Mütəxəssis: ““Azərsığorta”nın fəaliyyətindəki qapalılıq böyük həcmdə vəsaitlərin bu qurumun idarəçiliyindən çıxarılmasını zəruri edirdi"
Mayın 18-də Prezident İlham Əliyev “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən dövlət tərəfindən icbari sığorta olunan mühüm qrup şəxslər üzrə sığorta haqqının toplanması, idarə olunması səlahiyyəti Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə olunur.
Söhbət dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsi kimi səlahiyyətlərdən gedir.
Azərbaycanda şəxsi icbari sığortası dövlət tərəfində təmin edilən şəxslərin sayı yüz minlərlə ölçülür. Qeyd olunan qrupa Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti daxildir. Bu şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən DSMF-yə həvalə olunur.
Fərmanda toplanacaq sığorta vəsaitlərindən istifadə istiqamətləri də əksini tapıb. Bunlar dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi; sığorta ehtiyatının yaradılması; müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsidir.
Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Nazirlər Kabineti təsdiq edəcək. Formalaşdırılacaq sığorta ehtiyatı ölkədə fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdiriləcək. Sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılacaq, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə icbari şəxsi sığorta vəsaitləri üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdiriləcək. Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.
Prezident Nazirlər Kabinetinə sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib ona məlumat verilməsini tapşırıb.

Onu da qeyd edək ki, Qarabağ müharibəsində yaralanan şəxslərin sığorta ödənişləri ilə bağlı “Azərsığorta” şirkətinin fəaliyyətindən ciddi narazılıqlar yaranmışdı. Bir çox hallarda şirkətin yerli şöbələri müharibədə yaralanan şəxslərin ödənişlərini gecikdirir, yaxud sənədləşmə işlərində əngəllər yaradırdılar. Bəzənsə qazilər, şəhid ailələrindən qeyri-qanuni ödənişlər alınırdı. Bu problemlərə görə 2019-cu ildə Prezidentin fərmanı ilə birinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların ailələrinə sığorta haqlarının ödənməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olundu. Bütün bunların nəticəsi olaraq hərbi qulluqçular da daxil olmaqla, dövlət tərəfindən icbari sığorta olunan şəxslər üzrə sığorta haqlarının idarəçiliyinin şirkətdən alınmasını mütəxəssislər müsbət addım kimi qiymətləndirirlər. Digər tərəfdən, “Azərsığorta”nın fəaliyyətindəki qapalılıq böyük həcmdə vəsaitlərin bu qurumun idarəçiliyindən çıxarılmasını zəruri edirdi. DSMF-nin büdcəsinin Milli Məclisdə müzakirə və təsdiq olunduğunu nəzərə alsaq, həmin vəsaitlər üzərində nəzarət imkanlarının artacağını söyləyə bilərik. Söhbət on milyonlarla manat dövlət vəsaitindən gedir. Belə ki, təkcə 2020-ci ildə şirkət birbaşa sığorta üzrə sığorta haqlarından 55 milyon 757 min manat gəlir əldə edib. Bunun çox mühüm hissəsini dövlət tərəfindən ödənilən şəxsi icbari sığorta haqları təşkil edir.

Fərmanı şərh edən sığorta sahəsi üzrə mütəxəssis İlkin İbrahimovun sözlərinə görə, ölkə rəhbərliyində dövlət şəxsi icbari sığortası sahəsində vəziyyətlə bağlı qənaət mənfi idi: “Gəlinən qənaət ondan ibarətdir ki, ölkə rəhbərliyi bu sektorun idarə edilməsindən narazıdır. Nəzarət funksiyası əvvəl Maliyyə Nazirliyindən alındı, 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi, 2019-cu ildə isə Mərkəzi Banka həvalə edildi. Yəni 3 ildə bu qədər nəzarətedicisi dəyişən sahə olmayıb. 2022-ci ildən icbari şəxsi sığortanın nəzarətedicisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olacaq. Bu dəyişiklik ”Azərsığorta" şirkətinin yığımlarına və ödənişlərinə çox əhəmiyyətli təsir göstərəcək, yığımlar və ödənişlər xeyli azalacaq".
Mütəxəssis qeyd edir ki, fərmanda qeyd olunan qrupların şəxsi icbari sığortasına dövlət tərəfindən böyük vəsaitlər sərf olunur: “Bu sığorta növü sosial xarakterlidir. Fərmanda qeyd olunan qrupların həyat və sağlamlığı dövlət tərəfindən sığortalanır, sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir. Bu baxımdan, bu sığort növü üzrə səlahiyyətlərin Dövlət Sosial Müdafiə Fonduna verilməsi daha məqsədəuyğundur”.
Ekspert bildirir ki, dəyişiklik strateji əhəmiyyətli sahələrdə çalışan şəxslərlə bağlı məlumatların qorunması baxımından da mühüm əhəmiyyət daşıyır: ““Göstərilən sığorta növləri birbaşa starteji əhəmiyyət daşımaqla yanaşı, onun dövlətin idarəçiliyinə keçməsi vacibdir. Bu, Milli Məclisin deputatlarının, hakimlərin, Azərbaycan Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığı barədə məlumatların mühafizəsini gücləndirir".
İ.İbrahimovun sözlərinə görə, son 2 ildə sığorta sektorunda olan bir çox vəzifəli şəxslər ƏƏSMN-nə müxtəlif vəzifələrə gedib: “Nazirliyin bu sahə üzrə kadr potensialı xeyli gücləndirilib. Şübhəsiz ki, sığorta sektoru yaxşı kadrlardan əziyyət çəkirdi, ƏƏSMN-ə sığorta sektorundan təcrübəli başların getməsi bu sektoru daha da zəiflədir. Düzdür, hazırda sığorta ödənişlərində statistikada böyük ödənişlər görünür. Lakin elə bu ödənişlərin daha çoxu həyat sığortasında vətəndaşlara qaytarılan sığorta yığımları və İkinci Qarabağ müharibəsində həlak olmuş və ya müxtəlif dərəcəli xəsarətlər almış şəxslərə icbari şəxsi sığortadan verilən kompensasiyadır”.
ƏƏSMN-də də hesab edirlər ki, Prezident İlham Əliyevin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı müvafiq kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində idarəçiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır: “Növbəti ildən fərmanda qeyd olunan sığortaolunanların və sığortalıların uçotunun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin verilməsi nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək. DSMF həmçinin sığorta ehtiyatlarının yaradılması və artırılması işlərini görəcək. Toplanan sığorta vəsaitlərindən sığorta ödənişlərinin verilməsi üçün istifadə edilməklə bərabər, bu vəsaitlər şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi istiqamətində tədbirlərin gücləndirilməsinə də sərf olunacaq”.
