|
Hindistan çayı böhranı Azərbaycana çatıb - qiymətlər bahalaşır

Ölkədə istehsal olunan çaylarda kəskin bahalaşma var

Hindistanda baş verən proseslər dünyada qara çay çatışmazlığı yarada bilər. Böyük Britaniyanın “Financial Times” qəzetinin bir neçə gün əvvəl yazdığına görə, qara çay istehsalında və satışında şəriksiz lider olan Hindistanda koronavirus pandemiyasının geniş yayılması, həmçinin görünməmiş quraqlıq çay istehsalı və yığımını kəskin azalda bilər.

Hindistan hökuməti əsas çay istehsalçıları olan Assam və Qərbi Benqal ştatlarını məhdudiyyət ərazisi elan edib. Bu ştatlarda xüsusilə çay plantasiyalarının işçiləri arasında koronavirusa yoluxma pik həddə çatıb. Hökumət hər iki ştatda koronavirusa qarşı peyvəndləmə məntəqələri yaratsa da, vaksin çatışmazlığı üzündən proses çox ləng gedir.

Pandemiya ilə yanaşı hər iki ştatda son illərin ən kəskin quraqlığı yaşanmaqdadır. İstehsalçılar bildirirlər ki, çay ağaclarının yarpağı elə üstündəcə quruyub xəzəl olur. "Forbes"ın məlumatına görə, quraqlıq nəticəsində bu ilin mart ayında Hindistanda əvvəlki ilin eyni dövründəkindən 13 min ton az - 47 min ton çay istehsal olunub.

Qeyd edək ki, Hindistan dünyada çay istehsalında Çindən sonra ikinci yeri, qara çayın istehsalına görə isə birinci yeri tutur. Buna görə də əksər analitik mərkəzlər Hindistanda yaranan problemlər üzündən bütün dünyada qara çay çatışmazlığının yaşanacağını, bunu isə hərraclarda qiymətləri qaldıracağını proqnozlaşdırırlar. Bu proses Hindistandan çay alan ölkələrdə artıq başlanıb. Belə ki, Rusiyada topdansatış müəssisələri pərakəndə satış şəbəkələrinə yaxınmüddətli dövrdə çayın qiymətinin 12 faiz artacağına dair xəbərdarlıq ediblər. Buna səbəb Hindistanın Assam ştatında 90-dək plantasiyadan çay yığımının dayandırılmasına dair məlumatın yayılmasıdır.

Rusiya Çay-Kofe İstehsalçıları Assosiasiyası bahalaşmanın qarşısını almaq üçün hökumətdən çay istehsalçıları üçün əlavə dəyər vergisinin 10 faizə endirilməsini təklif etməyə hazırlaşır.

Tea — an industry trapped in its legacy - The Hindu

Hindistanda çay yarpağının toplanmasının pik dövrü iyun-avqust aylarına təsadüf edir. Buna görə də Rusiyada çayın pərakəndə satış qiymətinin sentyabrdan etibarən bahalaşması gözlənilir.

Xatırladaq ki, ötən ilin ikinci rübündə pandemiyaya görə Hindistanda çay yığımı kəskin azaldığına görə dünyada qara çayın qiyməti 30 faizə yaxın artmışdı.

Rusiyada çayın qiymətinin bahalaşması payızda gözlənilir, amma Azərbaycanda bu proses artıq başlanıb. Son bir ay ərzində demək olar ki, bütün növ çayların qiymətində 1-1,5 manata yaxın bahalaşma baş verib.

Bu artım rəsmi statistikada da əksini tapıb. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən yanvar-aprel aylarında Azərbaycanda ərzaq məhsullarının qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb. Aprel ayında bu məhsulların qiyməti marta nisbətən 0,3 faiz bahalaşıb. Ən çox bahalaşan məhsullar sırasında çay da var.

