|
Deputatlardan sərhəd pozucularının dərhal məhv edilməsi çağırışı

Parlamentin iclasında şəhidlər və şəhid ailələri ilə bağlı vacib təkliflər səsləndi; hakimliyə namizədlər təsdiqləndi

Mayın 21-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Spiker öncə İtaliya səfərindən bəhs etdi. “Mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb”, - S.Qafarova bildirdi.

Parlament sədri Avropa Parlamentinin son qətnaməsinə də etirazını ifadə etdi: “Avropa Parlamentində ”hərbi əsir"lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur". S.Qafarova dedi ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib: “Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.

Deputat Fəzail Ağamalı iclasda söz alaraq Azərbaycana qarşı bəzi dairələrin apardığı kampaniya ilə bağlı ayrıca iclas keçirməyə çağırış etdi.

Deputat Musa Qasımlı isə qərəzli qətnamə ilə bağlı Avropa Parlamentinə etiraz məktubu göndərməyi zəruri saydı. Eyni zamanda deputat S.Qafarovanın İtaliya səfərini yüksək qiymətləndirdi.

“Son vaxtlar Azərbaycana qarşı müxtəlif təhdidlər var, çünki bəzi qüvvələr Azərbaycanın 44 günlük zəfərini həzm edə bilmirlər”. Bunu isə deputat Vahid Əhmədov söylədi. Millət vəkili qeyd etdi ki, bütün bunlara baxmayaraq, bütün hədəflərə çatılacaq. V.Əhmədov qeyd etdi ki, dövlət başçısı da bir gün əvvəl Zəngəzur dəhlizinin dekabrın axırınadək təhvil veriləcəyini, gələn ildə isə dəmir yolunun açılacağını bildirdi. Deputat Qaragöllə bağlı da ajiotajın heç bir mənasının olmadığını bildirdi. “Bəzi dövlətlər vəziyyəti gərginlləşdirmək istəyirlər”, deyən V.Əhmədov qeyd etdi ki, Azərbaycan prezidenti çox vacib bir açıqlama da verib. Deputat dövlət başçısının ABŞ 907-ci düzəlişi ləğv edəcəyi halda, Azərbaycanın bu ölkədən silah ala biləcəyi haqda dediklərini xatırlatdı: “Mən hesab edirəm ki, ABŞ dövləti bunu nəzərə alacaq”.

V.Əhmədov bildirdi ki, Ermənistan Azərbaycanla normal münasibət qurmaq istəyirsə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. “Fransa açıq-aydın Ermənistanı müdafiə etməklə prosesləri əksinə döndərməyə çalışır. Ancaq 10 noyabr sazişi müəyyən gecikmələr olsa da, yerinə yetirilir. Azərbaycan vaxt keçdikcə, özünün ərazi bütövlüyün tam təmin edəcək”, deputat əlavə etdi.

Deputat Fazil Mustafa rayonların birləşdirilməsini təklif etdi. “Hesab edirəm ki, bir çox rayonların bir mərkəzdə birləşdirilməsi məsələsinə indidən başlamalıyıq və bunu Bakıdan başlamalıyıq”, deyə deputat bildirdi. F.Mustafa bildirdi ki, Azərbaycanda dövlət məmurunun sayını bələdiyyə məmurunun artması hesabına azaltmalıyıq. “İdarəetmənin çevikliyi baxımından biz Qarabağda da bələdiyyə seçkilərini keçirməliyik, təbii ki, orda infrastruktur bərpa olunandan, bizim əhali geri qayıdandan sonra... Rayonlarda bələdiyyə idarəetməsinə üstünlük verməliyik.

