|
AVRO-2020: Benzema uzun müddətdən sonra Fransa yığmasına çağırıla bilər

AVRO-2020: Benzema uzun müddətdən sonra Fransa yığmasına çağırıla bilər Kərim Benzema
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilə bilər.

"Report" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam 34 yaşlı hücumçunu komandaya dəvət etməyi nəzərdən keçirir.

Son qərar mayın 19-da Fransa Futbol Federasiyasının rəhbərləri ilə görüşündən sonra veriləcək.

Qeyd edək ki, 2015-ci ildə Benzema Matye Valbueni intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunurdu. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Benzema Valbuena ilə video haqqında danışdığını etiraf edib və bunu videoya sahib olan digər üç şantajçı ilə əlaqəli olan uşaqlıq dostunun xahişi ilə etdiyini deyib.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.