Ötən illərlə müqayisədə hotel və istirahət mərkəzlərində qiymətlər qismən də olsa, ucuzlaşıb
Məlum olduğu kimi, Ramazan bayramı ilə əlaqədar Azərbaycanda mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 may və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Pandemiyanın hələ də davam etməsinə baxmayaraq, qeyri-iş günlərində əksər insanlar fürsətdən istifadə edib, bölgələrə istirahətə üz tutacaq. Bəs həmin günlər üçün bölgələrdə hotel və istirahət mərkəzlərində hansı qiymətlər təklif olunur? Qiymətlərdə endirim, yoxsa adəti üzrə artım olacaq?
“Yeni Müsavat” olaraq bu barədə kiçik araşdırma etməyə çalışdıq. Araşdırmamız zamanı məlum oldu ki, bölgələrdə nüfuzlu hotellər qiymətlərdə o qədər də dəyişiklik etməyəcək.

Məsələn, Qəbələdə yerləşən “Qafqaz Riverside Hotel” Ramazan bayramı münasibətilə 190 manatdan başlayan qiymətlər təklif edir. Beləliklə, qeyri-iş günlərində, yəni mayın 9-15-də 2 şəxs üçün 1 gecəlik oraq 190 manatdır. Bura səhər yeməyi, SPA, qapalı hovuz daxildir. Novruz bayramında isə hotel 2 nəfər üçün 3 gecəyə 610 manat ( 1 gecə uçün təxminən 204 manat) təklif edirdi.
Şamaxıda yerləşən “Sakit Göl” hoteli də Ramazan bayramına özəl heç bir endirim təklif etmir. Burada 2 nəfərlik bir gecə üçün yer 200 manatdan başlayır. Kotejlərdə isə qiymətlər 400-450 manatdan təklif olunur. Qeyd edək ki, Novruz bayramı günlərində hotel 3 gecə üçün 750 manat təklif edirdi.

Quba rayonunda yerləşən “Quba Palace Hotel”də 2 nəfərlik bir gecə üçün 190 manat təklif edir. Hotelin rəhbərliyindən “Yeni Müsavat”a verilən açıqlamada bildirildi ki, bayramla əlaqədar olaraq mayın 9-dan 14-nə qədər oteldə konsert və şou proqramlar da təşkil olunacaq. Qeyd edək ki, Novruz bayramında bu hotel 2 nəfər üçün 3 gecəyə 900 manat təklif edirdi.
Şabranda yerləşən məşhur “Qalaalti Hotel” isə 2 nəfər üçün 2 gecəlik yerə 205 manat təklif edir. Bu qiymətə şam və səhər yeməkləri, sauna, fitnes zalı və digər xidmətlər daxildir. Müştəri 3 dəfə qidalanma istəyərsə, bu zaman qiymət 245-dən hesablanır. Bu hotel isə Novruz bayramında 2 nəfər üçün 3 gecəyə 650 manatdan başlayan qiymətlər təklif edirdi.
Nabranda yerləşən “River İnn” hotel isə Ramazan bayramı münasibətilə özəl qiymətlər təklif edir. Hoteldə 2 nəfər üçün 3 gecəyə 339 manat təklif olunur. Qiymət paketinə bayrama özəl şou-proqram da daxildir.
Lənkəranda yerləşən “Lankaran Springs Wellness Resort” hoteli isə 1 nəfər üçün 3 gecəyə 399 manat, 2 nəfər üçün 599 manat təklif edir. “Özünə qayğı göstər” adlanan qiymət paketi bayram günlərinə şamil olunmur və 31 may tarixinə qədər qüvvədədir.

