“Metsamor”un bağlanması həm də Ermənistanı Azərbaycandan asılı hala salacaq...
Azərbaycan “Metsamor” AES-in bağlanması üçün beynəlxalq ictimaiyyəti səfərbərliyə çağırıb. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar mətbuat açıqlaması yayıb.
Açıqlamada Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə bu faciədən zərər çəkən ölkələrlə və bütün insanlarla ölkəmiz adından həmrəyliyini ifadə edən qurum daha sonra bölgəni “Metsamor fəlakəti”nin gözlədiyini bildirir: “Bu fəlakətin genişmiqyaslı təsiri sübut etdi ki, atom elektrik stansiyalarının təhlükəsizliyi yalnız yerləşdikləri dövlətləri deyil, potensial risklərdən zərər çəkə bilən ətraf ölkələri də narahat etməlidir. Bu çərçivədə, Ermənistandakı Metsamor AES ilə əlaqəli risklər beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli şəkildə nəzərdən keçirilməlidir. Bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir. Köhnəlmiş texnologiya və mövqeyi Metsamoru dünyanın ən təhlükəli nüvə stansiyaları sırasına salır. Müxtəlif beynəlxalq təşkilatların bu obyekti ”bütün bölgə üçün təhlükə" adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan “Metsamor” AES-in istismar müddətinin bitməsinə baxmayaraq, hələ də ondan istifadə etməyə davam edir.
2020-ci ildə Avropa İttifaqı növbəti dəfə Ermənistanı AES-i bağlamağa çağırdı və qeyd etdi ki, “nüvə zavodu beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına tam cavab verəcək şəkildə təkmilləşdirilə bilməyəcək və bu səbəbdən də onun qısa zamanda bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur”.
Açıqlama bildirilir ki, “Metsamor”un istismarı zamanı köhnəlmiş texnologiyadan istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etməmək daha geniş bölgə üçün ciddi ekoloji problemlər yaradır: “Bundan əlavə, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq hadisələrinin təkrarlanması, zavodun və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar yaradır.
Bu anım günündə, bütün müvafiq beynəlxalq təşkilatları, nüvə təhlükəsizliyi və ətraf mühit məsələləri ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarını, eləcə də bölgə ölkələrini potensial fəlakətin qarşısının alınması barədə ictimaiyyətin məlumatlılığını artırmağa və AES-in bağlanması üçün səylərini səfərbər etməyə çağırırıq.

Əvəz Həsənov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov da vurğuladı ki, “Metsamor” AES-in eksplatasiya dövrünün başa çatdığı ilə bağlı fikirlər var: “Azərbaycan da bundan narahat olan bir ölkə kimi bunu dəfələrlə beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb. İstər Avropa Şurasında, istər AB tədbirlərində bu barədə danışılıb. Atom Elektrik Stansiyasında vaxtaşırı təmir-bərpa işləri aparmaq lazımdır və Ermənistanın hazırkı durumuna baxsaq, demək olar ki, o stansiyaya normal qulluq edilmir. Bizim ehtiyatlanmağımızın həqiqətən əsası var. Bu baxımdan Ermənistanı ”Metsamoru" bağlamağa təhrik edən hansısa sənədlərin də olduğunu deyə bilmərəm. Əlbəttə, Ermənistan atom elektrik enerjisi istehsal etdiyi üçün AES-lərlə bağlı sənədlərə qoşulub. Ancaq təbii ki, MAQATE-nin prinsiplərinə uyğun olaraq Azərbaycan tərəfinin də, gələcəkdə hər hansı hadisə olarsa, zərər çəkəcəyi gözlənilən İranın və Gürcüstanın da etiraz etmək hüququ var. İranda baş verən sızıntı da göstərdi ki, düzgün qulluq olunmadan, onun eksplatasiyası düzgün aparılmadan, istənilən AES region üçün çox təhlükəlidir. Bu baxımdan Azərbaycan da çalışmalıdır ki, beynəlxalq aləmə kömək etsin, o stansiyanın yararlılıq müddəti bitdiyi üçün yenidən bağlanması üçün kampaniyalarda iştirak etsin.
“Metsamor” AES-in fəaliyyəti bir müddət dayandırılmışdı, onlara müəyyən qədər təzminat lazım idi ki, MAQATE-nin əməkdaşları, AŞ qiymətləndirmə şurasının əməkdaşları baxış keçirsinlər. Ancaq 2006-cı ildə onlar yenidən fəaliyyətə başladılar. Beynəlxalq qurumlar da maraqlıdır ki, ya bu AES qapadılsın, ya da onun normal eksplatasiyası həyata keçirilsin. Lakin heç kim Ermənistanda alterntiv təklif etmədiyi üçün bu çətinlikdə qalıblar. Bu səbəbdən öz əhalisini belə riskə ataraq, bu çətin şəraitdə “Metsamor”u işlədirlər. Əgər “Metsamor”da hər hansı fəlakət baş verərsə, bunun Azərbaycana da zərəri dəyə bilər. Çernobıl hadisəsi zamanı şualanmış, zəhərlənmiş ərazinin radiusu bəllidir. Bu, həm də ekologiyaya çox güclü ziyan vura bilər. Ona görə də dünya ictimaiyyəti buna dırnaqarası baxmamalıdır".

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor”da baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaq. “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir.
Bunun üçün isə Ermənistana alternativ enerji mənbəyi lazımdır ki, onun təminatçısı rolunda da Azərbaycan çıxış edə bilər. “Metsamor” AES bağlanacağı halda Ermənistanın yeganə əlacı Azərbaycanla əməkdaşlıq ola bilər. Bu enerji asılılığı həm də regionda sülhün qorunub saxlanılması deməkdir.
