|
Arvadını oteldə yastıqla boğan şəxs hakim qarşısında

Sumqayıtda oteldə arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham olunan 30 yaşlı Orxan Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, bu, Orxan Həsənovun ilk cinayət əməlidir. Orxan Həsənov arvadı, 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızını qətlə yetirməkdə ittiham olunur.

Orxan Həsənov qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq öldürüb.

Hadisə şəhər ərazisində olan otellərdən birində baş verib. Oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı Orxan Həsənov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

İlkin ifadəsində Orxan qətli qısqanclıq üstündə törətdiyini söyləyib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.