ABŞ-ın nüfuzlu nəşri yazıb ki, Ağ Ev İsraili hərbi əməliyyatları dayandırmağa çağırıb, 5 müsəlman ölkəsi isə ordusunu Fələstinə dəstəyə göndərə bilər; ekspert: “Amerika Yaxın Şərqdə Rusiya və İran faktorunu zəiflədir”
Amerika səlahiyyətliləri İsraillə Fələstin arasındakı gərginliyin tezliklə azalacağına ümid edirlər. “Yeni Müsavat” yazır ki, bu barədə “Politico” nəşri xəbər yayıb. Məlumata görə, Ağ Ev səlahiyyətliləri İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzza zolağındakı hərbi əməliyyatları şiddətləndirməməyə çağırıblar. Bundan sonra İsrail lideri döyüş əməliyyatlarının bitməsinə bir neçə gün qaldığını söyləyib.
ABŞ, həmçinin Fələstin hərəkatı “Həmas” da daxil olmaqla münaqişə tərəfləri ilə Misir arasında danışıqlara töhfə verib. Nəşrin yazdığına əsasən, “Həmas” mövcud vəziyyətdən çıxış yolu axtarır. Münaqişənin bitməsi humanitar yardımın çatdırılması ilə bağlı atəşin qarşılıqlı dayandırılmasından başlayaraq mərhələlərlə ola bilər.
İsrail-Fələstin münaqişəsi may ayının əvvəllərində alovlanmağa başlayıb. Hər iki tərəfdən itkilər və dağıntılar var. “Həmas” Tel-Əvivə, eləcə də İsrail Qəzza bölgəsinə raketlər yağdırır. Son xəbərə görə, İsrail “İslami-Cihad” təşkilatının Qüds Briqadasının komandiri Əbu Bilal əl-Munkuşu öldürüb. Munkuşla bərabər onun oğlu və qızı da qətlə yetirilib. İsrail-Fələstin qarşıdurmasını necə durdurmaq olar? Bunun hər iki ölkə rəhbərinin əvvəldən danışılmış oyunu olduğu iddiaları səslənməkdədir.
Fələstində parlament və prezident seçkiləri olmalıdır, təxirə düşməsi gözlənilir. İsraildə isə Netanyahu hökuməti formalaşdıra bilmir. İddialara görə, bu böhran ona daxili təzyiqlərdən yayınmaq üçün fürsət verir.
Zaman keçdikcə, bu iddianın yaşama haqqı artır. Hər bir dövlətə daxili və xarici düşmən mütləq lazımdır. Hakimiyyətlərin ömrünü uzatmağa, ölkədaxili böhrandan ictimai fikri yayındırmağa bu şəkildə kömək edir.
Eyni zamanda dünyanın bu hadisələrə münasibəti birmənalı deyil. Türkiyənin “Yeni Şəfəq” nəşri məlumat yayıb ki, Fələstinin müdafiəsi üçün Türkiyənin təklifi məntiqlidir. Belə ki, Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələrin orduları İordaniya və Livana yerləşdirilə bilər.
Bu koalisiya qüvvələrinin Fələstin və müqəddəs yerləri qoruya biləcəyi vurğulanıb. Bildirilib ki, bunun üçün BMT TŞ-nin təsdiqi lazımdır. Bir veto qərarı isə bu koalisiya qüvvələrinin qarşısını ala bilər.
BMT-nin məlumatına görə, son günlər Qəzzada baş verən bombardmanlardan sonra 52 min nəfər insan qaçqın vəziyyətinə düşüb, yəni evsiz-eşiksiz qalıb. Qəzza zolağı dünyada əhalinin ən sıx yaşadığı məntəqə hesab olunur. 365 kv.km ərazidə 2 milyondan çox insan yaşayır.

Züriyə Qarayeva
Siyasi şərhçi Züriyə Qarayeva “Yeni Müsavat”a bildirdi ki, İsrail -Fələstin münaqişəsinə daha geniş kontekstdən baxsaq, bunu bloklar arasında mübarizə kimi görmək olar. Onun fikrincə, ABŞ-ın Yaxın Şərqdə Rusiya və İran faktorunu zəiflətmək üçün istifadə etdiyi bu kart məsələnin etnik və dini zəmindən kənar amillərlə bağlı olduğunu sübut edir: “Əslində Qarabağ münaqişəsi kimi bu münaqişədə də BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın qətnamələrinin yerinə yetirilməməsi, TŞ-nin güc yolu ilə müdaxilə səlahiyyətinin olmasına baxmayaraq, ABŞ-ın və Rusiyanın bu ixtisaslaşmış qurumun funksionallığını zəiflətməsi bütövlükdə beynəlxalq qurumların nüfuzuna böyük xələl gətirir. O baxımdan görülməli ən vacib məsələ BMT Təhlükəsizlik Şurasında güc yolu ilə müdaxilənin təmin olunması üçün 5 daimi üzv dövlətin yekdil qərar verməsi mexanizminin ləğv edilməsidir".

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova bildirir ki, Trampdan fərqli olaraq, Bayden yəhudilərə açıq-aşkar dəstək vermir, dolayısı ilə müharibəni sakitləşdirməyə çağırır. Onun fikrincə, bu məsələdə tərəflərin seçkilərə görə ssenari qurması və əvvəlcədən razılaşdırması ağlabatan görünməsə də, həm İsrail, həm Fələstin hökumətlərinə sərf edə bilər: “Amma bu savaşın uzanacağını gözləmirəm. İsrail ”Həmas"ın gücləndiyini hiss etdi və Tel-Əviv daha ehtiyatlı olmağa üstünlük verəcək".
