|
Sahibə Qafarova: “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır”

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Spiker öncə İtaliya səfərindən bəhs etdi. “Mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb”, - S.Qafarova bildirdi.

Sədrin sözlərinə görə, səfər zaman TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib: “Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək, Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan heç bir maneəyə baxmayaraq üçtərəfli bəyanatı tam həcmində icra edəcək”.

Parlament səsdri Avropa Parlamentinin son qətnaməsinə də etirazını ifadə etdi: “Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.

S.Qafarova bildirdi ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib: “Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.

 Deputat Fəzail Ağamalı iclasda söz alaraq Azərbaycana qarşı bəzi dairələrin apardığı kampaniya ilə bağlı ayrıca iclas keçirməyə çağırış etdi.

Deputat Musa Qasımlı isə qərəzli qətnamə ilə bağlı Avropa Parlamentinə etiraz məktubu göndərməyi zəruri saydı. Eyni zamanda deputat S.Qafarovanın İtaliya səfərini yüksək qiymətləndirdi.