|
Aynişanın keçirdiyi yarışmada dələduzluq - Videolar

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın 1,2 milyonluq İnstaqram səhifəsində keçirdiyi "giveaway" ətrafında qalmaqal yaşanıb. Belə ki, Aynişanın seçim zamanı saxtakarlıq etdiyi iddia olunub.

Axşam.az xəbər verir ki, İnstaqramda bir çox səhifələrdə seçim zamanı əvvəlcədən müəyyən edilən şəxsin qalib kimi göstərildiyi bildirilib. Yazılan şərhlərdə hər kəs Aynişanı dələduzluqda ittiham edib.

Bir neçə həftə əvvəl Aynişan yarış keçirəcəyini, beş böyük hədiyyə və avtomobil verəcəyini bildirib. Ödəniş qarşılığında müxtəlif sponsorlar yığılıb. Yarışı Aynişan öz səhifəsində reklam etsə də, izləyiciləri başqa bir səhifəyə yönləndirib.

İlk növbədə qalibin seçiləcəyi "Random" proqramı blogerin telefonunda əvvəldən olub. O, canlı yayımda dörd qalibi seçib. Növbə əsas hədiyyəyə - avtomobilə gəldikdə isə Aynişan internetin zəif olduğunu, canlı yayımın kəsildiyini bildirib. Sosial şəbəkədə bunla bağlı video yayımlanıb və bildirilib ki, həmin ərəfədə təşkilatçılar əvvəldən müəyyən edilmiş şəxsə hazır olmasını, birinci zəngdə cavab verməməsini xəbər ediblər.