|
Suriya qaçqınları Bakıya gəlməyə çalışır

Suriyada illərdir davam edən müharibə bu ölkənin yüz minlərlə vətəndaşlarının öz yurd-yuvalarından didərgin düşməsinə və digər ölkələrə üz tutmasına səbəb olub. Qanlı hadisələr davam etdiyi üçün bu başıbəlalı ölkədən qaçqın axını da davam etməkdədir. Suriyalı qaçqınların daha çox qonşu Türkiyəyə sığındığı bəllidir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bir müddət öncə yaydığı informasiyada deyilir ki, 100 minə yaxın suriyalı Türkiyəyə qaçıb. Türkiyə hökuməti ölkənin 4 əyalətində qaçqınlar üçün 7 düşərgə təşkil edib. İordaniya hökuməti ölkədə 150 min suriyalının sığınacaq tapdığını bildirib. 50 minə yaxın qaçqın Suriyadan Livan ərazisinə keçib. İrana da xeyli sayda suriyalı pənah gətirib.

Bugünlərdə isə Suriya qaçqınlarının Bakıda da göründüyü barədə məlumatlar yayılıb. Qeyd edək ki, bir neçə ay öncə Türkiyə mediasında xəbər yayılmışdı ki, Suriyanın Aleppo şəhərindən gələn qaçqınlar Azərbaycanda məskunlaşmaq istədiklərini bildiriblər. Təxminən 300 ailənin belə bir istəkdə olduğu vurğulanırdı. Xəbərdə deyilirdi ki, bu xüsusda rəsmi Ankara Azərbaycanın Türkiyədəki səfirliyi ilə danışıqlar da aparır.

Bir neçə gün öncə Bakıda suriyalı qaçqınların müşahidə edildiyi barədə deyilənlərdən belə güman etmək olar ki, onlar həmin qaçqınlardır.

Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov “Yeni Müsavat”a açıqlamasında deyib ki, onlarda Azərbaycanda suriyalı qaçqınların olduğu barədə məlumat yoxdur. Çünki üçüncü ölkələrdən gələn miqrant-qaçqınların işləri ilə Dövlət Miqrasiya Xidməti məşğul olur: “Bu məsələ Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kurasiyasında olan məsələ deyil”.

Dövlət Miqrasiya Xidmətindən isə məlumat almaq mümkün olmadı.

Onu da qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında Suriya vətəndaşları daha çox Ermənistana üz tuturlar. Buna əsas səbəb isə Suriyada çoxsaylı ermənilərin olmasıdır. Ermənistana gələnlər erməni əsilli Suriya vətəndaşlarıdır. Artıq Ermənistanın “Armavia” şirkəti keçən ilin avqustundan İrəvan-Hələb-İrəvan marşrutu üzrə Suriyaya müntəzəm uçuşlara başlayıb.

Hazırda “Armavia” Suriyaya həftədə bir dəfə uçuş həyata keçirir. Şirkətin qanlı döyüşlərin getdiyi bir ölkəyə aviauçuşlar təşkil etməsinin səbəbinə gəlincə, məqsəd Suriyadakı erməniləri oradan çıxarmaqdır. Suriyada erməni diasporunun üzvlərinin sayı 80-100 min nəfər təşkil edir. Onların 50 mini Hələbdə, qalanları isə Dəməşq, Latakiya, Kesabe və əl-Qamışlıda yaşayır.

Ermənistan hökuməti ölkəyə köçmək istəyən Suriya erməniləri üçün vətəndaşlıq alma prosedurunu da sadələşdirib. Suriyada baş verən son hadisələrlə əlaqədar minlərlə Suriya və Livan ermənisi vətəndaşlıq almaq xahişi ilə Ermənistan hakimiyyətinə müraciət etdiyi barədə işğalçı ölkənin Daxili İşlər Nazirliyi rəsmi məlumat da yaymışdı.

Ermənistan hökumətinin Suriya ermənilərinə vətəndaşlıq verməsində maraqlı olması isə onunla bağlıdır ki, işğalçı ölkədə əhalinin sayı sürətlə azalır. İqtisadi, sosial vəziyyətin ağırlığı ucbatından on minlərlə erməni hər il Ermənistanı tərk edir. Ermənistan hökuməti Suriya ermənilərinin hesabına əhalisinin sayını artırmaq istəyir. İşğalçı dövlətin Suriyadan köç edən erməni ailələrinin bir hissəsini işğal olunmuş Azərbaycan ərazilərində də məskunlaşdırdığı barədə informasiyalar var. //musavat.com