Mərkəzi Seçki Komissiyasının(MSK) sədri səlahiyyətlərini icra edən və parlamentin bu gün keçirilən plenar iclasında MSK üzvlüyünə təsdiqlənən Məzahir Pənahov qurumun yeni tərkibinin formalaşdırılmasından danışdı.
O, bildirdi ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, seçkilərlə bağlı böyük nailiyyətlər əldə edib: “Bu nailiyyətlər dayanıqlı siyasi stabilliklə bağlıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsi üçün hüquqi baza yaradılıb. Bu faktorlar ölkə başçısının özünün təşəbbüsüylə icra strukturları tərəfindən həyata keçirilir. Biz məsuliyyətimizi həmişə olduğu kimi, yaxşı başa düşürük. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK öz fəaliyyətini qanunvericiliyin tələbi əsasında həyata keçirir”.
M.Pənahov bildirdi ki, son illər Azərbaycanda seçkilərlə bağlı nailiyyətlər əldə edilib: “Bunlar hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı sabitliklə bağlıdır. Digər tərəfdən hüquqi bazanın yaradılması ilə əlaqədardır. Azərbaycan xalqı əmin olsun ki, məsuliyyətimizi çox yaxşı başa düşürük. MSK-nın fəaliyyəti yalnız və yalnız qanunvericiliyin və dövlətçiliyin maraqlarını gözləmək şərti ilə atılan addımlardan ibarət olacaq”.
Qeyd edək ki, böyük əksəriyyətini hakim Yeni Azərbaycan Partiyasının üzvləri təşkil edən Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəzinə Məzahir Pənahovun namizədliyini təsdiq edib. M.Pənahov Milli Məclisdə hakim partiya olan Yeni Azərbaycan Partiyasından namizəd göstərilib.
