Bir neçə gün öncə keçirilən "Oskar" mükafatlandırma mərasimində qaliblər məlum oldu.
Qeyd edək ki, bu il keçirilən 93-cü "Oscar" mükafatlandırma mərasimi pandemiya səbəbindən dünyanın müxtəlif yerlərində qurulmuş studiyalarda təşkil edildi. Dünyanın səbirsizliklə gözlədiyi mərasimdə "Nomadland" ("Köçərilər") filmi 3 nominasiyada “Oskar” mükafatına layiq görülüb. Filmin rejissor Xloe Çjao "Oscar"ın tarixində ilk dəfə olaraq ən yaxşı rejissor mükafatı qazanan asiyalı qadın olub. Onun filmi həmçinin “Ən yaxşı film” və “Ən yaxşı qadın rolu” nominasiyalarında da əsas mükafatı qazanıb.
Çjao mükafatı alarkən qeyd edib: "Bu mükafatı bütün çətinliklərə baxmayaraq yaxşılığa doğru müqavimət göstərməyə inamı və cəsarəti olan hər kəs üçün alıram. Əlbəttə ki, insanlar yaxşıdır. Mən hər zaman dünyanın hər yerində tanış olduğum insanlarda yaxşılıq tapa bilmişəm".
"Nomadland" filminin hekayəsi ABŞ-ın qərbində, mikroavtobusda köçəri kimi yaşayan, müvəqqəti işlərdən pul qazanan və yol boyu özü kimi köçərilərlə tanış olan Fernindən bəhs edir. Obrazı Françes McDormand canlandırıb. Filmdəki aktyorların əksəriyyəti peşəkar deyil, bəziləri isə real həyatda köçəri həyatı yaşayır.

Maraqlıdır ki, Çin hökuməti “Nomadland” filminin rejissoru Xloya Çjaonun haqqında yazmağı qadağan edib. Buna səbəb Çjaonun bir müddət əvvəl “Çində yalanın əhatəsində böyüdüyü” barədə açıqlamaları olub.
Bəs necə oldu ki, qeyri-peşəkar aktyorların çəkildiyi film dünyanın ən nüfuzlu film festivalının qalibi ola bildi? Azərbaycanlı mütəxəssislər bunu necə dəyərləndirir?
Mövzu ilə bağlı Azərbaycanda Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov “Yeni Müsavat”a dedi ki, filmi izləməyib: “Lakin ümumi fikrimi qeyd edə bilərəm ki, artıq insanın kinoda əsas rol oynaması fikri, Şərq təfəkkürünə qayıdış başlayır. A kateqoriyalı, o cümlədən “Oscar”, “Kann”, “Berlin” film festivallarına nəzər yetirəndə görürük ki, Şərqdən, yəni Yaponiya, Koreya, Çin, Koreya, Tailanddan gələn filmlər ön plana çıxır. Çox təəssüf ki, avropalılar insan faktoruna doyub və onlar kinoteatrlara yalnız filmlərdə texniki və vizual yenilikləri görmək üçün gedirlər.

Rəşad Qasımov
İkinci Dünya müharibəsindən sonra neorealizm cərəyanı yarandı. Müharibədən sonra insani faktorları, bununla bağlı qabardılan filmlər ön plana çıxdı. Beləliklə filmlərdə əsasən müharibədən sonra insanların çəkdiyi ağrılar, psixoloji sarsıntılar öz əksini tapırdı. İlk neorealist ekran əsəri 1945-ci ildə rejissor Roberto Rosselinin çəkdiyi “Roma açıq şəhərdir” (1945) bədii filmi hesab olunur. Bunun ardınca R.Rosselini
“Payza”filmini çəkdi. Daha sonra isə Cüzeppe De Santes
“Faciəli ov”, Vittorio De Sika “Velosiped oğruları” filmlərini ərsəyə gətirdi. Bu filmlərdə əsasən əhalinin sosial vəziyyəti və
bundan doğan işsizlik, satqınlıq, əxlaqsızlıq, lakin bütün çətinliklərə baxmayaraq, gələcəyə inam , insanların gələcəyə inamı, iradəsi əks olunurdu.
Mənim üçün “Velosiped oğruları” filmi bütün dövrlərin ən yaxşı filmidir. Filmdə aktyorlar peşəkar deyil, hiss olunur ki, rejissor vizual səhnələri qurmaq üçün nə qədər əziyyət çəkib. Lakin film çox gözəl alınıb, çünki insanların həyatına çox yaxındır.
