|
Parlament “Dini etiqad haqqında” Qanunu qəbul etdi-yeni qadağalar

Deputatlar uşaqlar arasında intiharların  artmasından, şəhidlərə həqarət halları və  sosial şəbəkədəki “soyüş müxalifəti”ndən danışdılar

Mayın 4-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərə ayrılan vaxtda çıxış edən deputat Könül Nurullayeva son vaxtlar istənilən yaş kateqoriyasından olan şəxslərin, xüsusilə uşaqların intiharı hallarına diqqət çəkdi. Bildirdi ki, bu problemə xüsusi həssaslıqla yanaşmaq vacibdir. K.Nurullayeva aprel ayında qeydə alınan azyaşlıların intihar faktlarını xatırlatdı: “22 aprel 2021-ci il tarixində KİV-də yayılan məlumata əsasən, 13 yaşlı uşaq özünü asaraq intihar etmişdir. İddia olunur ki, 13 yaşlı Ramizə qarşı laqeyd və diqqətsiz davranış, ayrılmış valideynləri və ailəsində baş verən problemlər onun intihar etməsi ilə nəticələnmişdir.

Digər bir məlumatda təmsil etdiyim Nizami rayonu Keşlə qəsəbəsində atası tərəfindən azyaşlı qız uşağına qarşı mütəmadi şiddət göstərilməsi faktı qeyd edilib, həmin valideynlərin valideynlik hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı məhkəməyə müraciət edildiyi də bildirilir. 27 aprel 2021-ci il tarixində isə 17 yaşlı İsa Alməmmədov intihar edib. Təəssüflər olsun ki, bu siyahını genişləndirmək də olar. “

Azyaşlı uşaqların polisə müraciət edəcək qədər hüquq düşüncəsinə malik olmadığını və ya sonrakı nəticədən qorxduqları üçün çəkindiklərini bildirən millət vəkili qeyd etdi ki, bu sahədə işlər gücləndirilsə, törədilmiş cinayətlərin sayının azaldılmasında da ciddi nəticələr əldə oluna bilər.

Deputat Fazil Mustafa görünməyən qəhrəmanlardan - Qarabağda əziyyət çəkən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının fəaliyyəti ilə bağlı danışdı: “Son günlər yayılan videolardan da görürük ki, onlar çox böyük işlər görür. Təbii ki, bizim qəhrəmanlarımızın da səbri bir yerə qədərdir, sonda yenə dəmir yumruq endiriləcək. Amma bunlar onu göstərir ki, Qarabağda hazırlıqlı ordu döyüşüb. Qarabağda bizim uğurumuz hazırlıqlı məmurdan, zabitdən, əsgərdən keçir”. F.Mustafanın sözlərinə görə, 44 günlük savaşdan sonra bəlli oldu ki. 4 dövlət daha böyük miqyasda Azərbaycana dəstək verib. Bu sırada Türkiyə, İsrail, Pakistanın adını qeyd etdi. Bildirdi ki, bəzən sosial şəbəkələrdə bu dövlətlərə qarşı haqsız yanaşmalar müşahidə olunur, cəmiyyət olaraq belə halların qarşısını almalıyıq. “Bizim meyarımız 44 günlük savaşdır. Kim bizə dost olubsa, onlara dəyər verməliyik”, deyən F.Mustafa Bakıda salınan böyük parkların birinə Türkiyə, İsrail, Pakistan və Azərbaycan dostluq parkı adının verilməsini və bayraqlarının asılmasını təklif etdi.

F.Mustafa Nuru Paşaya abidə qoyulmamasını da xatırlatdı. Bildirdi ki, haqqı olan insanların haqqı verilməlidir.

