Onun sürətli keçidləri və dünyanı təəccübləndirən qərarları ahıl bir siyasətçinin hərəkətlərinə bənzəmir - Əfqanıstandan çıxış, Rusiya ilə Türkiyəni sıxma-boğma etmək...; konspiroloq: ““Böyük Ermənistan” liberalların layihəsidir, London əleyhinədir, Putinlə Ərdoğana müasir dünyanın Lenini ilə Atatürkü kimi baxırlar...“
Dünya Trampa dəli deyirdi, amma deyəsən, dəli Bayden imiş. Onun prezidentlik səlahiyyətlərinə başladığı gündən kuryoz addımları siyasi dəlilik əlamətlərini əks etdirir. Bəzən yaddaşsız, bəzən huşsuz olduğu deyilən, bəlkə də amneziyadan əziyyət çəkən amerikalı prezident “fırtına” qoparmaqda davam edir. Onun sürətli keçidləri və dünyanı təəccübləndirən qərarları heç də ahıl bir siyasətçinin hərəkətlərinə bənzəmir.

“Yeni Müsavat” yada salır ki, Bayden gah rusiyalı həmkarı Putini “qatil” adlandırır, sonra ona zəng edərək üçüncü ölkədə görüşə çağırır, gah Əfqanıstandan qoşunları geri çəkmək qərarı verir, zira, mayın 3-dən evakuasiya başlanmalıydı, aprelin 25-dən start götürür, gah da 106 il qabaq Osmanlı imperiyası dövrünə aid, uydurulmuş qondarma soyqırımı dövriyyəyə buraxır, Türkiyə kimi müttəfiqi ilə bağlarını qoparır, körpüləri yandırır. Bu xaotik görünən rituallarla Baydenin nə etmək istədiyini soyuq başla təhlil etmək çətindir. Lakin onun dünyada bir mərəkə qopardığı göz qabağındadır.
ABŞ hansı yeni dünya siyasətinə başlayıb və bu siyasəti biz harada gözdən qaçırmışıq? Bayden Amerika siyasətinin “köhnə binalarını”, “qüllələrini” - yəni ənənəvi siyasətini sökməklə, dağıtmaqla məşğuldur. Yerində nə tikiləcək? Tikiləcəkmi? Amerika, çoxlarının iddia etdiyi kimi, qürub dövrünü yaşayır, yoxsa daha bir intibah çağına hazırlaşır? Dərin böhran yaradıb, yenidən güclənmək xətti tutur?

Həmid Herisçi
Bu proseslərin dərinliklərində gəzişən telejurnalist, konspiroloq Həmid Herisçi yazıb ki, Vladimir Solovyovun verilişində Vladimir Avatkov - tanınmış Rusiya türkoloqu qarşısındakı bütün antitürk, anti-Azərbaycan koalisiyasına tutarlı cavabları ilə hörmətini artırdı:
“O dedi: ”Baydenin məlum antitürk mövqeyi uzaq məqsədlidir. O, “domino effekti”nə hesablanıb. Əvvəlcə, ABŞ soyqırımı qərarını qəbul edir, nəticədə avtomatik olaraq Türkiyə, Azərbaycanın vahid mövqeyi möhkəmlənir. Sinxron olaraq türk dünyası dalğalanır, Bakı ilə Ankara öz coğrafi nəzərini Şərqə, Türküstana çevirir. Dünyanı tən ortadan bölən coğrafi xətti, Qərbdə Britaniya, Şərqdə Yaponiya qapsayır. Beləliklə, dünya geopolitik xəritəsi yeni redaktorlar qazanır. Türk dünyası, texnoloji Yaponiya ilə Britaniyanın yedəyində dünya geopolitikasına sıçrayır. Avatkovun dedikləri qarşı tərəfdə əsl soyuq duş effekti yaratdı. Konstantin Zatulin başda, bütün antitürk, anti-Azərbaycan ordusu başını aşağı salladılar.
Ona görə Rusiya seçim etməlidir: ya Türk dünyasına yaşıl işıq yandırmalı, ya da Britaniya ilə Yaponiyanın timsalında həm Qərb, həm Şərq cəbhələrində sərhədlərini möhkəmləndirməlidir. Türklərə qarşı yalnız qədim Çin imperatorları möhtəşəm “Çin səddini” tikmişdilər. Rusiyanın ikinci bax bu “türk səddinə” gücü çatmayacaq. Rusiya təcili olaraq öz antitürk mövqeyində redaktələr aparmalıdır".
