İdxaldan asılılığımızı artıran səbəb, qonşu ölkələrdə sürətlə dəyər itirən, bizdə sabitlik simvolu olan milli valyutadır
İqtisadi məntiqlə idxal olunan məhsullar bazarda yerli məhsullardan daha baha təklif olunmalıdır. Xaricdən valyuta ilə alınması, logistik xərclər, gömrük rüsumu və sair idxal məhsullarının maya dəyərində yer alır. Yerli məhsulların maya dəyərində isə əsasən istehsal xərcləri və vergilər yer tutur. Azərbaycanda isə son aylarda nonses qeydə alınır. Belə ki, yerli məhsullar idxal olunanlardan daha çox bahalaşır.
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-mart aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 4,8 faiz, qeyri-ərzaq malları 3,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 faiz bahalaşıb.
İqtisadçıların təhlilinə görə isə 2021-ci ilin yanvarına nisbətən mart ayının sonunda yerli buğda unu 3,8 faiz, eyni idxal məhsulu 0,6 faiz dəyər artırıb. Yerli pryannikdə bahalaşma 5 faiz, idxal məhsulunda 0,3 faizdir. Yerli vaflinin qiyməti 6,6 faiz, idxal məhsulunun qiyməti 1 faiz qalxıb. Yerli toyuq əti 3,4 faiz bahalaşıb, idxal məhsulu 0,3 faiz ucuzlaşıb. Sterlizə olunmuş yerli südün qiyməti 2,8 faiz, eyni idxal məhsulunun qiyməti 0,9 faiz yüksəlib. Yerli qarğıdalı yağı 13,1 faiz, idxal məhsulu 5,7 faiz dəyər artırıb. Yerli məhsulların idxal analoqlarına nisbətən daha yüksək templə bahalanması həm yerli qida sənayesinin rəqabət qabiliyyətini azaldır, həm də qida seqmenti üzrə milli valyutanın real dəyərini artırır. Bir çox ölkədə milli valyutanın real məzənnəsi həm də ayrı-ayrı məhsul seqmentlərinə münasibətdə ayrıca hesablanır.
Bəs bu durumun səbəbi nədir?

Mürvət Həsənli
İş adamı Mürvət Həsənli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əsas səbəb istehsal sənayesində lazım olan xammalın xaricdən gətirilməsi və onların bahalaşmasıdır: “Bir sıra yerli məhsullarda qiymət artımının müvafiq idxal məhsullarından daha çox olmasının səbəbi budur ki, onların istehsalında yer alan komponentlərin əksəriyyəti xaricdən gəlir. Məsələn, toyuq ətinin bahalaşmasında əsas səbəblərdən biri xaricdən gətirilən yemin bahalaşmasıdır. Günəbaxan yağının 1 tonunu dekabr-yanvar ayında 1500 manata alırdıq, indi isə 3200 manata alırıq. Soyanı 375 dollara alırdıq, indi isə 675 dollara alırıq, bunlar birja qiymətləridir. Yəni əvvəl 900 manata alırdıq, indi isə 1350 manata. Qarğıdalını 370-380 manata alırdıq, indi isə 490 manatadır. Yəni qiymət artımının səbəbləri istehsalda lazım olan komponentlərin bahalaşmasıdır. Toyuq ətində isə yemin bahalaşması qiymətə təsir edir. Digər kənd təsərrüfatı məhsullarında gübrələrin bahalaşması ən əsas səbəblərdəndir. Logistik xərcləri nəzərə alsaq, mən idxal məhsullarının daha az bahalaşmasına inanmıram. Yalnız Ukrayna məhsulları ola bilər, Ukraynada toyuq ətinin 1 kiloqramının maya dəyəri 92 sentdirsə, bizdə bu 1 kq toyuq ətinin dəyəri 2 manat 75 qəpikdir. Bir çox ölkələrin məhsullarında qiymət artımının olmamasının səbəbi isə milli valyutalarının sürətlə ucuzlaşmasıdır”.

Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, yerli məhsul adı altında bazarda olan məhsulların böyük əksəriyyəti əslində tam olaraq yerli deyil: “Məsələn, bu ilin 3 ayında Azərbaycan xaricdən 12,6 milyon dollarlıq çay alıb, xaricə isə cəmi 2,1 milyon dollarlıq çay satıb. Deməli, yerdə qalan çay qablaşdırılaraq Azərbaycan bazarına çıxarılıb. Bizim bazarda yerli istehsal kimi tanıdığımız çayların böyük əksəriyyətinin tərkibi yerli çay deyil. Onların qutuları, markalaşmasında istifadə olunan holoqramlar belə xaricdən gətirilir. Süd məhsulları da həmçinin. Yerli məhsul adı altında bazara çıxan süd məhsullarının böyük əksəriyyətinin xammalı quru süd kimi xaricdən, əsasən də Ukraynadan gətirilir. Səbəblərdən biri budur. Digər səbəb isə həmin xammalın idxalı zamanı gömrük xərclərinin artmasıdır. Gömrükdə rəsmiləşdirmə artıb. Bu yaxınlarda Gömrük Komitəsi bəyanat verdi ki, I rübdə planı 20 faiz artıqlaması ilə yerinə yetirib. Bu, sanki böyük bir uğur kimi təqdim olunur, ancaq ödənilən hər qəpik gömrük rüsumu sonunda yenə də vətəndaşın cibindən çıxır. İdxal məhsullarının rəsmiləşdirilməsinə gömrük nəzarəti artıb deyə, sənayedə xammal kimi istifadə onların məhsulların bahalaşmasının şahidi oluruq, bu da bazardakı yerli malların qiymətinə təsir edir. Vergi və gömrük daha şəffaf işlədikcə, nəzarət daha da artdıqca qiymət də artır. Həmin vergilər məhsulun maya dəyərinə əlavə olunduğu üçün yerlu məhsulların qiyməti şişir. Bu kimi kompleks səbəblərə görə yerli məhsulların daha sürətlə bahalaşmasının şahidi oluruq”.
İdxal məhsullarının qiymətinin daha sabit olmasına gəlincə, N.Cəfərli vurğuladı ki, artıq 5 ildir bizdə məzənnə dəyişikliyi yoxdur: “Manatın məzənnəsində dəyişiklik olmadığı üçün xaricdən valyuta ilə alınan məhsullarda bir o qədər dəyişiklik olmur. Qonşu ölkələrdə yerli valyutaların ciddi şəkildə dəyərdən düşməsi də idxal məhsullarının qiymətinə təsir edir. Məsələn, qardaş Türkiyədə lirə ucuzlaşıb, 1 dollar 8,2 lirəyə bərabər olub. 6 ay öncə isə 1 dollar 7,3 lirəyə bərabər idi. İndi biz orada məhsulları dollarla aldığımız üçün eyni məbləğə əvvəlkindən daha çox məhsul ala bilirik ki, bu da qiymətin ucuzlaşmasına gətirib çıxarır. Xarici məhsulların ucuz başa gəlməsi bizim idxaldan asılılığımızı azaldan əsas faktora çevrilib. İllərdir bu barədə həyəcan siqnalı çalırıq. Bunun da qiymətlərə təsiri var. Qonşu Gürcüstanda, İranda, Türkiyədə, Rusiyada yerli valyuta ucuzlaşdıqca, idxal bizim üçün daha sərfəli hala gəlir, idxal məhsullarının qiyməti yerli məhsullarla müqayisədə daha az bahalaşır”.
