Azərbaycan Qarabağda möhkəmləndikcə, bunun təsiri ilə Ermənistanda vəziyyət durmadan gərginləşir. Xüsusilə bu il iyunun 20-də düşmən ölkədə keçiriləcək parlament seçkilərinə doğru gedən müddət qısaldıqca durum kritikləşir.
Eyni zamanda bir proses də müşahidə olunur: Azərbaycanın 44 günlük II Qarabağ savaşındakı parlaq qələbəsini və müharibədən sonrakı uğurlu gedişlərini həzm etməyən beynəlxalq aləm ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir, təzyiqlər göstərir. Bu, əslində regionda sabitliyə qəsddir.
Bu hücumların qarşısını necə alaq? Ermənistandakı gərginlikdən necə yararlanaq?
Politoloq, deputat Arzu Nağıyev Qərb və Rusiyanın Ermənistandakı seçki prosesindən yararlanmaq istədiklərini dedi: “Növbədənkənar parlament seçkilərinə qədər Ermənistanda bu vəziyyət davam edəcək. Vəziyyətin də davam etməsi radikal qruplaşmalar, yəni millətçilər və digər qruplar arasında yaşananlarla bağlıdır. Bildiyiniz kimi, bu gün nəyin bahasına olursa-olsun istər Qərb, istərsə də Rusiya Ermənistandakı seçkilərdə özlərinə uyğun olan şəxsləri mütləq şəkildə ya parlamentə, ya da hakimiyyətə gətirmək istəyirlər. Ona görə də bu problemlər getdikcə böyüyür. Burada da Qərbin ən çox istifadə etdiyi Türkiyə-Azərbaycan və Rusiya-Azərbaycan münasibətləridir. Hətta deyərdim ki, regional dövlətlərlə olan münasibətlərdən istifadə olunur. Eyni zamanda burada Türkiyə-Ermənistan və digər münasibətlər də önə çəkilir. Təbii ki, burada Rusiya və digər regional dövlətlərin hər birinin öz maraqları var. Ona görə hesab edirəm ki, iyun ayının 20-nə qədər bu münasibətlər davam edəcək. Sadəcə olaraq, bu münasibətlərdən istifadə etmək istəyən qüvvələr var. Bu qüvvələr nəyin bahasına olursa-olsun, Qarabağ məsələsini də proseslərə qatmaq istəyir. Belə bir deyim var ki, nə qədər kin saxlayırsan, qarşıdakını gücləndirirsən. Baydenin məlum ”soyqırım" ifadəsindən sonra ciddi bir məsələ alınmadı. Türkiyə-Rusiya münasibətlərini gərginləşdirməyə cəhdlər edildi, bu da baş tutmadı. Bütün bu proseslərdə hərənin öz marağı var".

Arzu Nağıyev: “Azərbaycan qalib dövlət kimi öz işini görməkdədir”
Deputat Ermənistandakı seçkilərdən də danışdı: “Düşünürəm ki, parlament seçkilərində qalib gələn Paşinyan yenidən hakimiyyətə gələcək. Sərhəddə baş verən hadisələrin, eləcə də digər olayların başında birmənalı şəkildə seçkilər durur. Kimin nə qədər payı varsa, seçkilərdə bundan istifadə etməyə çalışacaq. Əvvəl kilsəni də bura qatırdılar. Qondarma rejim məsələsini də önə çəkirdilər. İndi qatacaqları məsələ qondarma soyqırım və Dağlıq Qarabağda gərginlik yaratmaqdır. Bu məsələlərdən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Amma Azərbaycan qalib dövlət kimi öz işini görməkdədir”.

Əhəd Məmmədli: “Bu cür hücumlara hazır olmalıyıq”
Politoloq Əhəd Məmmədli istənilən hücuma hazır olmağımızın vacibliyini önə çəkdi: “Azərbaycan Qarabağda mövqelərini bərkitdikcə, Ermənistanda vəziyyətin qarışması təbiidir. Ermənilər hələ də acı məğlubiyyətin təsirindən qurtula bilmirlər. Ermənistan və Qarabağ ermənilərinin qarşıdurması səngimək bilmir. Əksinə, daha da alovlanır. Ermənilərin bir-birilərinə illərdir yaranan nifrəti Azərbaycana məğlubiyyətdən sonra dərinləşdi və qarşıdurmaya çevrildi. Azərbaycana ədalətsiz dünya tərəfindən siyasi hücumlar çoxalacaq. Zəfər parkımızın bağlanmasını bizdən istəməkləri bu hücumların təzahürüdür. Bu cür hücumlara hazır olmalıyıq. Ermənistan hərbi provokasiyaları Azərbaycana qarşı davam etdirsə, buna elə cavab verilməlidir ki, ermənilər daha bu haqda düşünməsinlər. Ermənistanda qarşıdurma və bu qarşıdurmanın dərinləşib uzanması Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan bu vəziyyətdən maksimum yararlanıb elə may ayında rus sülhməramlıların nəzarətində olan keçmiş Dağlıq Qarabağ ərazisində yuridiksiyasını tam şəkildə bərpa etməlidir. Sonra gec ola bilər. Nə vaxta qədər Ermənistan nokaut vəziyyətindədir, bu vəziyyətlərini uzadıb rəsmi İrəvanı Qarabağın Azərbaycanın ərazisi olmağını rəsmən tanımağa məcbur etməliyik”.
