Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı təkliflərlə çıxış edib.
O, Şuşa şəhərinin ərazisində qoruq yaradılarkən bir sıra vacib məsələləri nəzərə almağı təklif edib:
“Şuşaya yaxın olan ərazilər Şuşaya birləşdirilməlidir. Hesab edirəm ki, belə olarsa biz daha çevik idarəetməni tətbiq edə bilərik”.
Bundan əlavə, F.Mustafa qeyd edib ki, Tərtər rayonu ərazisinə yaxın ərazilər də bu rayona birləşdirilməlidir:
"Bundan sonra Xankəndi rayonu ərazisində olan bir ovuc separatçılar qalacaq ki, onlarla bağlı məsələləri həll etmək daha asan olacaq".
Deputat əlavə edib ki, Şuşa muzeylər şəhəridir: “Ancaq onun ən böyük simvolu Əhməd bəy Ağaoğludur. Şuşada onun irsi yaradılmalıdır. Biz bu şəhərə dünya brendinə çevriləcək şəhər kimi baxmalıyıq”.
F.Mustafa qeyd edib ki, Əhməd bəy Ağaoğlu kimi böyük mütəfəkkirin muzeyi yaradılarsa, Türkiyədən turist axını olar. O, həmçinin Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyevin ev muzeyinin yaradılmasını da təklif etdi.
