Bu günlərdə Amerika və NATO qüvvələrinin Əfqanıstandan çıxması prosesi başlayıb. ABŞ prezidenti Co Baydenin bu qərarının ardından Türkiyədəki - İncirlikdəki hərbi bazası da gündəmə gəlib. Artıq Türkiyə mətbuatı da bu barədə yazılar dərc etməyə başlayıb. Hətta bazanın bağlanması məsələsi yaxın günlərdə Türkiyə parlamentində müzakirə oluna bilər. Bununla belə, Türkiyənin rəsmi qurumları bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.
Məlumat üçün bildirək ki, 1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası, 1954-cü ilin dekabr ayında Türkiyə Silahlı Qüvvələrinin və Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin ortaq istifadəsinə verilib.
Zaman-zaman bu məsələ tez-tez gündəmə gəlib. Amerika-Türkiyə münasibətləri gərginləşən kimi bu söz-söhbətlər ortaya atılır.
Əfqanıstandan ordusunu çıxaran Pentaqon bir gün Türkiyədən də bazasını çıxararmı? Türkiyə “İncirlik”dən Baydenin tarixi səhvinə görə imtina edə bilərmi?

Əhəd Məmmədli: “Amerika qardaş ölkə ilə hərbi əməkdaşlığı daha da gücləndirəcək”
Politoloq Əhəd Məmmədli Amerikanın hərbi bazalarını heç bir halda Türkiyədən çıxarmayacağını düşünür: “Türkiyə indiki məqamda NATO-ya çox lazımdır. Çünki hərbi gücünə görə NATO-nun ikinci ordusudur. Üstəlik, Əfqanıstandan çıxırlar və Yaxın Şərqə təsir etmək üçün Türkiyə, Türkiyədəki hərbi bazalar lazımdır. Bu baxımdan düşünmürəm ki, Amerika qardaş ölkədən çıxacaq. Rəsmi Ankara özü təkid etməsə, NATO-dan çıxmasa, Birləşmiş Ştatların bazaları orada qalacaq və ABŞ Türkiyə ilə hərbi müttəfiqliyini davam etdirəcək. Hər baxımdan Türkiyə NATO üçün lazımdır. Bəlkə də tarixdə olmadığı qədər qardaş ölkə NATO-ya lazımdır, nəinki NATO Türkiyəyə. Baydenin ”soyqırım" ifadəsi bu məsələlərə əngəl törətməyəcək. Heç ermənilər belə bu ifadədən istifadə edə bilmədilər. Unutmayaq ki, Amerika prezidenti olan dövlət olsa da, çoxşaxəli ölkədir. Orada prezident məhdudiyyətli bir vəzifədir. Fikrimcə, bundan sonra Amerika Türkiyə ilə hərbi əməkdaşlığı daha da gücləndirəcək".

Elxan Şahinoğlu: “Belə bir addımı nə Türkiyə, nə də ABŞ atacaq”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da fərqli düşünmür: “Bu hərbi bazalar Amerika üçün çox vacibdir. İncirlik bazası çox mühümdür. Doğrudur, Amerikada Türkiyə ilə soyuqlaşan münasibətlərin fonunda belə müzakirələr aparılır ki, bəlkə hərbi bazaları Türkiyədən çıxaraq. Əlbəttə, bunlar qardaş ölkəyə yönəlik mənfi açıqlamalardır. Amma hərbi bazaların Türkiyədən İordaniya və digər ölkələrdən birinə köçürülməsi elə də asan məsələ deyil. Rəsmi Ankara da bu alətdən istifadə edir. Türkiyəyə qarşı da hər zaman təzyiqlər başlayanda müzakirələr aparılır ki, İncirlik hərbi bazasından imtina etmək lazımdır. Amma Türkiyə bu addımı atmır. Çünki bu, Amerika ilə körpülərin birbaşa yandırılması demək olardı. Onsuz da ABŞ keçmiş strateji müttəfiqi ilə münasibətlərini xeyli soyudub. Münasibətlərdə hazırda xeyli gərginlik var. Sonuncu olaraq, ”soyqırım"ın tanınması da bundan xəbər verdi. Amma bütün bunlara baxmayaraq, yaxın günlərdə İncirlik hərbi bazasının qapanacağını düşünmürəm. Belə bir addımı nə Türkiyə, nə də ABŞ atacaq. Çünki İncirlik Amerika ilə Türkiyə arasında sonuncu körpü hesab oluna bilər. Bütün hallarda bu baza Amerika üçün çox vacibdir. Çünki həmin baza üzərindən Amerika bölgənin Əfqanıstan, İraq, Suriya və digər ölkələrinə nəzarət imkanı qazanır".
