|
Azad Rəhimovu gənclər necə xatırlayır -

Gənclər və idman naziri Azad Rəhimov aprelin 30-da 57 yaşında vəfat edib. O, II Fəxri Xiyabanda dəfn olunub.

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1987-1989-cu illərdə Xətai rayon komsomol komitəsində şöbə müdiri, 1989-1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.

1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 2006-cı ilədək “İtaldizayn” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. 2006-cı il fevralın 7-də gənclər və idman naziri vəzifəsinə təyin olunub və dünyasını dəyişənədək bu postu tutub.

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsində iştirakı, 2015-ci ilin Birinci Avropa Oyunlarının və Formula1 yarışının Azərbaycanda keçirilməsi ilə bağlı mediada adı daha çox hallandırılan şəxslərdən biri Azad Rəhimov olub.

“Formula-1" turnirinin Azərbaycanda keçirilməsi ilə bağlı məsələlərə cavabdeh olan və turniri təşkil edən “Azerbaijan Grand Prix” şirkətinə Azad Rəhimovun oğlu Arif Rəhimov başçılıq edir. Bu arada qeyd edək ki, Arif Rəhimovun “DDLAR Group”a başçılıq etdiyi bildirilir. Bu tikinti sahəsində ixtisaslaşmış şirkətlər qrupu həm də idman tədbirləri üçün nəzərdə tutulmuş obyektlərin tikintisi və təmiri ilə məşğul olur. Şirkətlər qrupu ölkə ərazisində - Bərdə, Şirvan, Ağcabədi, İmişli, Sumqayıt, Tovuz, Cəlilabad, Göygöl, Abşeron, Xaçmaz, Daşkəsən, Mingəçevirdə olimpiya komplekslərinin layihələndirilməsi və tikintisini həyata keçirib. 

Azad Rəhimov 2018-ci ilin oktyabrında Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edərkən “Azərbaycanda idman sahəsində korrupsiya anlayışının olmadığını” bəyan edib.

A.Rəhimovun babası Sadıq Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub, 1965-1975-ci illərdə isə Azərbaycan SSR yüngül sənaye naziri olub.

A.Rəhimov 2015-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bəs Azad Rəhimov necə nazir idi? Nazir vəzifəsinə gələnə qədər hansı sahədə çalışırdı? Sosial şəbəkələrdə bir qrup insan hakimiyyətin digər məmurları kimi onun da korrupsioner, büdcə pulunu dağıdan məmur olduğunu iddia edir. Məsələn, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən ona yaxın olan şirkətlərin vasitəsilə 10 ildən çox müddət ərzində iri miqyaslı korrupsiyaya yol verdiyini iddia edib. Xüsusən də Azad Rəhimovun  təşkil etdiyi “Formul-1" yarışlarını ”ciddi korrupsiya mənbəyi" adlandıranlar var.

Bununla belə, digər qrup mərhum Azad Rəhimovun çox səmimi, mətbuata açıq sadə məmur olduğunu, Ziya Məmmədov, Fazil Məmmədov kimi odioz fiqurlardan olmadığını qeyd edir.

Məsələn, insan hüquqları müdafiəçisi, blogger Emin Milli sosial şəbəkədə qeyd edib:

“Azad Rəhimov 2006-2007-ci illərdə iki dəfə məni Leyla Əliyeva ilə görüşdürdü. Bu görüşlərdə mənim Leyla Əliyevadan yalnız bir xahişim olmuşdu ki, o öz atası, Prezident İlham Əliyevlə danışsın və ondan 5000 Azərbaycan tələbəsinin xaricdə, ən yaxşı Qərb universitetlərində təhsil almasının dövlət siyasəti kimi qəbul edilməsini xahiş eləsin.

Emin Milli: What must change in Azerbaijan - Meydan.TV

Emin Milli

Bu təklif bizim o zamanlar “Gələcək Özü Gəlməyəcək” şuarı altında apardığımız geniş bir kampaniyanın tərkib hissəsi idi. Leyla xanımla son görüşümüzdən çox qısa bir zaman sonra bu proqram qəbul olundu və minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın ən yaxşı universitetlərində təhsil aldılar.

Çoxları Azərbaycana döndü, bəziləri bu gün Azərbaycana ən müasir fikirləri, bilikləri və idarəçiliyi gətirən yüksək vəzifəli şəxslərdir. Onlardan da biri hamınızın tanıdığı və hörmət etdiyiniz təhsil naziri Emin Amrullayevdir.

O zaman hökumətin içində belə bir proqramı dəstəkləyən də və bu ideyaya qarşı çıxan da, bunun dövlətçiliyə böyük təhlükə olduğunu deyən konservativ güclər də çox idi. Demək istədiyim budur ki, bu proqram həm də Azad Rəhimov kimi məmurların və dostların siyasi dəstəyi hesabına mümkün oldu.