Bu istiqamətdə struktur islahatlarının aparılması olduqca vacibdir", deputat bildirdi. F.Mustafanın sözlərinə görə, rayonların vahid mərkəzdə birləşməsinin rahatlıq baxımından onəmliyini də demək olar: “Bu da idarəetmənin çevikliyi baxımdan vacibdir. Hesab edirəm ki,  Qarabağda bələdiyyə seçkiləri keçirməliyik. Təklif edirəm ki, bu istiqamətdə struktur islahatları aparılsın”.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli növbəti dəfə əhalini narahat edən məsələdən - qiymətlərin son vaxtlar sürətlə artmasından bəhs etdi. Deputat əsas amil kimi bazar iqtisadiyyatınin tələb və təklifinin olduğunu vurğuladı. “Əhalinin gəlirləri aşağı səviyyədədir. İkinci səbəb kimi dünyada qiymətlərin artmasını göstərirlər”, deyən Ə.Məsimli sənaye məhsullarının qiymətinin digər MDB ölkələri ilə müqayisədə fantastik həddə çatdığını da diqqətə çatdırdı. Deputat süni qiymət artımında bəzi marketlərin istehsal müəssisələrindən əlavə pul aldiqlarını bildirib: “Bu zaman qiymətlər də süni artır. Qiymətlərin süni artırılması Azərbaycan ailələrinə ildə 400 milyon manatlıq zərər vurur”.

Milli Meclis

İclasda məhkəmə hakimlərinin təyinatı ilə bağlı məsələlərə də baxıldı və müsbət rəy verildi.

Deputat Sabir Rüstəmxanlı hakimlərin təyinatı ilə gündəlikdəki məsələyə münasibət bildirərkən dedi ki, dünyada cəzanın yüngülləşdirilməsi prosesi gedir. Millət vəkili ardınca həbsdə olan jurnalist həmkarımız Niyaz Niftiyevdən bəhs etdi. Bildirdi ki, uzun illər jurnalistika sahəsində çalışan N.Niftiyev “Tərəqqi” medalı alıb, prezident ona ev hədiyyə edib, kitabların müəllifidir. “Sonra gedib bələdiyyə seçkilərinə qatılıb və Binəqədidə onu bələdiyyə sədri seçiblər. Bir həftə sonra isə 214 manat rüşvət almaqla ona məhkəmə işi açıblar. Üstündən 1 il 3 ay keçir. 1 il 3 aydır məhkəmə başa çatmayıb. Ailəsi çətin vəziyyətdədir, oğlu əsgərlikdədir, xəstə anası var. Yaxşı, məhkəmə başa çatmırsa, onu niyə həbsdə saxlayırsınız? Jurnalistdir, onun keçdiyi yola hörmət etmək lazımdır”.

Milli Məclisin plenar iclasında məhkəmə hakimlərinin təyin olunması ilə bağlı müzakirələrdə çıxış edən deputat Qüdrət Həsənquliyev məhkəmə-hüquq sistemində islahatları sürətləndirməyə çağırdı. “Məhkəmə-hüquq sahəsində böyük işlər görülüb, amma bu proses dərinləşdirilməlidir”, - deyə, deputat bildirdi. Q.Həsənquliyev əlavə etdi ki, hakimlər qanunu tətbiq edən şəxslər kimi boşluqları daha yaxşı görürlər: “Ona görə onlar bu məsələdə təşəbbüslə çıxış etməlidirlər, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər”. Deputat bildirdi ki, bir sıra hallarda istintaqda təqsirləndirilən şəxslər vəkilin iştirakı olmadan dindirilir: “Bu məsələ nəhayət, həllini tapmalıdır. Həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Təqsirləndirilən şəxslər məhkəməyə qədər girov müqabilində azadlıqda ola bilər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov həkimlərin sertifikalaşdırılma ilə bağlı etirazlarına münasibət bildirdi. Xatırlatdı ki, həkimlər sertifikasiyadan 5 ildən bir keçirilir:  “İmtahandan keçmədikdə bu zaman onların fəaliyyəti dayandırılır. 6 ay müddətinə ikinci dəfə imtahan vermək şansı verilir. İlk baxışda səhiyyə işçilərinin buna qarşı gəlməsi normal qəbul olunmur. Ancaq araşdırma zamanı problemlərin olduğu ortaya çıxır. Qanuna əsasən, şəxs diplom əldə etdiyi andan fəaliyyətə başlamaq hüququ əldə edir. Ancaq qanunda sertifikasiya ilə bağlı məsələ olduğu üçün onların bu hüququnu əlindən almış oluruq”.

