|
Separatçı “lider” Moskvadan “qazı alınmış” qayıtdı, erməniləri ittiham etdi

Tofiq Abbasov: “Araiki Moskvada başa salıblar ki, artıq siz heç kimsiniz...”

Qarabağdakı erməni toplumun “rəhbəri” kimi tanınan Araik Arutyunyan Moskvadan qayıdıb və Xankəndində bəzi etiraflarla çıxış edib.

Virtualaz.org xəbər verir ki, Araik hansısa “nazirlikdə” keçirdiyi müşavirədə Qarabağ müharibəsinin başlanmasının səbəbləri haqda danışıb, bunda erməni tərəfinin günahkar olduğunu təsdiqləyib. Və bildirib ki, müharibəni uduzacaqları hələ oktyabrın əvvəllərində ona aydın idi. “Lakin Ermənistanın siyasi qüvvələri döyüş əməliyyatlarının tezliklə dayandırılması barədə konsesunsa gələ bilmədilər. Həmin günlər bir çox siyasi qüvvələr hərbi əməliyyatların dayandırılmasını satqınlıq hesab edirdilər” - deyə, bildirib.

İndi o, müharibədəki məğlubiyyətlərini “keçmişdə yol verilən səhvlərlə” izah edir. Bildirir ki, erməni hərbi-siyasi rəhbərliyi 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra “dünya praktikasından” dərs çıxarmadı və danışıqlar prosesində üstünlüyə malik olduqları halda daha əlverişli həllə nail ola bilmədilər. Araik erməni tərəfinin məğlubiyyətinin onun güzəştsiz mövqeyi ilə bağlı olduğunu da deyir. “Çünki biz daim təkrar edirdik: bir qarış da torpaq vermərik”, - o bildirib. Moskvadan qayıdan Arutyunyan Qarabağ ermənilərinin və Ermənistanın gələcəyinin ancaq Rusiya ilə bağlı olduğunu da deyib.

Araikin Moskvadan qayıtdıqdan sonra verdiyi bu açıqlamaların mənası, pərdəarxasında nə var?

Prinsipcə, “Moskvadan ağıllanıb qayıdıb” da demək olar. Amma bu bir hiyləgər erməni gedişi də ola bilər. Moskvadan qayıtdıqdan sonra radikal mövqe sərgiləsəydi, rəylər daha fərqli ola bilərdi.

Tofiq Abbasov: “Dinlərarası münasibətlərin gərginləşməsində hər iki tərəf  günahkardır”

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov bildirdi ki, ermənilərin reallıqla rabitə əlaqələri çox zəifdir: “Vaxtaşırı o rabitə tamamilə qırılır. Özlərini həmişə göylərdə hiss edirlər. Onlar narazı ola-ola həm də şikayətçidirlər. Ünvanlar axtarışında olurlar ki, giley-güzarlarını ora söyləsinlər. ”Bütün dünya yalandır, bir ermənilər düzdür" kimi boş düşüncəyə sahibdirlər. Gündəmdə olan üçtərəfli razılaşmada olan bəndlərin yerinə yetirilməsidir. Üç rəhbərin razılığı ilə “Yol xəritəsi” də ortada var. Orada qaranlıq heç nə yoxdur. Bütün tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. Burada narazı tərəf Ermənistandır. Çünki Azərbaycan tərəfi üzərinə düşəni yerinə yetirir. Ola bilsin ki, Araik Paşinyanın razılığı ilə Moskvaya getmişdi. Bir sözlə, hazırda milyonlar axtarışındadırlar. Amma mənə elə gəlir ki, bu alınan iş deyil. Özlərini göylərdə hiss etdikləri üçün reallıqları görmürlər. Amma əslində onların “qazları” çoxdan uçub gedib. Qalib deyildilər, amma özlərini belə aparırdılar. Azərbaycan onların qalib hissini də darmadağın etdi. Artıq çıxılmaz vəziyyətdə qalan düşmən özünə arxa cəbhə yaratmaq istəyir. Bu da alınan deyil. Bir halda ki Araik Moskvadan peşman qayıdıb, demək, ona başa salıblar ki, artıq istəklərinizi, şıltaqlığınızı kənara qoyun, siz heç kimsiniz, söz sahibi də deyilsiniz. Qalib Bakı və Moskvadır. Biz nə deyiriksə, onu qeyd-şərtsiz yerinə yetirməlisiniz. Ola bilsin ki, son şansları idi və burada da heç nəyə nail ola bilmədilər. Ağılları olsa, köhnə bazarın bitdiyini anlayarlar".

Məhəmməd Əsədullazadə - Xankəndi, Xocavənd və Ağdərədə de-fakto... - En  yeni xeber, Son xeber, Azerbaycan xeberleri yeni, Xeberler, Media xeber

Məhəmməd Əsədullazadə 

Siyasi ekspert Məhəmməd Əsədullazadə dedi ki,  Azərbaycan Qarabağ müharibəsini demək olar ki, Ermənistanla həll edib: “Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni separatçılarının qalıqlarının qalması və artıq onların qorxu ilə danışması Azərbaycanın əzici üstünlüyünün bariz nümunəsidir. Qeyd edim ki, ilk növbədə, Araikin Moskvaya səfərinin təşkil edilməsi Moskvanın qanunsuz addımı idi. İlk növbədə, o, Azərbaycana təhvil verilməli idi. Biz görürük ki, separatçı müharibədə məğlubiyyəti birbaşa güzəştsiz mövqe tutmayan erməni siyasi rəhbərliyini günahlandırır. Araikin əsas planı ondan ibarətdir ki, danışıqlar yolu ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati sərhədləri qayıtsın. Qeyd edim ki, bu artıq mümkünsüzdür və Azərbaycan Xankəndiyə tam nəzarəti bərpa etmək planına malikdir. Ümumiyyətlə, hərbi cani və separatçı Araik Arutunyan Azərbaycanla tərəf ola bilməz. Onun nə dedikləri bizim üçün maraqlı deyil. Məsələ ondan ibarətdir ki, o, müharibədə məğlub olacaqlarını bildiyini və burada Ermənistan rəhbərliyinin vahid bir fikrinin olmadığını qeyd edir. Bunda məqsəd baş nazir Nikol Paşinyanın seçki ərəfəsində mövqeyinə zərbə endirməkdir. Araikin hansı mövqedə olması, əsasən Azərbaycanın suverenliyini qəbul etməsi mümkün görünmür. İlk növbədə, o cinayətkardır. Birinci və ikinci Qarabağ müharibəsində bizə qarşı silah işlədib. Rusiyanın onu qoruması ilk növbədə qanunsuzdur. Rəsmi Bakı bir müddətdən sonra hərəkətə keçib, Araiki və onun başına topladığı cinayətkar dəstəni cəzalandıracaq. Oturublar Azərbaycanın şəhərində, bizimlə şərt dilində danışmağa cəhd edəcəklərsə, növbəti ”Dəmir yumruq"u görəcəklər. Ona görə də bu kimi separatçıların yeri yalnız həbs və aradan götürməkdir. Buna da Azərbaycan nail olacaq. Onun bundan sonra ağıllanması da mümkün deyil. Terrorçu və separatçılar yalnız məhv edilməlidir. Qarabağdakı separatçı qalıqları bu aqibət gözləyir".