|
ABŞ-ın Azərbaycanla münasibətlərdə önəm verdiyi iki məsələ - ekspertlərdən açıqlama

Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 30-cu ili münasibətilə müxtəlif dövlətlərin başçılarından ölkə prezidentinin ünvanına təbriklər gəlməsi davam edir. Bu təbriklər arasında dünyanın ən böyük gücü olan ABŞ-ın prezidenti Co Baydenin göndərdiyi təbrik xüsusilə diqqət çəkir. Azərbaycan cəmiyyəti məktubda yazılanları müxtəlif məqamlardan şərh və müzakirə etməkdədir.

ABŞ prezidentinin məktubunda xüsusi önəm verilən iki məsələ diqqəti cəlb edir. Bunlardan birincisi, ABŞ-la Azəbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, ikincisi isə regional təhlükəsizlik, daha dəqiqi, Əfqanıstandakı antiterror əməliyyatlarına Azərbaycanın verdiyi dəstəkdir: “Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.

Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq".

Göründüyü kimi, Bayden və ABŞ bu ilin yanvarında Türkmənistanla Azərbaycan arasında mübahisəli olan, indi isə “Dostluq” adlandırılan karbohudrogen yatağının birgə işlənməsinə dair tərəflərin imzaladığı müqaviləyə böyük önəm verir, tam dəstəyini ifafə edir. Eyni zamanda Əfqanıstanda həyata keçirilən prosesə Azərbaycanın dəstəyi xüsusi vurğulanır. Niyə ABŞ bu iki məsələdə daim Azərbaycanla əməkdaşlığa önəm verir? Türkmənistanla imzalanan müqavilə Vaşinqtonun hansı maraqlarına cavab verir ki, ona tam dəstəyini ifadə edir?

Elşad Məmmədov

Elşad Məmmədov: “Azərbaycan beynəlxalq güclərin regional maraqlarından öz mənafeləri üçün istifadə etməlidir”

Sualı cavablandıran iqtisadçı-alim, UNEC-in professoru Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, ABŞ prezidentinin Azərbaycanın dövlət rəhbərinə məktubunda  enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə ölkəmizə təşəkkür etməsi, Türkmənistanla imzalanan müqaviləni dəstəkləməsi təsadüfi deyil: “30 ildir Azərbaycan müstəqil dövlətdir. Bu müddətdə biz açıq görürük ki, ölkəmizin Qərb dairələri üçün əsas önəmi enerji təhlükəsizliyi - söhbət, əlbəttə, Avropadan gedir, - ilə bağlıdır. Və bu da təsadüfi deyil, çünki hər nə qədər Avropa və ABŞ qoca qitənin enerji təchizatının şaxələndirilməsi üçün çalışsa da, bu sahədə ciddi dəyişikliyin baş verdiyini söyləmək hələ çox tezdir. Tam fərqli, bu gün Avropanın neft-qaz təchizatında idxaldan asılılıq daha da artıb. Neft təchizatında idxalın payı 90 faiz, qaz təchizatında isə 80 faizdən yuxarıdır. Bu təchizatın mühüm bir hissəsi Rusiyadan idxalın payına düşür. Rusiyanın Avropanın enerji balansındakı rolu kritik həddə çatıb. Avropa Birliyinin qaz idxalında Rusiyanın xüsusi çəkisi 50 faizə yaxınlaşmaqdadır. Bu isə Moskvanı Avropaya diqtə edəcək mövqeyə çıxarır. Belə bir şəraitdə Azərbaycanın Avropa üçün enerji təminatında rolunu artırır”.

