|
Avropa Parlamenti: “Birlik ölkələri rus qazından imtina etsin, Rusiya SWIFT sistemindən kənarlaşdırılsın”

Avropa Birliyinin Parlamenti Rusiyaya qarşı sanksiyların gücləndirilməsi çərçivəsində onun SWIFT bank sistemindən xaric edilməsini təklif edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, AB-nin qanunverici orqanı “Moskvanın Ukraynaya qaşrı təcavüzkar siyasətinin davam etməsi halında rus qazı və neftindən imtina olunması” barədə qətnamə çıxarıb.

Qeyd etmək lazımdır ki, AB Parlamentinin qərarları yalnız tövsiyyəedici və deklarativ xarakter daşısa da, həmin aktlar Birliyin bütün instituları tərəfindən diqqətə alınmalıdır. Çünki başqa orqanlardan fərqli olaraq Parlament birbaşa Avropa Birliyinin 500 milyondan çox vətəndaşının iradəsini əks etdirir.

Bundan başqa, Kremlə yaxın biznesmenlərin və onların ailə üzvlərinin Avropa Birliyindəki bütün aktivlərinin dondurulması da qətnamədə əksini tapıb. Həmin iş adamlarının səyahət vizalarının ləğv olunması ayrıca müddəada göstərilib.

Sənədə əsasən, Avropa Parlamenti AB-Rusiya münasibətlərinin pisləşməsinə görə bütün məsuliyyəti Moskvanın üzərinə qoyur. Burada Putin rejiminin müxalif siyasətçi Aleksey Navalnını həbsdə tutması kəskin dillə pislənilir və onun azad olunması istənilir. Həmçinin Rusiyadan Donbasda münaqişənin nizamlanması məqsədilə imzalanan Minsk razılaşmalarına əməl etməsi və Avropa Birliyinə qarşı təxribatçı hərəkətlərdən çəkinməsi tələb olunur.

Sənəddə Rusiyanın Çexiyada “cinayətkar hərəkətlərinə” ayrıca yer verilib.