Azad Rəhimov bizim FASE forumlarına gəlirdi, bizi tam dəstəkləyirdi, bizimlə bir dost kimi davranırdı, bizə atanın oğula, qardaşın qardaşa etmədiyi yaxşılıqları edirdi..."

Tural Abbaslı: “Görüşümüz zamanı onunla səmimi söhbət apardıq, daha çox demaqoqluğu mən edirdim, nəinki o”

AĞ Partiya sədri Tural Abbaslı isə “Yeni Müsavat”a deyib ki, 2006-cı ildə Azad Rəhimov nazir vəzifəsinə təyin olunan dövrlərdə onunla şəxsən görüşüb, söhbətləşib: “Bu dünyada  etdiklərindən asılı olmayaraq, hər bir dünyasını dəyişən insana rəhmət düşür. Bu baxımdan Azad Rəhimovun yaxınlarına başsağlığımı bildirirəm, Allah rəhmət eləsin, günahlarını bağışlasın. Qeyd edim ki, Azad Rəhimov yeni təyin olunan zaman Müsavat Gənclər Təşkilatının yaranması dövrü üst-üstə düşmüşdü. Beləliklə, həmin vaxt Azad Rəhimov gənclər və idman naziri təyin olunmuşdu,  mən isə Müsavat Gənclər Təşkilatının rəhbəri idim. O zamanlar bir kampaniya apardıq ki, Gənclər və İdman Nazirliyi hakim  partiya gəncləri ilə müxalifət partiyası gəncləri arasında fərq qoyur və sairə. Bildiyiniz kimi, Azad Rəhimovdan əvvəl bu vəzifədə Əbülfəz Qarayev idi və o, ümumiyyətlə, gənclərlə işləmirdi. Beləliklə, apardığımız bir həftəlik təbliğatdan sonra Azad Rəhimov təmsil etdiyim təşkilat və digər iki  gənclər təşkilatı ilə görüşəcəyi barədə xəbər göndərdi. Biz də ilk müxalif gənclər təşkilatı olaraq onunla görüşdük. İnsan olaraq çox səmimi, sadə idi. Görüşümüz zamanı onunla səmimi söhbət apardıq. Hətta deyə bilərəm ki, daha çox demaqoqluğu mən edirdim, nəinki Azad Rəhimov. İnsan kimi o vaxt mənə çox səmimi insan obrazı bağışladı və o görüşdən sonra da demək olar ki, bir il yarım müddətində bütün müxalif gənclər təşkilatları gənclərə aid olan bütün tədbirlərə dəvətlər aldılar. Yəni iqtidar və ya müxalif partiyadan olması fərq etməyərək, gənclər eyni səviyyədə bu tədbirlərdə iştirak edirdi. Lakin sonra bilinməyən səbəbdən bu proses dayandı. Amma o zaman çox gözəl ünsiyyət yaranmışdı, gənclər öz problemlərini rahat şəkildə qeyd edə bilirdi. Bugünkü dialoqun kiçik forması o vaxt gənclər təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında yaranmışdı.

Ümumən götürəndə isə əlbəttə ki, iqtidarın əsas nazirlərindən biri idi. Təbii ki, hakimiyyətin siyasətindən kənar addım atmamışdı, ümumilikdə iqtidarın bir komponenti idi. Amma şəxs olaraq Azad Rəhimov daha pozitiv, daha islahatlara meyilli insan kimi xatirimdə qalıb".

“Azad Rəhimovun yerinə kim gələ bilər?” sualımıza isə partiya sədri bu cür cavab verdi:

“Əlbəttə ki, bu məsələ Prezidentin səlahiyyətindədir. Hər halda,  gənclər və idman naziri olmaq üçün müəyyən kriteriyalar var. Əsasən də  gənclərin dərdini, idmanın problemini bilən, Azərbaycanı sevən bir şəxs olmalıdır. Çünki idman həm də Azərbaycanın kənarda təbliği, təqdimatıdır. Buna can yandıracaq, gənclərin içərisində ola biləcək, gənclərin hər təbəqəsinin problemlərinə bələd ola biləcək insan olmalıdır. Yəni xalqın gəncliyinin içərisindən çıxan olmalıdır. Amma tutaq ki, ömür boyu Azərbaycandan xaricdə yaşayan, Kembric Universitetində təhsil alan şəxs çətin ki, yaxşı gənclər və idman naziri olsun. Çünki qeyd etdiyim kimi, bu nazir mütləq xalqın içərisindən biri olmalıdır. Gələcək nazirin sırf idmançı olması da məqsədəuyğun deyil. Çünki nazir gənclərlə ünsiyyət qurmalı, siyasəti müəyyən etməli, təşəbbüsləri olmalı, bəzi məsələləri qaldırmalıdır”.