Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Musavat.com xəbər verir ki, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov çıxış edərkən bildirib ki, Vətən müharibəsində şanlı qələbə ilə yadda qalan 2020-ci ildə də insan alverinə qarşı mübarizə, bir an belə səngiməyib.
Milli Koordinator deyib ki, pandemiya paralel olaraq cinayətkar qruplar üçün də imkanlar açıb:
“Dünyada məcburi əmək, insan alveri kimi cinayətlər xeyli artıb. Koronavirus infeksiyasına qarşı ölkədə tətbiq edilən tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib. Bununla belə, insan alverinə qarşı fəaliyyət daim diqqət mərkəzində olub”.
S.Əzimov qeyd edib ki, BMT-nin hesabatına görə, dünyadakı hər 100 min nəfərə 13 qurban düşdüyü halda, bizdə 1 nəfər təşkil edir.
İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc çıxışında hesabatı yüksək qiymətləndirib. Azərbaycan polisinin pandemiya dövründəki fəaliyyətini yüksək qiymətləndirən komitə sədri əlavə edib ki, biz görülən işləri beynəlxalq məkana təqdim etməliyik.
