|
Vahid Əhmədov: “Azərbaycanın 44 günlük zəfərini həzm edə bilmirlər”

“Son vaxtlar Azərbaycana qarşı müxtəlif təhdidlər var, çünki bəzi qüvvələr Azərbaycanın 44 günlük zəfərini həzm edə bilmirlər”. Deputat Vahid Əhmədov bu fikri Milli Məclisin plenar iclasında söylədi. Millət vəkili qeyd etdi ki, bütün bunlara baxmayaraq, bütün hədəflərə çatılacaq.

V.Əhmədov qeyd etdi ki, dövlət başçısı da bir gün əvvəl Zəngəzur dəhlizinin dekabrın axırınadək təhvil veriləcəyini, gələn ildə isə dəmir yolunun açılacağını bildirdi. Deputat Qaragöllə bağlı da ajiotajın heç bir mənasının olmadığını bildirdi. “Bəzi dövlətlər vəziyyəti gərginlləşdirmək istəyirlər”, deyən V.Əhmədov qeyd etdi ki, Azərbaycan prezidenti çox vacib bir açıqlama da verib. Deputat dövlət başçısının ABŞ 907-ci düzəlişi ləğv edəcəyi halda, Azərbaycanın bu ölkədən silah ala biləcəyi haqda dediklərini xatırlatdı: “Mən hesab edirəm ki, ABŞ dövləti bunu nəzərə alacaq”.

V.Əhmədov bildirdi ki, Ermənistan Azərbaycanla normal münasibət qurmaq istəyirsə, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. “Fransa açıq-aydın Ermənistanı müdafiə etməklə prosesləri əksinə döndərməyə çalışır. Ancaq 10 noyabr sazişi müəyyən gecikmələr olsa da, yerinə yetirilir. Azərbaycan vaxt keçdikcə, özünün ərazi bütövlüyün tam təmin edəcək”, deputat əlavə etdi.