Daha sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə çıxış edən deputat Razi Nurullayev bildirdi ki, “Dövlət satınalmaları haqqında” qanunun 50-3.1 bəndinə əsasən satınalmalar haqqında tender elanından rəsmi dövlət qəzetləri məhrum edilir: “Düşünürəm ki, bu, onsuz da ağır durumda olan mətbuatı daha ağır duruma salmaq və əlavə qazancdan məhrum etməkdir”. Deputatın sözlərinə görə, bu, işıq gələn yerə barmaq tıxamaq kimi bir şeydir: “Əksinə, təklif edirəm ki, rəsmi dövlət qəzetləri ilə yanaşı digər qəzetlərə, o cümlədən elektron mediayaya da bu elanları yerləşdirmək hüququ verilsin”. Deputat əlavə edib ku, dünyada ənənəvi olaraq mətbuat 30 faiz öz çapından, 70 faiz reklam bazarından qazanc götürüb. Bu isə güclü bazar iqtisadiyyatı olan ölkələrdə mövcuddur:  “Bizdə isə bazar iqtisadiyyatı sadəcə kağız üzərindədir. Şirkətlər, dövlət qurumları da ya öz mətbuatına reklam verir, ya da digərlərinə özlərinə qarşı tənqidi susdurmaq üçün. Mətbuatın dördüncü hakimiyyət olması üçün onun müstəqilləşməsi və maliyyə asılılığı aradan qalxmalıdır. Qanunlara bu şəkildə düzəliş etməklə biz mətbuatı daha da ağır durumlara salırıq. Bu müddəa dəyişməzsə, əleyhinə səs verəcəyəm”.

Deputat Qüdrət Həsənquliyev də bəzi narahatlıqlarını ifadə etdi: “Bu dəyişikliklərlə beynəlxlq reytinqimiz güclənəcəksə, bu, müsbət haldır. Çünki bu həm də ölkəyə investisiya qoyulması baxımından əhəmiyyətlidir. Deputat dedi ki, Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlər var: ”Birincisi, tenderlərdə mallar istehsalçıdan deyil, vasitəçidən alınır. Həmin mallar da fərqli qiymətə rəsmiləşdirilir. Bu, hər kəsin bildiyi məsələdir və cəmiyyətdə narazılıq doğurur. İkinci problem tenderlərdə iştirakla bağlıdır: “Bəzən görürsən ki, 2 ay ərzində yaranan şirkət milyonluq tenderi udur. Məncə, bu qanunvericiklə tənzimlənməlidir. Tenderlərdə iştirak edən şirkətlər ən azı 5 il öz fəaliyyətində fəaliyyət göstərməlidir”. Millət vəkili çıxışı zamanı sual etdi: “Əsas problem hardan qaynaqlanır? Biz o məsələyə yaxınlaşmırıq. Məncə, problemin kökü buradadır. Bu iki problemin aradan qaldırılması haqqında düşünməliyik”.

Plenar iclasda İran-Azərbaycan sərhədində baş verən son hadisələrdən də bəhs olundu. Deputat Sahib Alıyev İran-Azərbaycan sərhədində baş verənlərdən bəhs etdi. Dövlət sərhədimizin Yardımlı rayonu istiqamətində iki sərhədçimizin narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan şəxslər tərəfindən qətlə yetirildiyini deyən deputat sonradan cinayətkarlardan birinin məhv edildiyini xatırlatdı. “Mən elə bilirəm ki, orada qətlə yetirilən cinayətkarla Qarabağda məhv edilən hayların arasında heç bir fərq yoxdur”.