Müzəffər Ağakərimov
Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Yeni Müsavat”a danışıb. Turizm eksperti də qeyd etdi ki, hazırda hotel və istirahət mərkəzlərində qiymətlər nisbətən sərfəlidir: “Ramazan bayramı günlərində təbii olaraq əhalimizin əksəriyyəti bölgələrə üz tutacaq. Məlum olduğu kimi, hazırda xarici ölkələrə istirahətə getmək məhduddur. Hətta qardaş Türkiyə də turist qəbul etmir. Ona görə də insanlarımız bayram günlərini bölgələrdə səmərəli keçirməyə çalışacaq. Bununla əlaqədar olaraq, proqnozlarımıza görə bayram günlərində hotel və istirahət mərkəzlərində yer tapmaq mümkün olmayacaq. Ona görə də insanların əksəriyyəti indidən hotellərdə yer tutmağa çalışır. Qiymətlər isə qənaətbəxşdir. Lakin istərdik ki, bu qiymətlər daha ucuz olsun. Bunun üçünsə vaxt tələb olunur. Çünki ucuz qiymətlərin olması üçün rəqabət, rəqabətin yaranması üçün isə yeni hotellərin yaranmasına ehtiyac var. Ümumiyyətlə, Turizm Assosiasiyası gələcəkdə turizmin inkişafında daha çox daxili turizmin artacağını proqnozlaşdırır. Daxili turizm həm də ölkəmizə qazanc gətirmək deməkdir. Gedib xarici ölkələrdə pul xərcləyib həmin ölkələrə xeyir verməkdənsə, o pulu ölkəmizdə xərcləyib, ölkəmizə xeyir versək daha məqsədəuyğundur, çünki qeyd etdiyim kimi, bu zaman bütün valyuta öz ölkəmizin büdcəsində qalır. Təbii ki, bununla əlaqədar çox işlər görülməlidir. Hesab edirəm ki, daxili turizmi inkişaf etdirmək üçün yeni xidmətlər, yeni əlavə xidmətlər, yeni kadrlar hazırlanmalı, yeni ən ucuz və bahalı hotellər yaradılmalıdır. Bununla da xarici ölkələrdən öz ölkəmizə daha çox turist cəlb edə bilərik. Dünya ölkələri arasında Rusiya, Amerika və digərləri daha çox daxili turizmə diqqət ayırır. Məsələn, Rusiya daxili turizmi inkişaf etdirmək üçün dəmir yolu turizmini inkişaf etdirir. İndiki halda turizm qurumları, peşəkarları, ekspertləri daxili turizmi inkişaf etdirmək üçün keyfiyyətli layihələr ortaya qoymalıdır. Bununla da pandemiya dövründə turizmə dəymiş ziyanı bir qədər yumşaltmaq olar”.
Müzəffər Ağakərimov bildirdi ki, ötən illərlə müqayisədə hotel və istirahət mərkəzlərində xidmət səviyyəsində qismən də olsa inkişaf var: “Yəni əvvəlki illərlə müqayisə edəndə görürük ki, inkişafa doğru addımlar var. Lakin bir daha qeyd edirəm, bunun üçün rəqabət güclü olmalıdır. İnsanlar hotel və restoran xidmətlərindən razı qalmalıdır, obyektlərin göstərdikləri xidmət aldıqları pula, tarifə uyğun olmalıdır. Lakin regionlarda hələ də istədiyimiz səviyyəni ala bilməmişik. Hesab edirəm ki, pandemiya dövründə bir çox işlər görülməli idi, xüsusən də kadrların treninqləri, təlim-tədrisi gücləndirilməli idi. Təbii ki, bütün bunlar üçün ölkəmizdə güclü şərait var. Məsələn, Qəbələdə, İsmayıllda bununla əlaqədar peşə məktəbləri fəaliyyət göstərir. Həmçinin bir sıra ali məktəblərdə müvafiq fakültələr var. Yəni bunlar var. Lakin bunların keyfiyyətini yüksəltmək üçün xeyli sayda işlər həyata keçirilməlidir”.
Onu da əlavə edək ki, bir neçə gün öncə Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, restoran işinin təşkili ilə yanaşı, müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etmək məqsədilə “Mymenu.az” adlı layihəyə start verilib.
Layihə çərçivəsində hazırlanmış “Mymenu.az” onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim etməklə yanaşı, turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir.
Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsi, ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlər təşkili üzrə təlimlərin təşkilindən ibarətdir. İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır. “Mymenu.az” layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsinə, ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək.