Hindistan çayı bahalaşacaq | Report.az

Rusiyada çayın mümkün bahalaşması barədə məlumatlardan sonra Azərbaycanda çayın daha da bahalaşması gözləniləndir. Belə ki, nə qədər qəribə də olsa, Azərbaycanın çay idxalında bu ölkənin payı kifayət qədər yüksəkdir. Bu ilin birinci rübündə ölkəyə gətirilən 516,56 ton çəkisi 3 kq-a qədər olan, ilkin bağlamalarda (fermentləşdirilmiş və ya qismən fermentləşdirilmiş) qara çayın 255,14 tonu məhz Rusiyadan gətirilib. Daha 234,86 ton belə məhsul isə Şri-Lankadan idxal olunub.

İlk üç ayda idxal etdiyimiz 2658,77 ton “Qara çay, fermentləşdirilmiş və ya qismən fermentləşdirilmiş,digərləri” adlı məhsulun - yerli istehsal üçün xammalın  çox mühüm hissəsi - 2248,3 tonu Şri-Lankadan, yalnız 242 tonu Hindistandan, 123 tonu isə Vyetnamdan alınıb. Şri-Lanka və Vyetnamda çay istehsalı və ixracı ilə bağlı hər hansı problem, bahalaşma baş verməsə də, oradan gətirilən xammal hesabına Azərbaycanda istehsal olunan çaylarda kəskin bahalaşma qeydə alınmaqdadır.

Bu bahalaşmanın fonunda Azərbaycandan çay ixracında artım, idxalında isə azalma baş verir. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 16 milyon 933,97 dollar dəyərində 4 438,15 ton çay idxal olunub. Ötən ilin eyni dövründə idxalın dəyəri 17 milyon 275.09 min dollar, həcmi isə 4 563.44 ton təşkil edib. Bu ilin dörd ayında çay ixracımız 2 milyon 967,58 min dollar dəyərlə 389,51 ton, keçən ilin eyni dövründə isə 3 milyon 283,69 min dollar dəyərlə 493,36 ton olub.

Azərbaycanda ən çox içilən 10 çay markası məlum olub - FED.az

Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, Azərbaycanda illik çay yığımı 2016-cı ildə min tondan 2019-cu ildə 930 tona düşüb. Ölkədə ərzaq məhsulu kimi çay istehlakının illik həcmi 2019-cu ildə 22 min 196 tona çatıb. Həmin il ölkədə 9 816 ton çay stehsal olunub. Bu isə o deməkdir ki, Azərbaycanın çaya olan tələbatının cəmi 4,2 faizi, ölkədəki çay istehsalının isə 9.5 faizi yerli xammal hesabına təmin olunur. 2020-ci il ərzində Azərbaycan xaricdən hazır və xammal formasında 13 min 984 ton çay alıb ki, buna da 56 milyon 187,15 min dollar sərf edib.

Ölkədə xarici xammal hesabına da olsa, çay istehsalı və ixracı son 10 ildə kəskin azalıb. 2010-cu ildə istehsal 10 min 950 ton, ixrac 8 min 127 ton təşkil etdiyi halda, 2019-cu ildə istehsal 9,8 min tona, ixrac isə 1,5 min tona düşüb.

Bir məsələni də qeyd edək ki, 2020-ci ildə dünyada qara çay istehsalında 16 faizdən yuxarı artım baş verib. Bunun nəticəsində 2021-ci ilə əvvəlki ildən 10 faizədək çox çay ehtiyatı ilə keçilib. Şri-Lanka, Vyetnam kimi qara çay istehsalçılarında nə istehsal, nə yığım, nə də ixracla bağlı hər hansı problem yaşanmır. Eyni zamanda Hindistandakı problemlərin beynəlxalq birjalara təsiri hələ payız aylarına gözlənilir. Bu şəraitdə Azərbaycandakı çay istehsalçılarının qiymətləri kəskin bahalaşdırması üçün heç bir iqtisadi əsasların olmadığı aydın görünür. Bunları nəzərə alaraq, müvafiq dövlət qurumlarının ölkədə çayın qiymətinin əsassız qaldırılmasının qarşısını almaları gərəkir...