli götürməmək və borcu silmək olub. Lakin məhsul sahibi bununla razılaşmayıb və məhsulun geri qaytarılmasında israr edib".

Şirkətin hüquq departamentinin rəhbəri Vurğun Quliyev isə qeyd edib ki, bu cür mövzularda qərəzli və məqsədli şəkildə yalan məlumatlar yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

"Bizim əlimizdə rəsmi sənədlər və faktlar var. Lakin hamısını açıqlaya bilmirik. Əgər şirkətimizlə bağlı bu cür məlumat yayırlarsa, ortaya faktlar qoymalıdırlar. Populist çıxışlarla bu məsələni gündəmə gətirmək, özlərinə xal qazanmaq istəyənlərlə bağlı da hüquq çərçivəsində tədbirlər görəcəyik".

Suallara cavab zamanı Vəfa Rüstəmova bu hadisədən sonra şirkətin satışında azalma olub-olmamasına da münasibət bildirib: "Bildiyim qədər heç bir azalma yoxdur. Bəzi şəxslər sosial şəbəkələrdə məlumat və fikirlər yayırlar ki, şirkət bunu şəhidin borcuna görə edib və guya onlar da bu pulu ödəyəcəklər. Burada da yanlışlıq var. Çünki məhsul borca görə yox, məhsul sahibi olan Azadə xanımın istəyi ilə götürülüb. Həmçinin qeyd edim ki, şəhid qayınanasının kreditlə alınan həmin mebele görə ödədiyi məbləğ də qaytarılıb. Bu hadisə baş vermədən əvvəl şəhidimizin atasının şirkətə bir məhsula görə olan borcu da silinib. Həmçinin şəhidimizin bacısının birinci dərəcəli qohum olmasa da şirkətimiz fərdi şəkildə onun məsələsinə baxıb və kredit borcunu silib".

Sonda Vəfa Rüstəmova bəzi sosial şəbəkələrdə və media qurumlarında şirkət rəsmilərinin şəhid ailəsi ilə kobud davranması haqda yazılanlara da münasibət bildirib:

"Təəssüf ki, bu cür söhbətlər sosial şəbələrdə sürətlə tirajlanır. Əksinə, ehtiram və hörmət əlaməti olaraq şəhid anasının evinə şirkətimizin nümayəndəsi şəxsən gedib. Onu ofisə dəvət etmişik. Söhbətimiz zamanı bizdən heç bir narazılığının olmadığını deyib. Lakin tam fərqli şəkildə ictimailəşdirilib. Şəhid ailəsinin evini ziyarət etmək bizim üçün şərəfdir".

Mətbuat konfransının yekununda şirkət rəsmiləri bu günə qədər Vətən Müharibəsi ərəfəsində görülən işlərlə bağlı aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırıblar:

- II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına çatmamış övladı) şirkətə olan kredit borcunu ləğv edib;
- Bu müharibə nəticəsində əmək qabiliyyətini itirmiş qazilərin, eyni zamanda onların ailə üzvlərinin borclarını silib;

1) Əlillik dərəcəsi II qrup olan müharibə iştirakçılarının borcu tam bağışlanıb;

2) Əlillik dərəcəsi I qrup olan müharibə iştirakçılarının özü ilə bərabər, ailə üzvlərinin də (ana, ata, həyat yoldaşı və 18 yaşına (ali təhsil alırsa, 23 yaşına çatmamış övladı) borcu bağışlanıb;

Qeyd edək ki, 25.05.2021 tarixinədək şəhid və qazi ailələrinin ümumilikdə 193 307 manat məbləğində borcu şirkət tərəfindən silinib. Müraciətlər əsasında borcların silinməsi bu gün də davam edir.

- Hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərin və onların ailə üzvlərinin bütün səfərbərlik müddətindəki kredit ödənişlərini dondurub;

- Hərbi əməliyyatlar dövründə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat məbləğində maddi yardım edib;

- Səfərbərliklə bağlı hərbə yollanan 97 nəfər “Kontakt Home” əməkdaşının ailəsinə ümumilikdə 50 000 manat məbləğində yardım edib, hərbə yollanan əməkdaşların əmək haqlarını olduğu kimi saxlayıb;

- Şəbəkənin döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin azyaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb. Bundan başqa, ailəsinə 25 000 manat məbləğində birdəfəlik maddi yardım edib;

- “Vətən” müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın övladlarının təhsili üçün onun hər iki övladına ümumilikdə 20000 manat məbləğində maddi yardım edib; eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərində istifadə üçün onlara elektronika əşyaları hədiyyə edib.

- “Aprel döyüşləri”ndə və ötənilki “Tovuz döyüşləri”ndə Vətən uğrunda canlarından keçmiş şəhidlərin övladlarına onlayn dərslərdə istifadə üçün noutbuklar hədiyyə edib;

- Müharibə dövründə öz mağazalarında cəbhəyə pay üçün toplama məntəqələri yaradıb və “166 Yükdaşıma və Logistika” şirkəti ilə birlikdə həmin yardımları ön cəbhəyə çatdırmağa kömək olub;

- Hazırda Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan tarixi-mədəni irs abidələrinin bərpa proqramı üzərində çalışır.

- Bütün bunlarla bərabər şəbəkə rəhbərliyi və şirkət əməkdaşları indiyə kimi 100-lərlə ailəyə həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar həyata keçirib.