|
Parlamentdə YAŞAT Fondu və fermerlərlə bağlı çağırış

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Cari məsələlərə ayrılan vaxt ərzində çıxış edən deputat Anar İsgəndərov YAŞAT Fondunun fəaliyyətindən bəhs etdi. Onun sözlərinə görə, Azərbaycan tarixində ilk hadisəydi ki, YAŞAT Fondunun yaradılmasından iki həftə sonra şəhid ailələrinə, qazilərimizə ciddi dəstək göstərməyə başladı. Bu gün YAŞAT Fondunun xəttilə bütün dünyada marafon keçirildiyini deyən A.İsgəndərov dünya azərbaycanlılarının bu marafonda aktiv iştirak edəcəyinə əminliyini ifadə etdi.

Deputat Elman Nəsirov çıxışında deputatı olduğu Cəlilabad rayonu ilə bağlı məsələlərdən bəhs etdi. İlk olaraq fermerləri narahat edən məsələlərdən danışdı. Bildirdi ki, onlar bu il çox böyük əziyyətlə kartof yetişdiriblər, ancaq məhsulu Rusiya bazarına çatırmaqda problemlər var. “Cəlilabadda 5400 ha ərazidə kartof əkilib və yaxşı kartof var. Amma fermerlərimiz bu məhsulu bazara çıxara bilmir. Samur gömrük postunda yüzlərlə TIR-lar dayanıb”. E.Nəsirov Dövlət Gömrük Komitəsinə müraciətlə bu məsələ ilə bağlı operativlik göstərməyə çağırdı. Bildirdi ki, əks halda məhsullar məhv olacaq.

E.Nəsirov Cəlilabadın kəndlərinin yol problemindən də bəhs etdi. “Təsəvvür edin ki, Cəlilabada getmək üçün 2 saat vaxt lazımdır. Amma Cəlilabaddan Cəlilabadın bəzi kəndlərinə getmək üçün də 2-2,5 saat vaxt lazımdır”, deputat bildirdi.