Milli Məclisin bu gün (21 may) keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Dövlət satınalmaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən narahatlıqlarını ifadə edib.
Musavat.com-un məlumatına görə deputat bildirib ki, bu dəyişikliklərlə beynəlxalq reytinqimiz güclənəcəksə, bu, müsbət haldır: “Çünki bu həm də ölkəyə investisiya qoyulması baxımından əhəmiyyətlidir”.
Deputat deyib ki, Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlər var: “Birincisi, tenderlərdə mallar istehsalçıdan deyil, vasitəçidən alınır. Həmin mallar da fərqli qiymətə rəsmiləşdirilir.
Bu, hər kəsin bildiyi məsələdir və cəmiyyətdə narazılıq doğurur. İkinci problem tenderlərdə iştirakla bağlıdır. Bəzən görürsən ki, 2 ay ərzində yaranan şirkət milyonluq tenderi udur. Məncə bu, qanunvericiliklə tənzimlənməlidir. Tenderlərdə iştirak edən şirkətlər ən azı 5 il öz fəaliyyətində fəaliyyət göstərməlidir”.
Millət vəkili çıxışı zamanı sual da edib: “Əsas problem haradan qaynaqlanır? Biz o məsələyə yaxınlaşmırıq. Məncə, problemin kökü buradadır. Bu iki problemin aradan qaldırılması haqqında düşünməliyik”.
