Deputatlar Türkiyəyə qarşı qərəzli mövqeni sərt tənqid etdilər
Aprelin 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova ilk olaraq ABŞ prezidenti Co Baydeninin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə münasibətini ifadə etdi.
“106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı ilə bağlı iddia Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olub. Tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı ərazisində ermənilərin soyqırıma məruz qoyulması barədə iddia cəfəngiyyat və şoudur”, deyə, S.Qafarova bildirdi. Spiker qeyd etdi ki, 20-ci əsrin əvvəllərində yüz minlərlə azərbaycanlılar, türklər ermənilər tərəfindən məhv edilib. Azərbaycan xalqına qarşı soyqırım baş verib, ermənilər Bakıda, Şamaxıda və digər ərazilərdə on minlərlə azərbaycanlını qətlə yetirib. “Əslində soyqırım baş vermişdir, amma bu cinayətin qurbanları azərbaycanlılar olub. 29 il bundan əvvəl ermənilər Xocalı şəhərində soyqırım törədiblər”", sədr əlavə etdi. Spiker bildirdi ki, Xocalı faciəsi kimi real soyqırıma göz yumanların saxta “erməni soyqırımı” haqda iddia irəli sürməsi, sadəcə, təəssüf doğurur.
Komitə sədri Zahid Oruc bildirdi ki, Amerika prezidentinin 24 aprel açıqlaması Ermənistanın faydasına deyil, gələcəkdə gerçək faciəsinə səbəb olan, məğlubiyyətində qonşu dövlətləri suçlandıran bir xalqın qəlbini ələ almağa və onları region dövlətlərindən qoparmağa, Türkiyəni Moskvadan ayırmağa və Suriyada, Liviyada təzyiq etməyə hesablanan riyakar plandır. “Baydenin çağırışı Qafqazlarda sona çatmış savaşı yenidən oyadır, sülh prosesinə zərbə vurur”, Z.Oruc əlavə etdi.
Deputat Vahid Əhmədov Türkiyəyə qarşı aparılan qaralama kampaniyasına etiraz edərək bildirdi ki, 40 ilə yaxın idi ABŞ prezidentləri “soyqırım” sözünü dilə gətirmirdilər. Yalnız Reyqan 1982-ci ildə bu ifadədən istifadə etmişdi, ondan 39 il sonra Bayden belə bir sözü işlətdi və böyük bir səhvə yol verdi. “Türkiyənin dünya düzənində rolunun artması dünya güclərini qane etmir”, deyən millət vəkili bildirdi ki, Türkiyə və Azərbaycan bir yerdə bu sınaqdan da çıxmağı bacaracaq. V.Əhmədov qeyd etdi ki, bir çox dövlətlərin Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfəri qəbul etmək istəmədikləri üçün belə davranırlar: “Fransa 44 günlük müharibə dövründəki xidmətindən bundan sonra da əl çəkən deyil. Fransa Türkiyə və Azərbaycana qarşı belə murdar əməllərini davam etdirəcək. Digər tərəfdən, 40 ildir ABŞ prezidentləri ”soyqırımı" sözünü dilə gətirmirdi. Bayden seçki dövründə ermənilərə verdiyi sözü yerinə yetirmək üçün indi bu sözü işlətdi və çox böyük səhv etdi. Onsuz da Amerika-Türkiyə münasibətlərində soyuqluq var idi. Türkiyə və ABŞ prezidentləri Brüsseldə görüşəcəkdilər. Əlbəttə, Türkiyənin dünya düzənində rolunun artması bu dövlətləri qane etmir. Azərbaycan Prezidenti bu məsələyə Ərdoğanla telefon danışığında çox yaxşı qiymət verdi".
