Milli Məclis Şuşa haqqında və “Dövlət qulluğu haqqında” qanun layihələrini ilk oxunuşda təsdiqlədi
Mayın 25-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Cari məsələlərə ayrılan vaxt ərzində çıxış edən Elman Nəsirov çıxışında deputatı olduğu Cəlilabad rayonu ilə bağlı məsələlərdən bəhs etdi. İlk olaraq fermerləri narahat edən məsələlərdən danışdı. Bildirdi ki, onlar bu il çox böyük əziyyətlə kartof yetişdiriblər, ancaq məhsulu Rusiya bazarına çatdırmaqda problemlər var: “Cəlilabadda 5400 ha ərazidə kartof əkilib və yaxşı kartof var. Amma fermerlərimiz bu məhsulu bazara çıxara bilmir. Samur gömrük postunda yüzlərlə TIR dayanıb”. E.Nəsirov Dövlət Gömrük Komitəsinə müraciətlə bu məsələ ilə bağlı operativlik göstərməyə çağırdı. Bildirdi ki, əks halda, məhsullar məhv olacaq.
E.Nəsirov Cəlilabadın kəndlərinin yol problemindən də bəhs etdi. “Təsəvvür edin ki, Cəlilabada getmək üçün 2 saat vaxt lazımdır. Amma Cəlilabaddan Cəlilabadın bəzi kəndlərinə getmək üçün də 2-2,5 saat vaxt lazımdır”, deputat bildirdi.
Komitə sədri Siyavuş Novruzov Azərbaycana qarşı fəaliyyət göstərən çevrələrdən bəhs etdi və hər kəsi belələrinə qarşı mübarizə aparmağa çağırdı.
Deputat Məlahət İbrahimqızı Azərbaycanda da ilin bir gününü “Analar günü” kimi qeyd etməklə bağlı təklif səsləndirdi. Deputat may ayının bayramlar ayı olduğunu vurğuladı. “10 may dahi lider Heydər Əliyevin doğum günü və 28 may Şərqdə ilk cümhuriyyətin yaranması günüdür”, deyən M.İbrahimqızı Analar gününün də bayramlar sırasına daxil edilməsini təklif etdi. “Azərbaycan xalqının dəyərlərində ana müqəddəs varlıqdır. Şəhid analarımız baş tacimizdi. Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlərin, həmçinin Mübariz İbrahimov, Polad Həşimov kimi şəhidlərimizin analarının qarşısında baş əyirik. Ona görə də Analar gününün təsis edilməsini təklif edirəm. Bu çox yaxşı olardı".
Deputat Razi Nurullayev bildirdi ki, bir neçə gündür onlarla vətəndaşlardan təyyarə biletlərinin çox baha olduğu barədə şikayətlər gəlir: “Az qala iki ildir ki, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir, həkimə, sanatoriyalara müalicəyə, qohum-əqrabasının yanına getmək istəyənlər var, necə getsinlər? Bizim vətəndaşlarımız, əsasən Şimali Qafqaza gedirlər. Mineralnı Vodiya uçmaq üçün AZAL-ın qiyməti 900 AZN-ə yaxındır və iyulun 10-na kimi də biletlər satılıb”. R.Nurullayev sanatoriyalardan da şikayətləndi: “Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Kasıb da gedib, Bakının kənarında zibilə batmış, antisanitar vəziyyətdə olan çirkli bir gölməçə var, orada dincəlsinlər. Bu yanaşma ədalətli deyil”.
Deputat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə həmkarının fikirləri ilə razılaşmadı. O, ölkədəki sanatoriyalarda vəziyyətin kifayət qədər qənaətbəxş olduğunu vurğuladı. Bildirdi ki, hər il Həmkarlar Təşkilatının xətt ilə 200 mindən artıq şəxs pulsuz istirahət edir, hətta Rusiyadan da Azərbaycandakı sanatoriyalara dincəlməyə gəlirlər.
İqbal Məmmədov Lerikdə torpaq islahatlarının düzgün aparılmamasından şikayətləndi və məsələnin həllini xahiş etdi.
Əli Məsimli çıxışında bildirdi ki, koronavirusun ortaya çıxartdığı problemlərlə əlaqədar olaraq keçən il 20 min 800 tələbənin təhsil haqları dövlət büdcəsindən ödənildi. Bu il də bakalavr səviyyəsində olan tələbələrin təhsil haqları dövlət tərəfindən qarşılanacaq. Deputat təklif verərək bildirdi ki, heç olmasa 5 ha-dək torpaq sahəsi olan və gəlirlərinə görə aztəminatlı ailələrdən çıxan tələbələrin də təhsil haqqının dövlət tərəfindən ödənilməsinə yol açılması yaxşı olar.
