Bir zamanlar dünyanın ən böyük aysberqi olan “A68” əriyərək xırda parçalara ayrılıb
Qlobal istiləşmə dünyamızı təhdid etməyə davam edir. Bildiyimiz kimi, iqlim dəyişikliyi daha çox insan amillərinə görə yaşanır.
1800-cü illərdə insan tərəfindən istehsal olunan karbon dioksid (CO2) və digər qazların atmosferdə toplana biləcəyi narahatlıqdan çox maraqla qarşılandı. 1950-ci illərin sonunda artıq məlum oldu ki, CO2 göstəriciləri qlobal istiləşməyə səbəb olur.
Aparılan təcrübələr iqlim dəyişikliyinə zəmin yaratdı. Digər tərəfdən sənayeləşmə və şəhərləşmə kimi amillər həm ətraf mühitin çirklənməsinə, həm də qlobal istiləşməyə gətirib çıxardı. Nəticədə hazırda dünyanın təbii ehtiyatları tükənir və ekoloji tarazlıq təhlükə altındadır. Bir zamanlar dünyanın ən böyük aysberqi olan “A68”in bir çox xırda parçalara ayrılması da bunlardan biridir.
Musavat.com sözügedən məsələ haqqında ətraflı detalları təqdim edir.
“A68” 2017-ci ilin iyul ayında Antarktika sərhədindəki Larsen C buz dağından qopduğu zaman 5800 kvadrat kilometr böyüklüyündə idi. “A68” qopduqdan sonra axıntılar və şiddətli küləklərin təsiri ilə sürətlə şimala doğru sürüklənib. ABŞ Milli Buz Agentliyi peyk şəkillərində aysberqin saysız-hesabsız hissələrə bölündüyünü və artıq onu izləməyin mümkün olmadığını açıqlayıb.
Buzdağının çox hündür olmaması da əriməsinə səbəb olan hallardandır. Ortalama boyu təxminən 230 metr idi. Bir çox mütəxəssislər “A68”in qopması və əriməsinin təbii bir proses olduğunu söyləyirlər.
Bir çox ölkədən olan alimləri bir araya gətirən araşdırmaya görə, dünyanın yalnız 3 faizi ekoloji olaraq sağlam və bütöv qalıb.
“Ekoloji cəhətdən sağlamdır” termini, sağlam populyasiyaya sahib olan bütün orijinal heyvan növlərinin və bütöv yaşayış yerlərinin mövcudluğu kimi müəyyən edilir. İnsan fəaliyyətindən zərər görməyən bu təmiz ərazilər Amazonlar, Konqodakı tropik meşələr, Şərqi Sibir və Kanadanın şimal hissəsindəki meşələrdir.
