2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlər daxilolmalar proqnozdan 140 dəfəyə yaxın çox olub.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən keçən dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 milyon 381 min manat proqnozlaşdırılsa da, daxilolmaların həcmi 332 milyon 453,4 min manat olub.
Maraqlıdır, görəsən, bu artım hansı ölkənin hesabınadır? Hansı ölkə aldığı borcunu geri qaytarmağa tələsir?
Maliyyə Nazirliyi mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, söhbət Serbiya Respublikasından gedir:
“Belə ki, ötən ildə Serbiya Respublikası müraciət edərək kredit müqaviləsində göstərilən müddətdən əvvəl krediti tam qaytarmaq niyyətində olduğunu bildirib və Azərbaycan tərəfinin razılığını almış, bununla da dövlət büdcəsinə 330,1 milyon manat əlavə vəsait daxil olub”.
Xatırladaq ki, Serbiyaya kredit 2012-ci ildə verilmişdi. Həmin ilin fevralında Serbiyanın xarici işlər naziri Vuk Yeremiç və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Serbiya ərazisində Liq-Prelina yolunun Koridor 11 sahəsinin tikintisi üçün Azərbaycanın 300 milyon avro kredit ayırması haqqında saziş imzalayıb .
İmzalanma Serbiya XİN başçısının Azərbaycana bir günlük səfəri çərçivəsində baş tutub. İmzalanmadan sonra V.Yeremiç bildirib ki, Azərbaycan hökuməti bu krediti çox əlverişli şərtlərlə ayırıb: “Biz Liq-Prelina yolunun bir sahəsini birlikdə tikəcəyik. İşlərə dərhal başlanıla bilər. Layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulur”.
Serbiyaya yol sahəsinin tikintisi üçün kredit 3 ili güzəştli dövr olmaqla 15 il müddətinə, 4 faizlə verilmişdi. Avtomagistral tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçiriləcəkdi. Layihənin baş podratçısı Azərbaycanın "AZVİRT" şirkəti idi...
