|
8 mayda Şuşada hansı formada tədbir keçirək - iki rəy

Şuşanın işğalı gününə artıq sayılı günlər qalıb. 1992-ci il mayın 8-də döyüş və strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşa erməni qüvvələri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı müharibənin gedişində həlledici rol oynamışdı. Şəhər Qarabağda ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi  ilə Xankəndinin də işğalı prosesi başa çatdırılmışdı.

28 ildən sonra - 2020-ci il 8 noyabr tarixində Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.

Bəzi təkliflər var ki, 8 may tarixində Şuşada hər hansı bir formada anım tədbiri keçirilsin. Qeyd olunur ki, bu həm də mayın 9-da Rusiya sülhməramlılarının Xankəndində parad keçirmək istəyinə bir cavab olsun.

Bir müddət bundan əvvəl millət vəkili Fazil Mustafa bununla bağlı diqqət çəkən təklif irəli sürmüşdü. Fazil Mustafa qeyd etmişdi ki, həmin gün Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirilsin:

“Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik. Xankəndində parad keçirmək onların tərəfsizliyi pozması aktıdır və bu, bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq.

Azərbaycanın atacağı ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir. Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaq. Bunun tarixi analogiyası da var.

Bilindiyi kimi, 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirib. Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik. Onsuz da Ramazan ayından sonra Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbaycan Prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir  paradın keçirilməsi variantını da düşünmək olar. Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməliyik".

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Artıq yalnız qələbə tədbirləri qeyd olunmalıdır, işğal tarixləri isə...”

Mövzu ilə bağlı millət vəkili Aqil Abbas “Yeni Müsavat”a danışıb. Aqil Abbas 8 may tarixində Şuşada hər hansı formada tədbir keçirilməsinin tərəfdarı olmadığını bildirdi: “Nə anım tədbiri? Belə çıxır ki, indi Ağdamın, Füzulinin işğal günləri ilə bağlı da tədbirlər keçirilməlidir? Artıq yalnız qələbə tədbirləri qeyd olunmalıdır.

Çox istərdim ki, 9 mayda Şuşada parad keçirək. Çünki İkinci Dünya müharibəsində 4 min azərbaycanlı şəhid olub. Bununla 4 min azərbaycanlı oğlunun ruhunu şad etmiş olarıq.

Lakin qeyd etdiyim kimi, 8 mayda Şuşada anım tədbiri keçirməyin heç bir mənası yoxdur. Azad etdiyimiz ərazidə niyə belə bir anım tədbiri keçirməliyik? Ölüyə ağlamaqdansa, dirilərə sevgi verək".

Aqil Abbas da vurğulayıb ki, Azərbaycan  Rusiya sülhməramlılarının Xankəndində parad keçirməsinə razı olmamalıdır:

“Birmənalı şəkildə buna razı olmamalıyıq. Əgər Xankəndinə separatçı Araik Arutyunyanla Rüstəm Muradov birləşib parad keçirsə, dərhal Rüstəm Muradov oradan qovulmalı, sülhməramlılara ayrıca ultimatum verilməlidir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə mövzuya bu cür şərh bildirdi: “Əlbəttə ki, səslənən təkliflərə hörmətlə yanaşıram. Lakin hesab etmirəm ki, bir neçə gün sonra Şuşada parad keçirilsin. Yəni texniki baxımından hazırda bu mümkün deyil, vaxt çox azdır.

Fərəc Quliyev: Hamımız Azərbaycan Prezidentinin yürütdüyü real, praqmatik  və uğurlu siyasəti dəstəkləməliyik

Fərəc Quliyev : “Bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq”

Daha bir məsələ, Şuşanın və digər ərazilərimizin işğalı ilə bağlı günlərin qeyd olunmasına ehtiyac yoxdur. Artıq işğaldan azad etdiyimiz günləri qeyd etməliyik.

Lakin mayın 9-da Qarabağ ərazisində Rusiya sülhməramlılarının parad keçirmək istəyi birmənalı yolverilməzdir. Xarici İşlər Nazirliyi də bununla bağlı Rusiyaya nota verməlidir ki, hansısa başqa dövlət Azərbaycan ərazisində parad keçirə bilməz. Əgər Rusiya parad keçirmək istəyirsə, bunu öz ölkəsində Moskvada keçirsin. Heç bir halda Rusiya sülhməramlıları öz hədlərini aşmamalıdır.

Yaxın vaxtlarda Türkiyə Prezidenti Ərdoğan Şuşaya gələcək, orada konsulluq, məktəb açılacaq və sairə. Beləliklə, düşünürəm ki, bu məsələyə daha köklü, dərin yanaşmalıyıq. Məsələn, Azərbaycanda iki yerdə Türkiyənin hərbi bazaları yerləşdirilməlidir. Onlardan birini Şuşada yerləşdirmək mümkündür və hesab edirəm ki, vacibdir. İkincisini isə Naxçıvanda təşkil etmək mümkündür. 2010-cu ildə Azərbaycanla Türkiyə arasında məlum müqavilə var və bu müqavilə qeyd etdiyim tədbirləri həyata keçirməyə tamamilə imkan verir.

Bildiyiniz kimi, Rusiyanın Gümrüdə Ermənistanla ortaq hərbi bazaları var. İkinci belə bir bazanı isə Zəngəzurda yerləşdirmək istəyirlər. Putinin də qeyd etdiyi kimi,  Azərbaycan öz müttəfiqini seçmək hüququna malikdir. Yəni kimi müttəfiq seçirik, özümüz bilərik. Ona görə də bu məsələni ortaya qoymaq daha yaxşı olardı. Bu həm də mənafelərimizə uyğundur.

Əlbəttə ki, bundan sonra bizim Türkiyə ilə birgə bir çox tədbirlərimiz, paradlarımız olacaq. Amma bir az öncə qeyd etdiyim kimi, hazırda Xankəndində keçiriləcək parada etirazımız olmalıdır. Şuşada hansısa formada tədbir və ya parad keçirmək istəyini həyata keçirmək isə texniki, vaxt baxımdan mümkün deyil".

Qeyd edək ki, Şuşa İcra Hakimiyyətindən “Yeni Müsavat”a açıqlamada bildirilib ki,  8 may Şuşanın işğal günü ilə bağlı hər hansı tədbir keçirilməsi ilə bağlı qərar yoxdur.