Deputat Əli Məsimli valyuta bazarındakı durumdan bəhs etdi. “Azərbaycanda iqtisadi göstəricilər optimist fikirləşməyə əsas verir və devalvasiya üçün əsas yoxdur”, deyə, Ə.Məsimli bildirdi. Bununla yanaşı, deputat bildirdi ki, bankların dolların satışına məhdudiyyət qoyması ajiotaj yaradır: “Vaxtilə bunun hansı fəsadlara gətirib çıxarmasını görmüşük. Mərkəzi Bankdan bununla bağlı daha məqbul açıqlama verilməsini gözləyirik. Dolların satışına məhdudiyyət qoyulması ”qara bazarın"ın yaranmasına gətirib çıxardır". Ə.Məsimli daha sonra digər məsələyə də toxundu: “İcbari tibbi sığorta üzrə işlər uğurla gedir və tibbi xidmətlərin sayı yüksəkdir. Amma təcrübədə transplantasiya əməliyyatları ilə bağlı xərclərin qarşılanması məsələsi kənarda qalır. Bununla bağlı addımlar atılmalıdır”. Deputat böyrək və qaraciyər köçürülməsi ilə bağlı müraciətlərin çox olduğunu söylədi və vətəndaşların müraciətlərini nəzərə almağa çağırdı.

Deputat Bəhruz Məhərrəmov Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı ayrıca maddənin əlavə edilməsini təklif etdi. Deputat son günlər şəhidlərə həqarət hallarına yol verilməsinə diqqət çəkdi: “Bugünlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Qarabağın azərbaycanlı icmasının ləğvi Vətən müharibəsində qələbəmizin siyasi nəticəsidir və 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir: “Vaxtilə ölkə daxilində və beynəlxalq aləmdə bir milyon insanın hüquqlarını qorumaq məqsədini qarşıya qoyan təşkilatın mövcud olduğu 15 ildə xidmətləri danılmazdır, eləcə də dövlətimizin hüquqi-siyasi mövqeyinin güclənməsində, düşmən tərəfinin danışıqlarda müstəqil tərəf kimi iştirak planlarının iflasa uğradılmasında qurum əhəmiyyətli rol oynadı. İcmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir-birincisi, status olmayacaq. Yəni ”erməni icması" anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər. Nəhayət, azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk Qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözsün!" 

Komitə sədri Siyavuş Novruzov ermənilərin Azərbaycana qarşı cəfəng iddialarla çıxış etməsindən bəhs etdi. “Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”, - deyə deputat bildirdi. S.Novruzovun sözlərinə görə, keşiş efirdə inandırmağa çalışıb ki, erməni fərarilər cinlərdən qorxub qaçıb:  “Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb. Bu müharibədə Azərbaycan bütün müharibə qanunlarına uyğun hərəkət edib”.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına reaksiyasında “ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdır. Ona görə də heç onların dediklərinə fikir vermək də lazım deyil”, -  deyə bildirdi.

Deputat Razil Nurullayev sosial şəbəkədəki “soyüş müxalifəti”nə kəskin etirazını bildirdi: “Təəssüf edirəm ki, mədəniyyətsiz, savadsız, ağızlarını söyüşlə açıb-bağlayan bir qrup var və onlar ölkəmizdə də bir qisim insanları təsir altında saxlaya bilir. Ağına-bozuna baxmadan hər kəsi təhqir edir, şəxsiyyətini alçaldır. Onların təhqirini, söyüşünü, ailə tərbiyəsini bütün xalq eşidir, hər kəsin evində anası, bacısı, qızı-gəlini var. Onların ağzını bağlamaq üçün biz də Türkiyədə olduğu kimi sosial şəbəkələr haqqında qanun qəbul etməliyik və mütləq sosial şəbəkələrin nümayəndəsi Bakıda oturmalıdır”. Deputat qeyd etdi ki, xaricdə oturub ölkəni, insanları, siyasətçiləri, dövlətin atributlarını, ölkənin birinci şəxsini və ailəsini ən kəskin ifadələrlə təhqir edən şəxslər barədə dövlət və hökumət səviyyəsində bütün səviyyələrdə siyasi danışıqlar aparılmalı və onların həbsi və ya ölkəyə verilməsi tələbi irəli sürülməldir: “Onların hər bir videosu cinayət xarakterlidir və təəccüblüdür ki, biz bu məqamdan istifadə edə bilmirik. Cəmiyyətə açıqlansın ki, o şəxslərin oturduqları ölkələrin aidiyyəti qurumları ilə siyasi danışıqlar aparılıbmı və nəticəsi nədir? Yeri gəlmişkən deyim ki, bu məsələnin qaldırılması siyasi müstəvidə - səfirliklər, XİN və dövlət səviyyəsində olmalıdır”.

