Britaniyalı ekspertlər kraliça II Elizabetin ölümündən sonra xanədanlığın əvvəlki gücünü tam itirəcəyi ehtimalını dilə gətirirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Vanity Fair” jurnalı məlumat yayıb.
“Düşünürəm ki, monarxiyanın bu gün tanıdığımız halı yalnız kraliçanın sağ olduğu müddətdə davam edə bilər”,-deyə britaniyalı siyasətçi Dayan Ebbot bildirib. Onun fikrincə, II Elizabetin bir şəkildə getməsi halında xanədanlığın gələcəyi ictimai müzakirəyə çıxarılacaq və bununla bağlı debatlara parlament də qatılacaq.
Dayan Ebbot əsas problemin şahzadə Harri və onun xanımı Meqandan irəli gəldiyini söyləyib. “Düşünürəm ki, krallıq ailəsi və onun müşavirlərinin Meqana qarşı törətdikləri dəyişiklər üçün mühüm arqumentlərdən birinə çevriləcək”,-deyə o bildirib.
Krallıq ailəsi haqqında kitablar yazan Anna Pasternak da eyni düşüncədədir. Onun sözlərinə görə, Harri və Meqan Böyük Britaniyanın simasını dəyişdirəcək prosesə start veriblər. “Hətta monarxiya bir arxaik institut kimi artıq tarixə qarışa bilər”,-deyə A.Pasternak əlavə edib.
Dayan Ebbotun qənaətinə əsasən, bundan sonra Bukinqem sarayı Skandinaviya monarixiyalarını xatırladacaq. Yəni kral və ya kraliça sadəcə nominal fiqur kimi ortada görünəcək, lakin əvvəlki təntənəli mərasimlər daha olmayacaq.
Qeyd edək ki, Dayan Ebbot 1987-ci ildə Britaniya parlamentinə seçilən ilk qaradərili qadın siyasətçidir. 2016-2020-ci illərdə o, müxalifətin formalaşdırdığı “kölgə kabineti”nin üzvü olub.
Anna Pasternak isə məşhur rus yazıçısı Boris Pasternakın qardaşı nəvəsidir. O, şahzadə Diana və Böyük Britaniya kralı VIII Eduardın uğrunda taxt-tacdan vaz keçdiyi amerikalı aktrisa Uollis Simpson haqqında kitabların müəllifidir.