Deputat Fazil Mustafa səslənən fikirlərə dəstək verərək, ardınca son həbslərdən bəhs etdi. “Bu yaxınlarda tibb işçiləri və icra başçısı həbs edildi. Niyə icra başçıları bundan örnək götürmürlər?”, - deyə sual edən F.Mustafa əlavə etdi ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanılmalıdır: “Əsas məsələ sistemə yeni yanaşma ilə bağlıdır”. Deputat qeyd etdi ki, hansısa rayonda icra başçısının qanunsuz hərəkətlərinə etiraz edən polis, prokurorluq, məhkəmə görə bilmərik, bu, mümkün deyil. “Ona görə də biz səlahiyyət məsələsinə yenidən baxmalıyıq”. F.Mustafa bələdiyyə institutu ilə bağlı təklif verdi: “Biz Azərbaycanda ciddi struktur islahatlarına başlamalıyıq. Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bununla bağlı da seçki keçirilməlidir. Siyasi partiyalar da bu seçkilərdə iştirak etsinlər”. Deputat qeyd etdi ki, proparsional sistem əsasında siyasi partiyaların seçkilərdə iştirakı təmin olunmalıdır.
Deputat Əli Məsimli dedi ki, artıq Türkiyə 106 il öncəki gücsüz dövlət deyil, çox böyük regional gücdür. “Fransa senatının sədrinin riyakar, tarixi həqiqətlərdən uzaq olan bəyanatı ondan xəbər verir ki, hədəfdə Qarabağdır”, deyən deputatın sözlərinə görə, artıq Türk dünyasının birliyinə nail olmaq lazımdır. Ə.Məsimli Azərbaycan parlamentinin adından hansısa ünvanlara etiraz bəyanatının hazırlanmasını da təklif etdi.
Deputat Qüdrət Həsənquliyev də ABŞ prezidentinin qondarma “soyqırım”la bağlı yanlış mövqeyindən bəhs etdi. “ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydeni yuxulu Co adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına böyük ehtiyac var”, deyən deputat xatırlatdı ki, biz ABŞ-ın bu mövqeyini daha öncə də görmüşdük: “ABŞ erməniərin Azərbaycan torpaqlarını işğal etməsinı, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi. Əksinə, Azərbaycan 90-cı illərdə bəzi torpaqlarını azad edəndə 807-ci düzəlişi etdilər”. Q.Həsənquliyev ABŞ-ın siyasətini tənqid edərək daha sonra bildirdi: “Onlara 1992-ci ildəki Türkiyə lazımdır. O zaman Azərbaycan torpaqları işğal olunanda Türkiyə rəhbərliyinə təzyiq etdilər ki, siz Ermənistana taxıl yardımı edin”. Deputat bildirdi ki, Baydenin ermənilərin yox, vicdanının səsinə qulaq asmasına çox böyük ehtiyac var. Q.Həsənquliyevin sözlərinə görə, Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır: “Əgər onlar Paşinyana dəstək vermək istəyirdilərsə, bunu başqa cür edə bilərdilər. Fransa senatının açıqlamaları, Baydenin bu çıxışı göstərir ki, artıq onlar vasitəçilik missiyasını həyata keçirmək üçün mənəvi haqlarını itiriblər”. Q.Həsənquliyev Azərbaycandakı 48 siyasi partiyanın, QHT-lərin, media orqanlarının Türkiyəyə dəstək verdiyini xatırlatdı və bu yanaşmaları təqdir etdi.
Deputat Sabir Rüstəmxanlı bildirdi ki, Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var: “Baydenin seçilməsi ilə bağlı legitimlik hələ də sual altındadır. Bu gün dünyaya demokratiyadan dəm vuran Avropa ölkələrinə Türkiyə dərs verib. Hesab edirəm ki, Azərbaycan demokratik seçki ənənələrini davam etdirməlidir, güclü şəkildə demokratiya ənənələrini inkişaf etdirməlidir”.
Plenar iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edildi. Sədr Sahibə Qafarova gündəlikdəki məsələ barədə məlumat verdikdən sonra deputatlar məsələ haqqında fikirlərini bölüşdülər.
Komitə sədri Siyavuş Novruzov MSK-nın işini yüksək qiymətləndirdi. Deputat Sabir Rüstəmxanlı isə yerlərdə icra hakimiyyətlərinin seçki komissiyaları formalaşdırılarkən müdaxilələrə yol verdiklərindən şikayətləndi.
Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçildi və bununla da MSK yenidən formalaşdırıldı.

Növbəti məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev koronavirus pandemiyası ilə bağlı durumdan bəhs etdi. O, ölkədə peyvəndləmənin gedişindən narahatlığını ifadə etdi. Bildirdi ki, ötən gün ölkədə birinci dozada cəmi 365 nəfər, ikinci dozada isə 3 nəfər peyvənd olunub, bu da aşağı göstəricidir. Deputat məsələyə ciddi diqqət yetirilməsini zəruri saydı və müvafiq ünvanlara çağırış etdi: “363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır? Bilmək istəyirəm, vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir? İnsanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır. Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”. Q.Həsənquliyev bildirdi ki, əgər 40 yaşınadək insanlar vaksinasiyada iştirak etmək istəmirsə, o halda yaş həddini aşağı salıb, daha aşağı yaşda olan vətəndaşlarımızın peyvəndlənməsini həyata keçirmək olar.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, ölkədə vaksin problemi yoxdur: “Ölkəmizdə kifayət qədər vaksin var. Yenidən 5 milyona yaxın vaksin ölkəmizə gətirilir və vaksin çatışmazlığı yoxdur. Amma vaksinasiyada iştirak etmək istəyən insanların sayı azdır. Milli Məclis də bu məsələdə öz töhfəsini verə bilər. Burada söhbət vaksinasiya işinə biganəlikdən gedir”. Komitə sədri dedi ki, bir sıra vaksinləri ölkəmizin bir klinikasında tədqiq edirlər və son mərhələdədir. “İndiyədək 40 yaşından yuxarı insanlar vaksinasiya olunur. Səhiyyə işçiləri hesab edirlər ki, 40 yaşından yuxarı insanlar vaksinasiya üçün gələcəklər. Əgər bu, olmayacaqsa, o halda yaş həddinin aşağı salınması məsələsinə baxıla bilər”.

Deputat Fəzail Ağamalı da vəziyyətlə bağlı vəziyyətdən narahatlığını ifadə etdi. “Ortada Çin, İsrail nümunəsi var. Bu, həm də Azərbaycan dövlətinin milli təhlükəsizlik məsələsidir. Ortada problem var. Elə etmək lazımdır ki, vaksinasiya kütləvi xarakter daşısın”, deyən F.Ağamalı qeyd etdi ki, KİV də vaksinasiyanın tətbiqi ilə bağlı təbliğat aparmalıdır. Deputat məsələ ilə bağlı məsul olan qurumlara xitab etdi: “Ya Səhiyyə Nazirliyi, ya TƏBİB, ya Tibbi Sığorta, bu məsələyə məsul olan hansı qurumdursa, hesab edirəm ki, 18 yaşından yuxarı vətəndaşlar üçün vaksinasiya məcburi xarakter daşımalıdır. Əks təqdirdə, bu məsələni həll etmək mümkün olmayacaq. Çünki təcrübə ortadadır. Vaksinasiya ölkədə çox zəif gedir”.
Spiker Sahibə Qafarova deputatın müraciətinə reaksiyasında bildirdi ki, hər bir deputat seçildiyi dairədə mütləq seçicilərilə bu haqda söhbətlər aparmalıdır: “Sizinlə çox razıyam ki, müvafiq qurumlar bu məsələyə çox ciddi yanaşmalıdırlar, çünki bu məsələ cənab Prezidentin diqqətindədir”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə “Fəzail müəllimin fikirlərinə çox böyük hörmətlə yanaşıram. Amma dünyanın heç bir ölkəsində vaksinasiya məcburi deyil, könüllüdür”, - deyə bildirdi.
Plenar iclasda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, dəyişiklik layihəsinin məqsədi prokurorluq işçilərinin maddi təminatının gücləndirilməsidir. Belə ki, dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.
İclasda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarıldı və qəbul edildi. Nizamnamə təsdiq edildikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir. Sənədə əsasən, Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir. Beləliklə, Nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də Assambleyanın bir şöbəsi yaradılmalıdır.