Həmin illərdə artıq azərbaycanlı rejissorlar da neorealizm cərəyanından bəhrələnməyə başlamışdı. Bununla da rejissorlarımız müəyyən mərhələdən sonra ən baxımlı filmlərini yaratdılar. Məsələn, “Bizim Cəbiş müəllim”. Filmə baxan kimi bilinir ki, əsər neorealizmdən bəhrələnib, qəhrəmanlar - Cəbiş müəllim, onun həyat yoldaşı və digərləri insanlara çox yaxındır.
Beləliklə, çox sevindirici haldır ki, artıq A kateqoriyasında olan film festivallarında filmləri izləyəndə görürük ki, insan faktoruna
qayıdış var. Artıq əksəriyyət filmlər ailə-məişət mövzuları, cəmiyyətin sosial psixoloji problemi ilə bağlı çıxarılan nəticələr üzərində qurulan filmlərdir. Yəni, daha “Avatar” kimi texnikanın kinemaotqrafiya üzərində qələbəsi kimi göstərilən filmlər çəkilmir. “Avatar” filminə “Oscar” veriləndə bunu çox böyük təəssüflə qarşılamışdım. Düşünürdüm ki, bundan sonra yalnız kompyüter qrafikası, insan faktorlarını texnikanın imkanları üstələyən filmlər çəkiləcək. Çox şükür ki, bu cür hallar geridə qalmağa başlayıb”.
Tanımış rejissor Cəlaləddin Qasımov isə mövzunu bu cür dəyərləndirdi: “Bu il “Oscar”a layiq görülən filmi izləməmişəm. Lakin qeyd edə bilərəm ki, “Oscar” və dünyanın ən nüfuzlu festivalının əsas qalibləri ilk olaraq Hollivudun tanınmış aktyorları olur. Filmlərə gəldikdə isə, daha çox yenilikçi kimi çıxış edən filmlər mükafata layiq görülür. Bu baxımdan düşünürəm ki, "Nomadland" filmində də hansısa yeniliklər olub ki, diqqət çəkib və qalib ola bilib”.

Cəlaləddin Qasımov
Kino tənqidçisi Sevda Sultanova isə “Oscar”, “Venetsiya”, “Kann”, “Berlin” festivallarında mükafatı alan və baş mükafatları qazanan filmləri nəinki kino tənqidçisi kimi, adi bir tamaşaçı kimi də ciddiyə almıram. Çünki baş mükafatı alan filmlər bir qayda olaraq marketinq maraqlarına hesablanır. Yəni, burada sənət meyarları nəzərə alınmır.
Əslində həmişə belə olub. Lakin son illər bu məsələ öz həddini daha da aşıb. Bura həmçinin gender bərabərliyi, homoseksualların da maraqları əlavə olunduğundan demək olar ki, sənət ümumiyyətlə təhqir olunur. Hesab edirəm ki, “Nomedland” filminin qalib olmasında onun rejissorunun qadın olması mühüm rol oynayıb. Çünki gələcək illərdə artıq “Oscar”da dəyişikliklər etmək istəyirlər. Məsələn, 2024-cü il üçün “Oscar”a namizdə olan filmlərə irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərə mübarizə məqsədi ilə yeni qaydalar müəyyənləşdirilib. Bu qaydalara görə birinci və ikinci planda oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə yerdən qalan truppanın ən azı 30 faizini qadınlar, irqi, etnik, seksual azlıqlar və ya fiziki məhdudiyyətli şəxslər təşkil etməlidir. Hesab edirəm ki, bu yaradıcı işə müdaxilə, onu nəzarətə almaq deməkdir.
Sevda Sultanova
“Nomedland” filminə gəldikdə, filmin özü son dərəcə bəsit, sentimental, dramdır. Üstəlik film bir sənədli əsərə adaptatsiya olub. Rejissor filmin heç bir səhnəsində onun bədii həllini verməyib, sadəcə əsəri oxuyub və onu kinoya köçürüb. Burada hansısa kinematoqrafik fənd, özəllik, vizual stilistika görə bilmirik. Yəni filmdə rejissor baxışı yoxdur. Bəs onda bu film necə mükafat ala bilər? Qeyd etdiyim ki, filmin rejissorunun qadın olması, eyni zamanda mövzu hazırki vəziyyəti, dünyada baş verən sosial-psixoloji, iqtisadi böhranı əks etdirdiyi üçün
mükafat ala bilib”.