Deputat Musa Qasımlı da bildirdi ki, Azərbaycanın dövlət sərhədini pozanlar kimliyindən asılı olmayaraq, məhv edilməlidir: “Sərhəd hər bir millətin və dövlətin namusudur, ona təcavüz edən istənilən şəxs ən sərt şəkildə cəzalanadırılmalıdır”. M.Qasımlı Yardımlı istiqamətində sərhəddə iki hərbçimizin qəhrəmanlıqla həlak olduğunu təəssüflə bildirdi. Qeyd etdi ki, Azərbaycanın sərhədini pozan şəxslər saxlanılan zaman onlar İrana ekstradisiya olunur, ancaq sonradan onlar yenidən cinayət törədirlər.

Deputat Elman Məmmədov şəhid adlarının əbədiləşdirilməsilə bağlı məhdudiyyətlərin olmasına etirazını bildirdi: “Cəmiyyətdə narazılıq yaradan hal var. Bunlardan biri Nazirlər Kabinetinin qərarı ilə şəhid olan övladlarımızın orden, təltif edilmə məsələsidir”. E.Məmmədov qeyd etdi ki, şəhidlər canını vətən uğrunda qurban verib və şəhidlik zirvəsinə ucalıb: “Şəhidlikdən yüksək zirvə yoxdur. Bu insan daha neyləməlidir ki, adına küçə olsun? Biz niyə ayrı-seçkilik etməliyik? Niyə düşünməliyik ki, bu şəhidin ordeni, təltifi olduğundan onun adına küçə vermək olar, amma digəri təltif edilmədiyinə görə, onun adına küçə vermək olmaz. Məncə, bu düzgün yanaşma deyil”. Deputat eyni zamanda bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələnlər də diqqətə alınmalıdır: “Bu məsələdə fərq qoymaq olmaz”.

E.Məmmədov şəhidlərə məmur biganəliyindən də bəhs etdi: “Mən bəzən bir sıra icra başçılarına zəng edib özüm danışmışam. Bildirmişəm ki, sizin rayonun filan kəndlərində şəhid məzarı var, heç xəbərləri yoxdur. Gedib onların məzarlarını ziyarət etməyiblər. Məzarlar da baxımsız vəziyyətdədir. Hərəsi də bir cür bəhanə gətirir. Belə münasibət dəyişməlidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva plenar iclasdakı çıxışında şəhidlərin adlarının əbədiləşdirilməsinin mühüm məsələ olduğunu bildirdi. “Kəndlərin əksər küçələrinin heç adları yoxdur. Şəhidlərin əksəriyyətinin adını yaşadıqları rayonlarda küçələrə vermək olar. Ona görə də bu mexanizmi asanlaşdırmaq lazımdır. Deyək ki, bir kənddə 5-6 şəhid var. Onların adları küçələrə verilsə, heç bir narazılıq olmaz”. Xanım deputat Nazirlər Kabinetindən xahiş etdi ki, bu məsələyə baxılması asanlaşdırılsın: “Ailələrin yeganə istəyi budur: nə olar, bizim övladlarımızın adları əbədiləşdirilsin!”

Q.Paşayeva həmçinin orden, medallarının ailələrə təqdim edilməsi məsələsinin sürətləndirilməsini vacib saydı: “Şəhidlərə verilən orden və medalların ailələrə təqdim olunması gecikib”. Deputat qeyd etdi ki, əsasən seçildiyi Tovuz rayonunun sakinləri bu problemlə bağlı müraciət edirlər: “Mən bu məsələnin həll olunmasını, Vətən Müharibəsi şəhidlərinə verilən orden və medalların şəhid ailələrinə təqdim edilməsinin tezləşdirilməsini xahiş edirəm”.