“Kriptovalyutalar çox az adamların əlindədir və bu da onların monipulyativ davranış imkanlarını daha da artırır”
Virtual valyuta bazarında dalğalanmalar başlayıb. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 10 faizdən çox düşüb. Mayın 19-da səhər saatlarında bitkoinin dəyəri 10,42 faiz ucuzlaşaraq 40,5 min dollar təşkil edib. Xatırladaq ki, həftənin bazar ertəsi günündən etibarən bitkoin dəyər itirməkdədir. Səbəb isə odur ki, bazar günü axşam saatlarında Twitterdə istifadəçilərdən biri “Tesla” şirkətinin sahib olduğu bütün bitkoinləri satmasının bu kriptovalyutanın digər sahiblərini məyus edəcəyi ehtimalını irəli sürüb. “Tesla”nın rəhbəri Elon Mask istifadəçinin tvitinə laqeyd qalmayaraq cavabda qısaca “Həqiqətən də” yazıb. Maskın bütün bitkoinləri satmaq ehtimalını təkzib etməməsi bazarda narahatlığa səbəb olub və kriptovalyutanın qiyməti yenidən enməyə başlayıb. Bəs görəsən, kriptovalyutanın gələcəyi ilə bağlı ekspertlər nə düşünür? Bu bazarda investorları hansı risklər gözləyir? İqtisadçılar kripto bazarının gələcəyini necə görürlər?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, kriptovalyuta böyük ehtimalla yaxın gələcəyin, əsasən də 2025-ci ildən sonranın əsas ödəniş vasitəsi kimi özünə geniş yer tapacaq: “İndiki şərtlər daxilində, bitkoin də daxil olmaqla, bu təşəbbüslər daha çox qeyri-rəsmi subyektlər tərəfindən önə sürülür. Bunun arxasında faktiki olaraq dəyər dayanmır, iqtisadiyyat dayanmır. Hər hansı bir hüquqi baza yoxdur. Bu özü müəyyən qədər, indiki şərtlər daxilində kriptovalyuta bazarında risklərin yüksək olmasına gətirib çıxarır. Hazırda qlobal səviyyədə mərkəzi banklar - Avropa Mərkəzi Bankı, Yaponiya Mərkəzi Bankı, Federal Ehtiyat Sistemi, Britaniya, Çin, Rusiyanın mərkəzi bankları bu istiqamətdə çıxış edirlər. Azərbaycan Mərkəzi Bankı da bu bazarın araşdırılması ilə bağlı bir layihə üzərində işləyir”.

Rəşad Həsənov: “Yaxşı olar, investorlar öz yatırımlarını şaxələndirilmiş formada həyata keçirsinlər ki, kriptovalyuta bazarındakı bu volatillikdən ciddi zərərə düşməsinlər”
İqtisadçının fikrincə, böyük ehtimalla növbəti mərhələdə bunun hüquqi bazasının formalaşması, risklərin müəyyən edilməsi, həmin risklərin qarşısının alınması üçün nəzarət mexanizmlərinin formalaşdırılması və arxasında mərkəzi bankların dayandığı kriptovalyutaların bazara çıxarılması prosesi başlayacaq: “Artıq bu təşəbbüslərin bəziləri var. Bu olduğu təqdirdə böyük ehtimalla qeyri-rəsmi subyektlər tərəfindən hazırlanmış kriptovalyutalar müəyyən qədər bazardan sıxışdırılacaq. Bir tərəfdən istehlakçıların özlərinin baxışı buna şərait yaradacaq, digər tərəfdən də böyük ehtimalla hansısa formada kriptovalyutaların bazarda tədavül prosesində istifadə edilməsinə məhdudiyyətlər tətbiq olunacaq. Artıq Çin bu istiqamətdə addımlar atmağa başlayıb, Türkiyə bənzər yanaşma ortaya qoyub. Beləliklə də artıq növbəti 10 ildə biz arxasında dövlətlərin, mərkəzi bankların dayandığı kriptovalyutalar dövrünü müşahidə edəcəyik. Ödəniş vasitəsi kimi kriptovalyutaların çox müsbət tərəfləri var. Ancaq mənfi tərəfi ondan ibarətdir ki, vəsait axınlarına nəzarət etmək imkanları məhdudlaşır. Məhz bu məqam hazırda bazarda kriptovalyuta bazarındakı riski şərtləndirir və dövlətləri narahat edir”.
