|
Keyfiyyətsiz gün eynəkləri insanı kor edə bilər - ekspert məsləhəti

70 manatdan başlayan qiymətlər, COVİD 19-dan qoruyan gün eynəkləri - bazardan reportaj

Mövsümlə əlaqədar gün eynəklərinə tələbat artıb. Mağazalarda, ticarət mərkəzlərində, xüsusilə də səyyar şəkildə gün eynəklərinin satışı çoxalmaqdadır. Narahatlıq doğuran məqam isə əhalinin gün eynəkləri alan zaman onun keyfiyyətinə diqqət etməməsi ilə bağlıdır. Eynəyin ona yaraşması və ucuz qiymətə satılması əksər alıcılar üçün kifayət edir. Üz tutduğumuz Bakının bir neçə eynək  mağazasında bunun əyani şahidi olduq.

Məsələn, “Laçın” ticarət mərkəzində gün eynəklərinin qiyməti 3-10 manat arasında dəyişir. Bizimlə söhbətdə satıcı malların əksəriyyətinin Çindən gətirildiyini və sertifikatın olmadığını qeyd etdi: “Heç kəs bizdən keyfiyyət barədə nə isə soruşmur. Gəlirlər, ən ucuz hansıdırsa, onu da götürürlər. Əsas üzlərinə yaraşanı alırlar”.

Mağazada  alıcı çoxluğundan tərpənmək olmurdu. Amma gerçəkdən heç biri keyfiyyət barədə maraqlanmırdı. Əksəriyyət də ən ucuz eynəyi seçirdi. Alıcılardan biri ilə söhbətdə keyfiyyətə önəm verib-vermədiyini də soruşuruq. Cavab olaraq isə bildirir ki, bahalı eynək almağa imkanı yoxdur: “Neçə illərdir ki, ucuz eynəklər alırıq, şükür, heç nə olmayıb. Nə edim, ziyan olsa da, olmasa da başqa brend markalardan eynək almaq imkanımız yoxdur...”

Daha sonra bahalı, brend eynəklərin satıldığı yerlərə də yollanırıq. “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən aptekin optika bölməsində çoxlu sayda eynəklər görürük. Tək-tək alıcıların aptekə daxil olması, baha olduğuna görə eynək almaqdan imtina etməsi də gözümüzdən yayınmır. 

Beş ildir burada əczaçı kimi çalışan Aynur Zeynalova bizimlə söhbətdə qeyd edir ki, keyfiyyətli gün eynəklərinin ən ucuzu 70 manatdan başlayır: “Keyfiyyətli məhsullar bir az baha olur. Əsasən İtaliya, Fransanın mallarına üstünlük verilir. Bizə müraciət edən alıcılar, həkim göstərişi ilə  ”Polarize" eynəklərini istəyirlər. Ən yaxşı eynəklər bu firmanın eynəkləri sayılır. Günəş şüalarından daha yaxşı qoruyur. Çox keyfiyyətli eynəklərdi. Əsas odur ki, orijinal mal olsun. Bəzən olur ki, gəlib deyirlər eynək gözümə düşmədi, allergiya oldu, başım gicəlləndi. Buna görə də insanlara apteklərdən eynək almağı məsləhət görürəm".

Bəs görəsən, gün eynəyi alan zaman nələrə diqqət etməliyik, keyfiyyətli eynək hansı kriteriyalara cavab verməlidir? Eləcə də yaz-yay mövsümündə gözündə allergiyası olan şəxslər hansı eynəklərdən istifadə etməlidirlər?

Bu və digər suallarla bağlı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Humay Bayramova “Yeni Müsavat”a danışıb: “İlkin olaraq qeyd edim ki, eynəkləri apteklərin  optika bölməsindən almaq lazımdır. Küçələrdə satılan gün eynəkləri bizim gözümüzü nə dərəcədə qoruya bilər?! Eynəklərin şüşələri də müxtəlif materialdan olur. Daha keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır ki, gözümüzü günəşin ultrabənövşəyi şüalarından qoruya bilsin. Eynəyin hansı ölkəyə və ya brendə aid olması vacib deyil. Sadəcə olaraq, keyfiyyətli eynəklərin sertifikatları olur. Orada onların materialı, tərkibi haqqında məlumat yazılır. Ancaq bununla bilmək olar, həmin məhsul keyfiyyətlidir, ya yox”. 

Humay Bayramova: Görmə zəifliyi olan insanlar vaxtında həkim-oftalmoloqa  müraciət etməlidirlər - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oftalmoloq yaz-yay aylarında gözündə allergiyası olanlara da məsləhət verdi: “Yaz allergiyası müxtəlif səbəblərdən ola bilər. Yayda ağaclar çiçəkləyir, hansısa bir çiçəyə qarşı allergiya ola bilər. Eyni zamanda günə qarşı allergiya da ola bilər. Gözündə günə qarşı allergiyası olan insanlar daha keyfiyyətli, daha  tünd rəngdə olan gün eynəklərindən istifadə etməlidirlər. Bununla yanaşı, ”kepka"lardan istifadə etsinlər ki, gözün üstünə günəşin düşməsinin qarşısını alsın. Çünki belə insanlarda günəş şüası düşəndə qıcıq olur, həssas olur".

Həkim insanlara bu mövsümdə diqqətli olmağı məsləhət gördü: “Ən əsas pandemiya dövründə gözə toxunmamaq, gözü ovuşdurmamaq lazımdır. Bu çox önəmlidir. Əksəriyyət, xüsusilə də uşaqlar gözlərini çox ovxalayırlar. Kimdə allergiya var, onlar bunu daha çox edir. Bu olmamalıdır. Gözə maksimum dərəcədə az toxunmaq lazımdır”.

Həkim gün eynəklərinin koronavirusdan qoruyub-qorumaması məsələsinə də münasibət bildirib: "Ümumiyyətlə, koronavirusdan qoruyucu tədbir kimi maska və xüsusi eynəklərdən istifadə olunur. Gözün selikli qişası vasitəsilə də yoluxma mümkündür. Ona görə də istər optik eynək, istərsə də gün eynəyi müəyyən faiz qoruya bilər".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də gün eynəyi alan zaman diqqət etməli məqamları nəzərə çatdırıb: “Gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq, sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Yaxşı olar ki, eynək alarkən mütəxəssislərlə məsləhətləşin. Bilin ki, keyfiyyətsiz  eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa, göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin.

Bilin ki, eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıçıqlanmasına, iltihaba səbəb olur.

Saxta eynəklərdən necə qorunaq - həkim rəyi

Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də  eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə, küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın.

Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır. Eynək alarkən birinci növbədə onun rənginə və  çəkisinə fikir verin.  Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O, həmçinin qoruyucu xüsusiyyətə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və  onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər.

Eynəyi yüngülcə yuxarı, aşağı, sağa, sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, onda bu həmin  eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, eynək alarkən qeyd olunan məsələlərə diqqət edin".