Bizimlə bu fikirlərini daha geniş şəkildə bölüşən Həmid Herisçi “Yeni Müsavat”a dedi ki, Böyük Britaniya “Brexit” nəticəsində “Avropa gəmisi”ni tərk etdikdən sonra Qərblə onun arasında, daha doğrusu, ingilislərlə fransızların qarşıdurması gücləndi: “Əslində deyim ki, bu qarşıdurma təzə deyil, böyük tarixə malikdir, 15-ci əsrdə yüzillik müharibə olub. Bu qarşıdurma göstərir ki, Londonla-Paris arasında bu müharibə davam edəcək, bəlkə də minilliyə çevriləcək. Paris liberal klubun, London konservativ güclərin paytaxtıdır. ”Böyük Ermənistan" liberalların layihəsidir. Liberallar hər yerdə var. Amerikada var, yəni Bayden, Fransada Makrondur, Rusiyada da liberallar çoxdur. Onların çox gizli, futuristik layihələri var, gələcəyə hesablanıb. Bu qüvvələr üçün həmin layihələrdə türk dünyası yoxdur, türk dünyasını qəbul etmirlər. Onların akademik elmlərinə baxanda görəcəksiniz ki, türkologiya yoxdur, nəinki Avropada, heç Rusiyada da yoxdur. Nəyə görə yoxdur?
Ona görə yoxdur ki, futuristik layihələrində nə türk dünyasının mədəniyyəti var, nə siyasi gələcəyi var. Bax, bu nöqteyi-nəzərdən liberallar türk dünyasını bölmək istəyirlər. Necə ki, “Sevr” müqaviləsi ilə Türkiyəni bölmüşdülər, indi Türkmənistanı, Özbəkistanı, Qazaxıstanı, Azərbaycanı bölmək istəyirlər. Bu, liberalların layihəsidir. Onun içində qorxulu “Ariana” layihəsi də var ki, İran liberalları da - Həsən Ruhani və Cavad Zərif orada iştirak edirlər. Altı ölkənin atom müqaviləsi də liberal proyektdir və İran bununla dünya gündəminə çıxır. Bu qüvvələr İranı üzə çıxarıb, türk dünyasını kölgədə qoymaq, türk dünyası ilə fars dünyasını qarşı-qarşıya qoymaq istəyirlər".
H.Herisçinin fikrincə, mühafizəkar qüvvələr - London klubu bunun əleyhinədir: “Yaponiya da bunu əleyhinədir. Nəticədə Londonla Tokio qütbləşib türk dünyasını öz yanına alır, uzaq müttəfiq qütblərə çevrilirlər. Baxın, Yaponiya maliyyə resurslarını, texnologiyalarını türk dünyasına buraxır, hətta ötən ilin dekabrında Britaniya ilə Türkiyə əbədi azad ticarət, bəli, məhz əbədi müqavilə imzalayıblar. Bu göstərir ki, Britaniya türk dünyası, eləcə də Azərbaycanla öz strateji gələcəyini formalaşdırdı.
![]()
Amma burada Rusiya çətin vəziyyətdə qalır. Çünki Amerika 1932-ci ildə birgə qərarla Rusiya və Türkiyəni tanımışdı. İndi də Putin və Ərdoğana eyni mövqe sərgiləyirlər, onlara müasir dünyanın Lenini ilə Atatürkü kimi baxırlar.
Necə ki o vaxt onları qəbul etmirdilər, indi də Ərdoğanla Putini qəbul etmirlər. Amma Leninin, Atatürkün və Nərimanovun səyləri nəticəsində Qərb dünyası parçalandı, Rusiya və Türkiyə qalib çıxdı. Bu gün Fransa liberal klubu məhz türk dünyasını buna görə qəbul etmir. Bu “soyqırımı” layihəsini də türk dünyasına qarşı hazırlayıblar. Biz Qarabağda, Suriyada, İraqda, Əfqanıstanda bunu görürük ki, proseslər türklərin əleyhinədir, əzab çəkən türk xalqlarıdır.
Sözsüz ki, tək deyilik, Yaponiya və Britaniya bizə böyük ittifaq təklif edirlər. Rusiya da “papağını qabağına qoyub” fikirləşsin - ya bizimlə olur, dividentlər qazanır, ya oyunu çoxvektrli edir, yəni Yaponiya və Britaniya ilə məhdudlaşdırmır, iştirakını təmin edir, eyni işi İran da eləsə yaxşıdır. Bunu etməyənlər isə tarixin arxivinə qovuşacaqlar.
Necə ki, 1922-ci ildə türk dünyasını dağıda bilmədilər, indi də bacarmayacaqlar. Və bir xatırlatma edim ki, Atatürkün mühafizəsi Moskva çekistləri tərəfindən həyata keçirilib. Onun cangüdəni dəyişəndən 2 il sonra öldü. Bu hadisələrdə çox müəmmalar var. Amma bu gün də Türkiyə-Rusiya işbirliyi gedir. SSRİ və Türkiyə Leninlə Atatürkün mirasıdır, onu Ərdoğanla Putin redaktə edirlər. Hadisələrə bu gözdən baxmaq lazımdır..."
