|
Ramiz Quliyev: “Ordumuz işğalçıları qovduğu kimi ”Xarıbülbül" festivalı da bayağı mahnıları qovdu"

Qulu Məhərrəmli: “Niyə bu cür ciddi sənət nümunələri yaradan xalqın televiziyaları, mədəniyyət müəssisələri xırda-para, sənətə yad elementlərlə dolu musiqilər nümayiş etdirir?”

Mayın 12-13-də ölkəmizin mədəniyyət paytaxtı Şuşada - Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı Azərbaycan musiqisini yenidən bizə kəşf etdirdi, necə böyük bir irsimizin, xəzinəmizin olduğunu bir daha yada saldı. Həmçinin dahi Üzeyir bəy Hacıbəyovdan üzü bəri ustadların, peşəkarların - bəstəkar və şairlərin necə möhtəşəm əsərlər yaratdığı xatırlandı. Necə ki, Müzəffər Ordumuz işğalçıları torpaqlarımızdan qovdu, sanki o festival və orada səslənən həmin möhtəşəm əsərlər də ara mahnılarını, “bozbaş” müğənniləri və onların mənasız, yad ladlarda, ritmlərdə, melodiyalarda ifalarını qovdu.

Bəs musiqi mədəniyyətimizi bu cür mədəniyyət işğalçılarından, “bozbaş” müğənnilərdən necə təmizləyək? Necə edək ki, musiqimizdə yad melodiyalar dominantlıq etməsin, efirlərdə, məclislərdə qulaqlarımız onların musiqilərindən yorulmasın, zövqü korlanmasın, məhz peşəkar musiqiçilərimiz, sənətkarlarımız fikir, rəy liderinə çevrilsin?

“Xarıbülbül” festivalının iştirakçısı, Xalq artisti, məşhur tarzən Ramiz Quliyev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Çoxdan idi ki, biz bu cür yüksək ifaların şahidi olmurduq. Şuşa, Cıdır düzü 30 il qədər mənfur düşmənin işğalı altında Azərbaycan musiqisinə, muğamına, simfonik əsərlərinə həsrət qalmışdı. Lakin nəhayət ki, o torpağın, Azərbaycan mədəniyyətinin, incəsənətinin, muğamının sahibi olaraq Şuşaya getdik. Biz bu qələbəni məhz milli birliyimiz sayəsində əldə etdik. Təsəvvür edin, hansısa orkestrdə birlik olmasa onlar nə ifa edərlər? Eləcə də birliyimiz bizə qələbəni yaşatdı. Milli birliyi bizdə cənab Prezidentimiz İlham Əliyev yaratdı.

“Xarıbülbül” festivalına gəldikdə isə biz Heydər Əliyev Fondu tərəfindən çox gözəl, yüksək səviyyədə tərtib edilmiş proqramın şahidi olduq. Festivalda xalqımızın ən peşəkar ifaçıları, sənətkarları ilə yanaşı Azərbaycanda yaşayan azsaylı xalqların ifasında musiqilər dinlədik.

Təkcə ifalar deyil, rəqslər də möhtəşəm idi. Ömrünün 60 ilini Azərbaycan musiqisinə, incəsənətinə həsr edən sənətkar, əsgər kimi deyə bilərəm ki, iki gündə çox möhtəşəm anlar yaşadıq. Dünyanın demək olar ki, 30-dan çox ölkəsində, o cümlədən ABŞ-da, Kanadada, Yaponiyada, İranda, Fransada, Avstriyada və digər yerlərdə festivallarda iştirak etmişəm. Lakin bu cür möhtəşəmliyin şahidi olmamışdım. Şuşanın işğaldan azad olunması, Cıdır düzü, havanın gözəlliyi musiqiçilərə xüsusi olaraq ruh, intonasiya, səs gözəlliyi verirdi. Orada bir dənə olsun belə giley-güzar yox idi. Nə iqtidar, nə müxalifət var idi, hamı bir, birlik idi.

Bütün bunları görüb, deyirsən ki, bəli, yaşamağa, yaratmağa dəyər.

Musiqimizin təntənəsi, atəşfəşanlıq olanda ermənilərin necə həsədliklə baxdıqlarını gördüm. Onlar bundan sonra da Azərbaycan mədəniyyətinin, insanının necə olduğunu öyrənəcəklər".

Ramiz Quliyev Azərbaycanın möhtəşəm musiqi mədəniyyəti, irsi olduğu halda, efirlərdə, tədbirlərdə bayağı musiqilərin, ifaların təqdim olunmasından da danışıb:

“Hər bir məsələnin qarşısında peşəkarlıq dayanır. Peşəkar olmayan adam gözəl ifa edə bilməz. Əgər müğənninin səsi yoxdursa, o, necə oxuya bilər? Amma baxırıq ki, bəziləri səs studiyalarında texnikanın köməkliyi ilə özünə səs düzəldir. Artıq bazardan çıxmaq lazımdır. Azərbaycan musiqisinin özünəməxsus tarixi, mədəniyyəti var. Bizim dahi Üzeyirlərimiz, Qarayevlərimiz, ustad xanəndələrimiz, ifaçılarımız var. Bu cür peşəkarları dinləmək  lazımdır. Doğrudur, toy da lazımdır. Amma toya gedib niyə qeyri-peşəkar, musiqimizə yad ifaları, sözləri səsləndirək?"

