Azərbaycana hər zaman dost ölkə olan, 44 günlük müharibədə də dəstəyini əsirgəməyən İsrailin 1992-ci ildən Bakıda səfirliyi olsa da, bizim Tel-Əvivdə hələ də diplomatik korpusumuz yoxdur. Bu məsələ dəfələrlə dilə gətirilib və problemin əsas faktoru kimi İran göstərilib.
Açıq demək lazımdır ki, rəsmi Bakı Tehranın bundan qıcıqlanacağını yəqin edərək İsraildə səfirliyimizin açılması üçün təşəbbüs göstərməyib. Lakin Azərbaycan Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaratmaqdadır və öz dostlarını, əsl tərəfdaşlarını, ona səmimi olan ölkələri tam aydınlaşdırdığı üçün Tel-Əvivdə səfirliyin açılmasının zamanıdır. Və nəinki vaxt yetişib, çox gecikmişik. Dəfələrlə siyasi şərhçilər də Azərbaycanın İsraildə səfirliyinin açılmasına görə İranın hər hansı iradı olmayacağını bildiriblər. Halbuki İranla çox yaxın olan Ermənistanın İsraildə səfirliyi fəaliyyət göstərir və buna görə Tehran İrəvana heç nə demir.
“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan səfirlik açmaqda ləngisə də, 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir. Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrailin xarici işlər naziri Qabi Aşkenazi isə İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclasında bildirib ki, Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və enerji resurslarının ən böyük təchizatçısıdır. Bu, kifayət qədər əhəmiyyətli açıqlamadır və yəhudi dövləti bizi özünə müttəfiq görür. Nazir əlavə edib ki, Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik.
Bu açıqlama ilə qoşa addımlayan diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açılması niyyəti iki dövlət arasında əlaqələrin daha da sıxlaşmasında atılmış mühüm addımlar olacaq. Ancaq diplomatik statuslu ticarət nümayəndəliyi nə deməkdir? Bəs Azərbaycan diplomatik nümayəndəliyi, yəni səfirliyi nə vaxt açılacaq?
İsrail mediasına müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu sualla bağlı demişdi ki, Azərbaycan-İsrail əlaqələri bizim səfirliklərimizin olduğu bir çox ölkələrlə əlaqələrdən qat-qat yüksək səviyyədədir. Əlbəttə, bu, çox gözəldir. Lakin uzaq Braziliyada səfirliyimiz olduğu halda İsrail kimi müttəfiq ölkədə səfirliyin açılmasına nə mane olur? Hələ də İran amili əngəldirmi?
Əngəl deyərkən Tehran bundan niyə qəzəblənsin və yaxud kontur cavab nə ola bilər ki? Azərbaycan dost ölkələrdə səfirlik açması üçün qonşularından icazə almalıdırmı? Axı qonşularla yola getməyən dövlətlərdə “bizim səfirliyimiz olmamalıdır” deyə öhdəliyimiz yoxdur.

Asim Mollazadə: “Ticarət və turizm nümayəndəliklərinin açılması müsbət qərarlardır, ümidvaram, səfirlik də açılacaq”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İsraildə həm ticarət, həm turizmlə bağlı nümayəndəliklərin açılması qərarı çox müsbət və vaxtında olan addımdır. Onun sözlərinə görə, biz İsraillə tərəfdaş ölkələrik, əməkdaşlığımız çoxşaxəlidir: “Bu prosesə mane isə İsraildə təmsilçiliyin olmamasıdır. Bu nümayəndəliklər bizim əlaqələrin inkişafına yaxşı mənada ciddi təsir edəcək. Çünki İsraildən Azərbaycana turist mərkəzlərinə səfərləri təşkil edilə bilər. Eyni zamanda, bizdən də ora turist səfərləri ola bilər. İki ölkə arasında aviareyslər var, artıq maydan İsrail tərəfi pandemiya qadağalarını ləğv etməyə hazırlaşır, vaksinlər demək olar ki, tam istifadə edilib, buna görə ticarət və turizm nümayəndəliklərinin açılması müsbət qərarlardır”.
Deputat hesab edir ki, İsraillə bizim həm ticarət, həm digər sahələrdə, QHT sektorunda mühüm əməkdaşlığımız var. Tel-əvivdə səfirliyin açılmamasına gəlincə, A.Mollazadə bu məsələni dəfələrlə qaldırdığını yada saldı: “Səbəblər var, amma ümidvaram ki, tezliklə açılsın. Bizim bir sıra ölkələrdə səfirliyimiz var, İsraildə niyə olmaması haqda məlumatlı deyiləm”.

Elxan Şahinoğlu: “Kimdən və nədən çəkinirik, səfirlik də olacaq, amma Qüdsdə yox, Tel-Əvivdə açılsın”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, biz dost ölkəyiksə, bu prosesi ləngidə bilmərik: “Zənnimcə, hətta bu il də səfirlik açıla bilər. Əsas məsələ ondan ibarətdir ki, səfirlik Qüdsdə yox, Tel-Əvivdə açılsın. Çünki Qüdslə bağlı BMT-nin qətnamələri var. Biz nə həmin qətnamənin tələblərini, nə də ərəb dünyası ilə əlaqələri poza bilərik. Dediyim kimi, proseslərin inkişafı onu göstərir ki, İsraildə səfirlik açılacaq”.
Politoloqun ehtimalına görə, Azərbaycanın yaxın müddətdə İsraildə səfirliyi açılacaq: “Rəsmi Bakı birinci addım kimi Azərbaycanın İsraildə turizm və ticarət büroları açacaq. Bu məsələni yubatmağın yeri yoxdur. Kimdən və nədən çəkinirik? Əgər Azərbaycan rəsmiləri İsraili dost adlandırırlarsa, bu ölkədən aldığımız hərbi texnika müharibədə işimizə yaradısa, üstəgəl Ermənistan da İsraildə səfirlik açıbsa, biz İsraildə səfirliyin açılmasını niyə ləngitməliyik?”

Asif Nərimanlı: “İranda “sionist rejim Qarabağda İrana təhdiddir” çıxışları edirlər, səfirlik xəbərindən sonra hücumlara hazır olmalıyıq”
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılmamasının səbəbi Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə İranın narazılığını daha da artırmamaq idi: “Bakıya gələn ərəb turistlərindən tutmuş, İsrail istehsalı olan filmlərdə Azərbaycanın adının keçdiyi xırda kadra qədər hər şeyi özünün “dövlət təhlükəsizliyinə təhdid” kimi yozan İran regionda ən çətin anlayan ölkədir. Bu baxımdan Azərbaycanın səfirlik məsələsində gözləmə mövqeyini İsrail də anlayışla qarşılayırdı”.
Siyasi təhlilçinin fikrincə, indi ərazilər azad olunub və prinsipcə gecikmiş işi yerinə yetirməyin önündə maneə qalmır: “Məlumatlar da bu istiqamətdə prosesin başladığı yönündədir. İranda isə artıq martdan etibarən “sionist rejim Qarabağda İrana təhdiddir” iddiaları üzərindən çıxışlar edirlər. Səfirlik xəbərindən sonra hücumların artacağına da hazır olmalıyıq”.