 “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini vitse-spiker Fəzail İbrahimli təqdim etdi. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Sənəddə qeyd edilib ki, uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur. Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Müzakirələrdə çıxış edən deputat Məlahət İbrahimqızı bir neçə  gün əvvəl rayonların birində kənd mollasının əxlaqsızlığa yol verməsi faktını xatırlatdı. Qeyd etdi ki, daha əvvəl başqa bir rayonda da bənzər hadisə olmuşdu. Odur ki, mollaların seçimi zamanı diqqətli olmağı zəruri saydı. M.İbrahimqızı qeyd etdi ki, bəzi yas mərasimlərində elə qadın mollalar məclis aparır ki, adam orada iştirakından belə, utanır.

Deputat Sabir Rüstəmxanlı da həmkarının fikirlərini müdafiə etdi.  “Mollaların bir hissəsinə baxırsan, elə bil bunlar azərbaycanlı deyil. Sanki bunlar fars dilində düşünürlər. Onlara bu haqqı kim verib? Dini kadrların seçilməsinə son dərəcədə ciddi yanaşılmalıdır”, S.Rüstəmxanlı bildirdi. Deputat daha sonra bunları dedi: “Azərbaycanda kim orta məktəbi yaxşı oxuya bilmirsə, ali məktəbə qəbul oluna bilmirsə, hətta əlifbanı bilmirsə, ”Yasin"i köçürür latın qrafikasına, gedib durur qəbiristanlığın ağzında".

S.Rüstəmxanlı böyük kəndlərdə məscid tikintisi ilə bağlı qadağaların olmasına da etiraz etdi:  “Millət, xalq istəyirsə, məscidlərin tikilməsinə mane olmaq lazım deyil. Amma o məscidlərin kadrlarla təmin edilməsinə son dərəcədə ciddi yanaşmaq lazımdır”.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə komitə sədri Tahir Mirkişili məlumat verdi. “Bizə verilən məlumata görə, Ələt Azad İqtisadi Zonası 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacaq”, Tahir Mirkişili bildirdi.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, bəzən bir yerdə daş daş üstə qoyulmadığı halda, vaxtaşırı həmin məsələ ilə bağlı qanuna dəyişiklik edilir. Konkret halda Q.Həsənquliyev Ələt İqtisadi Zonası ilə bağlı artıq üçüncü dəfədir qanunvericiliyə dəyişiklik edildiyini xatırlatdı. Deputatın sözlərinə  görə,  bəzi hallarda böyük layihələrin icrası ilə bağlı xaricdən yüksək ixtisaslı mütəxəssislər dəvət olunur. “Biz Ələt iqtisadi zonasında işləri sürətləndirməliyik”, deyən Q.Həsənquliyev  İranın Ərdəbildə iqtisadi zona yaratdığını və işlərin sürətlə aparıldığını xatırlatdı. “Bizdə bu işlər o qədər uzanır ki... Bilmirəm hansı məqsədlə... Mən belə başa düşdüm ki, 2022-ci ildə Ələt İqtisadi Zonası qapılarını müştərilərin üzünə açacaq”, Q.Həsənquliyev əlavə etdi.  

İclasın gedişində spiker Sahibə Qafarova telefona başı qarışan deputatlara irad tutaraq, xəbərdarlıq etdi: “İclasa girəndə telefonlarınızı söndürün. Çalışın, iclas zamanı kimsə danışmasın. Kim danışmaq istəyirsə, çıxsın”, spiker bildirdi.

Deputatlar “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni də müzakirə etdilər. Təklif olunan maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar. Bununla yanaşı, ipoteka ilə bağlı Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişikliklər təklif edilir. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.