Ramiz Quliyev bu məsələdə daha çox televiziyaları günahlandırdığını bildirdi:

“Təkcə televiziyalar deyil, özəl şirkətlər var ki, bayağı ifaçıları sosial şəbəkələr, internet resursları vasitəsilə onları təbliğ edib, pul qazanırlar. Pulu da kişi kimi qazanmaq lazımdır. Elə qazanmaq lazımdır ki, bu xalqa, millətə təhqir olmasın.

Bəzi televiziyalar var ki, onlara hətta nifrət edirik. Baxırsan ki, kimsə üst-başını, libasını dəyişib, başlayır onu “korifey, sənətkar” adlandırmağa. Korifey, dahi sənətkar yüz ildən bir olur. Dahilər dahisi var ki, onlar bir də doğulmur. Bəs televiziyalar musiqimizi niyə bu günə qoyur? Camaatın nə günahı var?

“44 günlük müharibədən sonra təkcə torpaqlarımızın işğaldan azad olunmasının qələbəsini deyil, həm də mədəniyyətimizin qələbəsini yaşayırıq”

Beləliklə, hesab edirəm ki, 44 günlük müharibədən sonra təkcə torpaqlarımızın işğaldan azad olunmasının deyil, həm də mədəniyyətimizin qələbəsini yaşayırıq".

Festival iştirakçısı, Əməkdar jurnalist, tanınmış tele-tənqidçi Qulu Məhərrəmli qəzetimizə açıqlamasında qeyd etdi ki,  “Xarıbülbül”  festivalı bir çoxları, həmçinin onun üçün də bir sənət zirvəsinin nümayişi idi:

“Bu, musiqi sənətinin, onun müxtəlif sahələrinin, yəni həm folklor, həm də ayrı-ayrı fərdlərin yaratdığı möhtəşəm sənət əsərlərinin nümayişi idi. Bu səbəbdən insanlar bu festivaldan qürur duydular.

Qulu Məhərrəmli: “Biz Qarabağın səsini eşidəcəyik”

 Qulu Məhərrəmli 

Məsələ təkcə festivalın Şuşada keçirilməsi ilə bağlı deyil. Hərçənd ki, o məkanın özü qavrayışı xeyli həssaslaşdırır və artıq musiqinin özü də bir fərqli rakursda qəbul olunur. Yəni bizim düşüncələrimiz o qədər itilənir, parlaq, təmiz olur ki, o musiqini öz halında qəbul edə bilirik. Bu, məsələnin duyğulu tərəfidir.

Məsələnin ikinci tərəfi isə çox ciddi məsələdir. Bu konserti  kimlər hazırlayır, kimlər məşğul olur? Niyə bu cür  sənət inciləri olan xalq ekranlarda bayağı, düşük, səviyyəsiz musiqilərə qulaq asmaq məcburiyyətində qalır? Deməli, hər şey yanaşmadan asılıdır. Televiziyada da, konsert proqramlarının tərtibində də bu özünü göstərir. Mənə elə gəlir ki, “çörəyi elə çörəkçiyə vermək lazımdır”. Hər kəs öz işi ilə məşğul olmalı və işini peşəkar səviyyədə aparmalıdır.

Festivalda dahi Üzeyir Hacıbəyovun “Koroğlu uvertürası”nı, “Sənsiz” romanını dinlədik. Bu ecazkar musiqilər bütün Şuşaya, onun çöllərinə, meşələrinə yayılırdı, əks-səda verirdi, yaddaşı təzələyirdi. Deyim ki, yeni əsərlərlə də tanış olduq. Məsələn, ilk dəfə idi ki, Fərhad Bədəlbəylinin “Dəniz” simfonik əsərini dinləyirdim. Müəllif özü pianoda əsəri ifa etdi. İnsan ona qulaq asdıqca sevincindən uçurdu. İnsani sevinc və sənətdən doğan sevinc bir-birinə qarışırdı. Gözümün önünə “Karvan” simfonik lövhəsi gəlirdi, Qara Qarayevin ruhu görünürdü. Proqramda həm də Qarayevin, Fikrət Əmirovun musiqisi  səsləndi.

Bəs niyə bu cür ciddi sənət nümunələri yaradan xalqın televiziyaları, mədəniyyət müəssisələri xırda-para, sənətə yad elementlərlə dolu musiqilər nümayiş etdirir. Məncə, burada hər şey  yanaşmaya və peşəkarlığa söykənir. Peşəkar adamın yanaşması  hər zaman doğru-dürüst və obyektiv olur.

Bir sözlə, Şuşada keçirilən “Xarıbülbül” festivalı bir növ Azərbaycan musiqi sənətinin hesabatı idi. Hesabat  təkcə orada əyləşənlər üçün deyildi, bütün xalqımız üçün idi. Ən əvvəl isə Şuşanı xilas edən əsgərlərimiz, şəhidlərimizin ruhu, qazilərimiz üçün idi. Ona görə də  bu cür misilsiz ifa və tərtibat idi. Çox məmnun  oldum, zövq aldım və hələ də bu cür düşüncələr altındayam. Bundan sonra heç bir  xalturaya, bayağı, aşağı zövqün məhsulu olan musiqiyə qulaq asmaq olmaz. Olsa, bu bizi çox şeylərdən geri salar.

Beləliklə, Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalı bundan sonrakı yanaşmalar üçün kriteriya olmalıdır. Hər şeyə bu cür  yüksək zövqlə, bədii-estetik səviyyədə yanaşılmalıdır".