Dünyada iqlim dəyişikliyi ilə mübarizənin aparılması ilə bağlı səyləri heçə endirən, dezinformasiyalar yayılmasına səbəb olan siyasi qütbləşmə və şirkətlər elmə də inamsız münasibət yaranmasına şərait yaradırlar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat ABŞ-ın keçmiş dövlət katibi və Birləşmiş Ştatların iqlim üzrə xüsusi səfiri Con Kerri tərəfindən səslənib.
Onun sözlərinə görə, dünyada “ekzistensial” (təşvişdoğurucu-red.) təhdidlərin öhdəsindən gəlməyin yolu ictimaiyyətdə ümumi razılıq və konsensusun əldə olunmasından keçir. “Biz həqiqətin əsaslarını müəyyən etməliyik. Əks halda demokratiya şərtlərində heç bir problemdə anlaşa bilməyəcəyik”,-deyə o bildirib.
İqlim dəyişikliyinin “acı inkarı” və siyasət tərəfindən görməzdən gəlinməsinin hər kəsə baha başa gələcəyini söyləyən Con Kerri bu məsələdə alimləri köməyə çağırıb. “Elm adamları həmişə qovğadan qaçmağa üstünlük veriblər. Lakin bizlər inkara qarşı müharibə aparırıq. İndi alimlər bu döyüşdə ön sıralarda durmalıdırlar”,-deyə o vurğulayıb.