Bitkoinə gəlincə, R.Həsənov vurğuladı ki, bu kriptovalyuta son dövrlərdə volatilliyin yüksək olması səbəbindən diqqət mərkəzindədir: “İndiki şərtlər daxilində qiymətin düşməsini şərtləndirən bir neçə faktor var. Əsas səbəblərdən biri bazara monipulyativ mesajların verilməsidir. Bildiyiniz kimi, Elon Mask son dövrlərdə özünün mesajları, tvitləri ilə bazara kifayət qədər təsir göstərə bildi. Bəzi qiymətləndiricilər hesab edirlər ki, qızıl bazarında müəyyən qədər aktivliyin olması vəsaitlərin həmin bazara yönəlməsinə və investorların öz vəsaitlərini bitkoindən geri çəkməsinə gətirib çıxarır. Bundan başqa, ABŞ-ın ən böyük kriptovalyuta bazarı ilə bağlı məhkəmə prosesi başlayıb, yoxlamalar həyata keçirilir. Bu kimi neqativ mesajlar və bazarda bu valyuta növünün qısa müddətdə bahalaşmasının doğurduğu köpük bu gün onun ucuzlaşmasını şərtləndirir. Bu qiymət dəyişikliyini korreksiya kimi də qəbul etmək olar, həm də sadaladığımız faktorların təsiri kimi görmək olar”.
İqtisadçı hesab edir ki, bazarın gələcəyi ilə bağlı narahat olmağa həqiqətən də əsaslar var: “Yatırımçılar kifayət qədər ehtiyatlı olmalıdırlar. Bu bazar həm də kifayət qədər konservasiya olunub. Kriptovalyutalar çox az adamların əlindədir və bu da onların monipulyativ davranış imkanlarını daha da artırır. Hər hansı güclü bazar iştirakçısı ciddi məbləğdə satışa və ya alışa keçəndə, bu, öz təsirini göstərə bilir. Digər qiymətli kağızlar bazarları və ya əmtəə bazarları ilə müqayisədə burada monipulyasiya imkanları çox genişdir. Yaxşı olar ki, investorlar öz yatırımlarını şaxələndirilmiş formada həyata keçirsinlər ki, kriptovalyuta bazarındakı bu volatillikdən ciddi zərərə düşməsinlər”.
Ekspert vurğuladı ki, son dövrlər Azərbaycanda da kriptovalyuta bazarına maraq artır, ancaq bunun digər ölkələrdəki qədər olduğunu demək olmaz: “Çünki bizdə bu barədə həm biliklər zəifdir, həm bazar imkanları məhduddur, həm də əgər bu gün siz kripto alışına keçirsinizsə, ödəmə mənbəyindən avtomatik olaraq 10 faiz vergi tutulur. Bu, əmtəə kimi qiymətləndirilir. Xarici rezidentə ödəniş edən zaman sistem bunu görür və 10 faiz vergi tutulur. Belə olduğu təqdirdə siz bazarda digər iştirakçılara nisbətən daha baha qiymətə kripto para almış olursunuz. Bu kimi çatışmazlıqlar ölkəmizdə var. Yerli birja platforması yoxdur, qiymətli kağızlar, səhm birjasının zəif inkişafı bu istiqamətdə bacarıqların formalaşmasına mənfi təsir göstərir. Ancaq son dövrlərdə alternativ gəlir mənbəyi axtaran marjinal sosial qruplar tərəfindən kripto bazara maraq artmaqdadır”.