Ekspert bildirir ki, Avropanın enerji təhlükəsizliyi ABŞ üçün çox vacib əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ardıcıl töhfə verən bir ölkə kimi ABŞ-dan daim dəstək alır: ”Burada Azərbaycanın yürütdüyü uğurlu siyasəti də xüsusi qeyd etmək lazımdır. Avropa və ABŞ-ın iqtisadi-siyasi maraqlarından Azərbaycanın mənafeləri baxımından istifadə etməliyik. Azərbaycanın beynəlxalq güclərin geosiyasi və geoiqtisadi maraqlarının əsiri olmasına imkan vermək olmaz. Azərbaycan nə Rusiya, nə Avropa, nə də ABŞ-la münasibətlərini digər güclərin maraqlarını əsas götürməklə qurmamalıdır. Bu gün Azərbaycanla Türkmənistan arasında münasibətlərə, “Dostluq” yatağı üzrə bağlanan müqaviləyə ABŞ prezidenti belə yüksək önəm verirsə, demək, bu proses ABŞ-ın maraqlarına cavab verir. Bu ölkə böyük qaz ehtiyatlarına malik olan Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılmasına böyük maraq göstərir. Lakin bunların heç biri Azərbaycanın problemləri deyil və ölkəmiz bu problemlərə yanaşmada hansısa güclərin siyasi spekulyasiyasına uyğunlaşmamalıdır. Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması üçün çox ciddi təşəbbüs göstərib, onun reallığa çevrilməsi ilə böyük bir uğura imza atıb. Türkmənistan öz qazını bu dəhlizlə Avropaya satmaq, ABŞ da bu prosesi dəstəkləmək istəyirsə, prosesi özləri başlatmalı, özləri də irəli aparmalıdılar. Azərbaycan öz ərazisindən tranzit üçün istifadəyə şərait yarada bilər - əlbəttə, haqqı ödənməklə. Biz öz enerjidaşıyıcılarımızı özümüzə uyğun bildiyimiz xətlə uyğun bildiyimiz bazara çıxarmışıq. Kimlərsə də bizim nəql potensialımızdan istifadə etmək istəyirsə, buyursun. Amma Azərbaycan öz ərazisindən kənarda nəql infrastrukturunun yaradılmasında hər hansı formada iştirak etməməlidir. Yəni bütün bu proseslərdə yalnız və yalnız ölkəmizin milli-dövlət maraqları, təhlükəsizliyi əsas olmalıdır".

Elxan Şahinoğlu: “İşğalçıya təzyiqləri artırmalıyıq”

Elxan Şahinoğlu: “ABŞ-Azərbaycan münasibətləri həmişə strateji önəm daşıyıb”

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edir ki, Baydendən əvvəlki ABŞ prezidentləri də Azərbaycanla münasibətlərdə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa böyük önəm verirdilər: “90-cı illərdə Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan kəmərinin ərsəyə gəlməsində ABŞ-ın dəstəyi çox mühüm rol oynayıb. Elə Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin istismara verilməsində də bu dəstək daim hiss olunub. Yəni Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu ABŞ həmişə yüksək qiymətləndirib”.

Əfqanıstandakı missiyaya gəlincə, politoloq sentyabra qədər ABŞ-ın öz qoşunlarını bu ölkədən çıxaracağını xatırlatdı: “Lakin qoşunlarını çıxarsa belə, Əfqanıstanda baş verəcək proseslər ABŞ-ın daim maraqları daxilində olacaq. Əfqanıstan Azərbaycanı özünə yaxın dost və qardaş ölkə bilir. Vətən müharibəsində birmənalı olaraq Azərbaycanı dəstəkləyib. Eyni zamanda Azərbaycan da Əfqanıstanla iqtisadi-siyasi əlaqələri dərinləşdirməkdə maraqlıdır. Bu ölkədən keçməklə nəqliyyat dəhlizinin yaradılması istiqamətində Türkiyə və digər ölkələrlə birgə əməkdaşlıq formatında yaxından iştirak edirik. Bundan əlavə, mümkün olduğu qədər Əfqanıstana iqtisadi dəstək veririk. Bunları ABŞ da görür və Azərbaycanın rolunu dəyərləndirir. Bütün bu şərtlər daxilində ABŞ-Azərbaycan əməkdaşlığı həmişə strateji əhəmiyyət kəsb edib. Bundan sonra da əməkdaşlığın eyni səviyyədə davam etməsində hər iki tərəf maraqlıdır, yetər ki, ABŞ Azərbaycanın mənafelərinə toxunan addımlar atmasın”.