Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən İmaməli Xıdırovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən İ.Xıdırov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Rayon Prokurorluğuna şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1992-ci il təvəllüdlü İmaməli Xıdırov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onu da qeyd edək ki, hadisəni törədən İ.Xıdırovun kriminal aləmə aid olduğu bildirilir. Qətlin kriminal hesablaşma olduğu da iddia edilir.