Rauf Əliyev Qarabağdakı qələbəmizdən sonra ermənilərin Azərbaycana qarşı informasiya müharibəsi apardığını vurğuladı. Bildirdi ki, bu yaxınlarda Bolqarıstanda “artsaxda ölən əsgərlərə həsr olunan” onlayn konsert keçirilib: “Biz səfirliklə danışdıq, Sofiyada televiziyada veriliş gedəcək və bizim mövqeyimiz veriləcək”. R.Əliyev dedi ki, səfirlik və diasporanın xətti ilə bu kimi təxribatların qarşısını almaq çətin olur. Ona görə də xarici ölkələrdə mədəniyyət mərkəzlərinin yaradılmasını zəruri saydı.
Sahib Alıyev Tərtər rayonu ilə bağlı danışdı. “İkinci Qarabağ savaşında əhalinin say nisbətinə görə ən çox itki verən rayonlardan birini - Tərtəri Milli Məclisdə təmsil edirəm. Dünən şəhid Qənbər Qənbərlinin torpağa tapşırılması ilə rayonumuz 60-cı şəhidini dəfn etdi” - deyə, deputat bildirdi. Deputat müharibə zamanı dağıdılmış evlərlə bağlı məsələ qaldırdı: “Hazırda bərpa edilən və ya tam dağıdılan evlər var ki, yenidən tikilənlər bunun yanında daha azdır. Dəyən zərər qiymətləndirilərkən bir çox qurumlar ədalətsizliyə və diqqətsizliyə yol veriblər. Ödəniləcək kompensasiyanı da bir çox ailələr ala bilməyiblər. Tərtər adətən ən çox qaçqın və məcburi köçkün qəbul edən rayondur. Onların bir çoxu başqa yerlərdə yaşamağa məhkum olub. Dövlətimizin bütün diqqəti azad edilmiş ərazilərdədir. Mən təklif edirəm ki, elliklə dağıdılmış evlərlə bağlı hərəkətə keçək, buna baxan bir fond yaradılsın. Həmin məsələdə də dəmir yumruq olduğumuzu sübut etməliyik”. S.Alıyevin sözlərinə görə, yaxşı olar ki, dağılmış bir sıra evlər yenidən tikilsin.
Milli Məclisin komitə sədri Zahid Oruc parlametin plenar iclasında sosial şəbəkələrdə baş verənlərdən bəhs etdi. Deputat trol ordularının informasiya məkanımızı zəbt etdiyini vurğuladı. Deputatın sözlərinə görə, informasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmazdır. Komitə sədrinin sözlərinə görə, saxta informasiya ilə müharibə üzrə yeni dövlət strategiyasına ehtiyac var.
İclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edərək bildirdi ki, belə bir qanunun qəbul edilməsi böyük tarixi hadisədir. “Bu reallığı yaradan Müzəffər Ordumuzun Ali Baş Komandanına və Müzəffər Ordumuza bir daha minnətdarlığımızı bildirərək bütün həmkarlarımı bu önəmli qanun layihəsinə səsverməyə dəvət edirəm”, Q.Paşayeva bildirdi.
Qeyd edək ki, yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.
Azay Quliyev bildirdi ki, bu qanun layihəsi ilə Qarabağda birgəyaşayışın perspektivlərini diqqətə çatdırmış oluruq: “Torpaqlarımızı işğaldan azad edən bütöv Azərbaycanın banisi kimi tarix düşən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Layihənin qəbul olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.
Milli Məclisin Şuşadan olan deputatı Tural Gəncəliyev Şuşaya Azərbaycanın mədəniyyət paytaxtı statusu verilməsi ilə bağlı danışdı: “1992-ci ildə torpaqlarımızdan qovulub etnik təmizləməyə məruz qalmışdıq. Çox şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi və ordumuzun gücü hesabına torpaqlarımıza qayıtdıq.
Şuşada dağılmış yerləri görəndə bir daha ermənilərin nə qədər amansız olduqlarının şahidi olduq. Şuşa şəhəri azad olunandan sonra Ermənistan kapitulyasiya imzalamağa məruz qalıb. Şuşa nəinki Azərbaycanın, həm də dünyanın mədəniyyət paytaxtı olacaq".