Xatırladaq ki, Hollivudun məşhur Entoni Hopkins "The Father" ("Ata") filmindəki ifasına görə ən yaxşı aktyor nominasiyası üzrə “Oscar” mükafatına layiq görülüb. Bununla da 83 yaşlı Entoni Hopkins bu mükafatı alan ən yaşlı aktyor kimi tarixə düşüb.
Ən yaxşı sənədli film nominasiyasında isə "My octopus teacher" ("Mənim ahtapot müəllimim") filmi qalib olub.
Emerald Fennell isə “Promising Young Woman” (“Perspektivli gənc qadın”) filmindəki ən yaxşı ssenariyə görə mükafat qazanıb.
Mükafatı alan Emeral Fennell ""Oskar"ı qazana biləcəyini düşünmədiyini" deyib.
Ən yaxşı əcnəbil dildə film nominasiyasında isə “Another Round” (“Başqa raund”) filmi qalib olub.
Ən yaxşı köməkçi aktyor mükafatını “Judas and the Black Messiah” (“İuda və qara Məsih”) filmindəki roluna görə Daniel Kaluyaya verilib. Bu Kaluuyanın karyerasında qazandığı ilk böyük mükafatdır.
Mükafatı alan Daniel Kaluya öz çıxışındakı sözləri ilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, aktyor mərasimdə olan valideynlərinə üzünü tutaraq, deyib: "Əziz ana və atam, cinsi əlaqəyə girib məni dünyaya gətirdiyinizə görə təşəkkür edirəm". Oğlunun bu sözlərini eşidən anasının reaksiyası diqqət çəkib.

Yuh-Jung Youn isə “Minari” (“Minari”) filmindəki roluna görə ən yaxşı köməkçi aktrisa mükafatını alıb. Bununla da aktrisa bu nominasiyada mükafat alan ilk koreyalı aktrisa kimi tarixə düşüb.
Mükafatı Brad Pitdən alan Yuh-Jung Youn "Cənab Pit, nəhayət sizinlə tanış olduğum üçün çox şadam" sözləri ilə tamaşaçıları güldürüb.
“Ma Rainey's Black Bottom” (“Ma Raineynin qara dibi”) filmi isə ən yaxşı makiyaj və saç düzümünə görə qalib olub.
“Sound of Metal” (“Metal səs”) isə ən yaxşı səs nominasiyasında qalib olub. Mükafat Nikolas Beker, Ceym Bakşt, Mişel Coutolens, Karlos Cortés və Fillip Bladha verilib.
"Two Distant Strangers" (“İki uzaq qəriblər”) isə ən yaxşı qısa film mükafatına layiq görülüb.
Filmin rejissorlarından biri olan Travon Fri mükafatıalarkən ABŞ-da polis tərəfindən öldürülən qaradərili insanları xatırladıb: "Amerikada polislər hər gün orta hesabla üç nəfəri öldürür. Bu ildə təxminən min insan deməkdir. Ölənlərin əksəriyyəti qaradərilidir. Ceyms Baldvinin dediyi kimi "Birinin edə biləcəyi ən mənfur şey, laqeyd qalmaqdır". Buna görə sizdən bu məsələyə laqeyd qalmamağınızı xahiş edirəm. Çəkdiyimiz zülmlərə biganə qalmayın”.
"If Anything Happens I Love You" ("Əgər bir şey olarsa mən səni sevərəm") filmi isə ən yaxşı qisa animasiya mükafatına layiq görülüb.
Ən yaxşı animasiya nominasiyasında "Ruh" filmi "Oscar" qazanıb. Film ikinci "Oscar"ını ən yaxşı musiqi nominasiyasına görə alıb.
Ən yaxşı mahnı nominasiyasında isə "Fight for You" ("Sənin üçün mübarizə") və "Judas and the black Messiah" ("İuda və Qara Məsih") filmləri qalib olub.
Entoni Qiaçino və Alisa Doyardın "Colette" ("Colette") sənədli filmi isə ən yaxşı qısametrajlı film mükafatını alıb.
“Tenet” (“Tenet”) filmi ən yaxşı vizual effektlər nominasiyasında "Oscar" qazanıb.
Ən yaxşı prodüser dizaynı "Mank" (“Xoşbəxt”) filminə verilib. Film ən yaxşı kinematoqrafiya nominasiyasında da ikinci "Oskar"ını alıb.
