|
İŞİD-ə maliyyə dəstəyinə görə həbs edilən 11 nəfərə ağır cəza istənildi - Hamısı aclıq edir

İŞİD-ə maliyyə dəstəyi göstərməkdə ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı həbs edilən şəxslərə 9-18 il il arası azadlıqdan məhrum etmə cəzası istəyib.

Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili müdafiə çıxışı edib və hüquqlarını müdafiə etdiyi şəxslərə bəraət verilməsini istəyib. Digər vəkillər isə çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 4-nə təyin edilib.

Məhkəmə binasının önünə toplaşan təqsirləndirilən şəxslərin yaxınları istənilən cəzaya etiraz ediblər.

Təqsirləndirilən şəxslər iki aya yaxındır aclıq aksiyası etdiklərini və məhkəmənin qısa zamanda ədalətli qərar verməsini istəyiblər.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə ittiham irəli sürülüb.