Fazil Mustafa bir sıra vacib məsələləri nəzərə almağı təklif etdi: “Şuşaya yaxın olan ərazilər Şuşaya birləşdirilməlidir. Hesab edirəm ki, belədə biz daha çevik idarəetməni tətbiq edə bilərik”. Bundan əlavə, F.Mustafa qeyd etdi ki, Tərtər rayonu ərazisinə yaxın ərazilər də bu rayona birləşdirilməlidir. Bundan sonra Xankəndi rayonu ərazisində olan bir ovuc separatçılar qalacaq ki, onlarla bağlı məsələləri həll etmək daha asan olacaq. Deputat əlavə etdi ki, Şuşa muzeylər şəhəridir: “Ancaq onun ən böyük simvolu Əhməd bəy Ağaoğludur. Şuşada onun irsi yaradılmalıdır. Biz bu şəhərə dünya brendinə çevriləcək şəhər kimi baxmalıyıq”. F.Mustafa qeyd etdi ki, Əhməd bəy Ağaoğlu kimi böyük mütəfəkkirin muzeyi yaradılarsa, Türkiyədən turist axını olar.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə dedi ki, bəlkə də Azərbaycan parlamentinin tarixində ən mühüm qanun layihəsini müzakirə edirik: “Şuşa xalqımızın ruhunun və qəlbinin paytaxtıdır”. Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı konsepsiyalar hazırlanacaq: “Hesab edirəm ki, qanun qəbul edildikdən sonra Şuşanın məskunlaşması ilə bağlı konsepsiya hazırlanmalıdır. Biz Şuşanı tüstüsüz, siqaret çəkilməyən bir şəhərə çevirməliyik. Biz Şuşanı yenidən bərpa edəcəyik və Azərbaycan xalqına, dünyaya təqdim edəcəyik”.
Deputat Erkin Qədirli isə bildirdi ki, qanun layihəsinin müqəddiməsində Prezidentin sərəncamına istinad edilməsini doğru hesab etmir. Onun sözlərinə görə, bu istinad hüquqi baxımdan düzgün deyil: “Sabah nəzəri ehtimalla sərəncam dəyişdirilə bilər. Qanun isə qalacaq. Ona görə də müqəddimədə sərəncama istinad olmamalıdır. Mədəniyyətin iki komponenti var. Biri folklordur, digəri isə kültürdür. Layihənin əsas ruhu bərpa və qoruma işlərinə yönəldilib. Bu da aydındır. Ancaq Şuşa bərpa zəminində qurulacaqsa, Şuşa mədəniyyət paytaxtı ola bilməyəcək. Muzeylər şəhəri olacaq”.
Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edildi.
Milli Məclis “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirə edərək təsdiqlədi.
İclasda “Dövlət qulluğu haqqında” qanun layihəsi də ilk oxunuşda müzakirəyə çıxarıldı. Deputat Etibar Əliyev dedi ki, dövlət qulluğunun idarəetmə orqanı olan şuranın katibliklə əvəz edilməsi labüddür: “Bir çox ekspertlər də bu şuranın fəaliyyətinin olmadığını qeyd edirdilər”. Deputat bildirdi ki, dövlət qulluğuna qəbulda universitetlərin reytinqi də əhəmiyyət kəsb etməlidir: “Məsələn, iki məzun iqtisadiyyatla bağlı eyni yerə müraciət edibsə, onlardan ən yaxşı reytinqi olan universitetin məzununu qəbul etmək daha məqsəduyğundur. Əgər imtahanlarda normativ hüquqi sənədləri bilmək tələb edilirsə, bunu necə sadələşdirmək olar. Konstitusiyaya, Əmək Məcəlləsinə və s. aid sualları asanlaşdırmaq mümkünsüzdür. İmtahan prosedurundakı bir neçə suala baxmışam. Müsahibə mərhələsində dünyagörüşü və emosional davranış yoxlanılır, amma bununla bağlı namizədlərə verilən sualların heç birinin məsələyə aidiyyəti yoxdur”.
Deputatın fikirlərinə münasibət bildirən spiker Sahibə Qafarova isə bildirdi ki, reytinq dəyişən bir məsələdir və heç bir universitetin reytinqi yerində qalmır. Müzakirələrdən sonra layihə ilk oxunuşda təsdiqləndi.
