Elxan Şahinoğlu: “Əgər böyük dövlətlər istəyirsə, problem həll olunacaq. İstəmirsə, BMT-nin heç bir real təzyiq imkanları yoxdur”
İsraillə Fələstin arasında münaqişə dərinləşməkdədir. Dünya liderləri tərəfləri təmkinliyə və sakitliyə çağırır. Birləşmiş Millətlər Təşkilatı (BMT) hadisələrin “tammiqyaslı müharibə həddinə çatdığını” bildirir. Maraqlıdır ki, BMT-nin münaqişəyə dair bu günə qədər xeyli qətnaməsi var və həmin qətnamələrin bir çoxunu İsrail icra etməyib. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə də illərlə icra edilmədi. Ermənistan qətnamələri icra etməkdən yayınırdı. Son nəticədə Azərbaycan Vətən müharibəsi başladıb, torpaqlarını işğaldan azad etdi.
BMT-nin “dişsiz” quruma çevrilməsinin səbəbi bədir? Qurumun qəbul etdiyi qətnamələrin icrası ilə bağlı tutduğu mövqenin adekvat olmamasını şərtləndirən hansı amillərdir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, BMT uzun illərdir ki, sadəcə, dövlətlər üçün müzakirə məkanına, müstəvisinə çevrilib: “Beynəlxalq aləmdə belə bir ifadə var - real politik, yəni real siyasət. Böyük dövlətləri narahat edən məsələlərlə bağlı BMT-də qətnamələr qəbul olunursa, o qətnamələr dərhal yerinə yetirilir. Biz bunu Liviya ilə bağlı gördük. Liviyaya dair Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış onun həyata keçirilməsinə başladılar. Qətnamənin qəbul olunmasından heç 24 saat keçməmiş Liviyanın şəhərləri artıq bombalanırdı. Liviyadakı müxaliflərə dəstək verib polkovnik Qəzzafini devirdilər.

Elxan Şahinoğlu
Halbuki BMT-nin Qarabağa dair məlum 4 qətnaməsi vardı. BMT Təhlükəsizlik Şurası ilk dəfə Qarabağ məsələsinə 1993-cü ilin aprelində, Ermənistan silahlı qüvvələrinin silahlı münaqişəni Dağlıq Qarabağ hüdudlarından kənara çıxararaq Kəlbəcər rayonunu işğal etməsindən sonra müdaxilə edib. Azərbaycan XİN-in, BMT-dəki daimi nümayəndəliyinin günlərlə davam edən səylərindən sonra məsələ Təhlükəsizlik Şurasının aprelin 30-dakı iclasının gündəliyinə çıxarılıb və 822 saylı qətnamə yekdilliklə qəbul edilib. Həmin sənəddə deyilir ki, Təhlükəsizlik Şurası, Dağlıq Qarabağ münaqişəsinə dair şuranın sədri tərəfindən verilən bəyanatlara, baş katibin məruzəsini nəzərə alaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edir. Qətnamənin preambulasında deyilir ki, bölgədə silahlı əməliyyatlar genişlənir, “yerli erməni qüvvələri” Kəlbəcər rayonunu işğal edib, bununla əlaqədar olaraq humanitar vəziyyət fövqəladə dərəcədə pisləşib. Qətnamə regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edir, beynəlxalq sərhədlərin pozulmazlığını vurğulayır və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edir. Təhlükəsizlik Şurası, nəhayət, qərara alır ki, möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatlar və düşmənçilik aktları dərhal dayandırılsın, həmçinin bütün işğalçı qüvvələr Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılsın və sülh danışıqları başlasın. Amma həmin qətnamələr havada qaldı. Hərçənd həmin qətnamələr qəbul edilərkən “dişsiz sənəd” idi. Liviya qətnaməsindən fərqli olaraq həmin sənədlərdə işğalçı Ermənistanı yerində oturtmaq üçün beynəlxalq birliyə heç bir konkret mandat, mexanizm verilmirdi. Yəni qətnamələrin icrası da elə Ermənistanın ixtiyarına buraxılırdı və nəticədə bu sənədlər Azərbaycan Ordusu hərəkətə keçən günə qədər icra olunmadı.
Halbuki istəsəydilər həmin qətnamələri çox qısa zaman ərzində icra edərdilər. Ermənistan kiçik, asılı dövlətdir, Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilərdilər. İsraillə bağlı da oxşar durumdur. Yəni İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT qətnamələri var, amma ABŞ İsrailə təzyiq edib qətnamələrin yerinə yetirilməsini təmin etməyə həvəs göstərmir. Ermənistanın timsalında olduğu kimi davranırlar. Buna görə də qəbul olunan qətnamələr yerinə yetirilmir".
Politoloq deyir ki, BMT tənqid obyekti olsa da, üzv 193 dövlətdən heç biri BMT-dən imtina etmir: “BMT illərdir ki, bir müstəvidir, burada dövlətlər müzakirə aparır. İcra olunmasa da, sənədlər qəbul olunur. Çoxları anlayır ki, BMT-yə böyük dövlətlərin marağı olmasa, ciddi fikir verən yoxdur. Əgər böyük dövlətlər istəyirsə, problem həll olunacaq. İstəmirsə, BMT-nin heç bir real təzyiq imkanları yoxdur ki, hansısa dövləti hansısa addımı atmağa məcbur etsin”.
